“Uşaq kitab karvanı” haralardan keçdi?
Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
“Uşaq kitab karvanı” layihəsi Mədəniyyət Nazirliyinin
dəstəyi ilə növbəti dəfə gerçəkləşib.
“Uşaq kitab karvanı” oktyabrın 22-dən
29-dək Zərdab, Ucar,
Göyçay, Ağdaş,
Yevlax, Mingəçevir,
Bərdə, Tərtər
şəhər və
rayonlarından keçib. Səfər
zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Zahid
Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın oxucularla görüşləri, kitab
təqdimatları və
imza saatları keçirilib.
Tədbirlərdə Respublika Uşaq Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi Şəhla
Qəmbərova, kitabxananın
əməkdaşları layihə
ilə bağlı ətraflı məlumat verib. “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə
çevrilərsə, həmin
cəmiyyət xoşbəxt
olar. Məlumdur ki, mütaliənin
əsasını kitablar
təşkil edir.
Kitab bəşər mədəniyyətinin
ən böyük nailiyyətlərindən biridir”,
– deyə Ş.Qəmbərova
vurğulayıb.
Diqqətə çatdırılıb ki,
bu gün ənənəvi kitablarla
yanaşı, elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının “Bərpanəşr”
layihəsi çərçivəsində
ərsəyə gətirdiyi,
jest dilinə tərcümə
olunmuş MP4 formatda elektron kitablar da xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqlar üçün
brayl əlifbası ilə çap olunmuş 11 adda kitab da rayon kitabxanalarına hədiyyə
edilib. Şəhər və rayon MKS-lərin
hər birinə 400 kitab təqdim olunub.
Bölgələrdə keçirilən tədbirlər
uşaqların ifasında
sevimli yazarların şeirləri ilə başlayıb. Uşaqlar vətənə, kitaba, elmə həsr olunmuş şeirlər söyləyib, ədəbi
dilimizin formalaşmasında
mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının
nümayəndəsi, böyük
mütəfəkkir və
şair İmadəddin
Nəsimi ilə bağlı bədii kompozisiya nümayiş etdiriblər.
Qeyd edək
ki, “TEAS Press” Nəşriyyat
evinin (“3 alma”) və Respublika Kitabxana Kollektorunun da hər bir bölgə
üçün kitab
hədiyyəsi olub. Hədiyyə
olunan nəşrlərin
kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində
səyyar xidmətlə
uşaqların mütaliəsinə
verilməsi tövsiyə
edilib.
2011-ci ildən etibarən həyata
keçirilən “Uşaq kitab
karvanı” layihəsinin başlıca məqsədi bölgələrdəki
kitabxanaların uşaq şöbələri
və filiallarında oxucuların sorğularını təmin
etməklə kitaba olan
ehtiyacın mümkün dərəcə
ödənilməsidir. Ötən müddətdə kitab karvanı 40-dək rayon-şəhərdə
olub, yerlərdəki kitabxanalara
ümumilikdə 30 mindən çox
nüsxə uşaq ədəbiyyatı hədiyyə
edilib.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.5.