Mədəniyyət naziri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

 

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 30-da Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri – lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının RusiyaAvrasiya məsələləri üzrə direktoru Sam Kliger və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixiarxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.

Nazir həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni irsinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayan Əbülfəs Qarayev qeyd edib ki, uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Quba rayonunda dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbə buna bariz nümunədir. Nazir Azərbaycan Prezidentinin dəstəyi ilə mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən qlobal əhəmiyyətli tədbirlər, “Bakı Prosesi” çərçivəsində reallaşdırılan forumlar barədə qonaqları məlumatlandırıb. İki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev İsrail dövlətinin də tədbirdə aktiv iştirak etdiyini deyib.

Vurğulanıb ki, belə beynəlxalq tədbirlər ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Baş redaktor Rafael Nektalov Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təhsil-təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təklif və istəklərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.2.