Qəlbindən keçənlər nədir,
“Gecəki qadın”?
Akademik Rus Dram Teatrında kiçik tamaşa salonunun yubileyli açılışı
Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında kiçik tamaşa salonunun açılışı keçirildi. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri
Mixail Boçarnikov, tanınmış incəsənət
xadimləri iştirak
edirdi.
Açılış münasibətilə görkəmli
aktrisa, bu günlərdə 75 illik yubileyini qeyd edən Xalq artisti Lyudmila Duxovnayanın
iştirakı ilə
“Gecəki qadın” monotamaşası nümayiş
olundu.
Tamaşadan öncə çıxış
edən teatrın baş rejissoru, Xalq artisti Aleksandr
Şarovski bildirdi ki, belə yığcam,
tamaşaçı ilə
aktyorun çox yaxın ünsiyyətdə
olduğu kiçik səhnəyə bütün
teatrlarda ehtiyac var. Baş rejissor ötən əsrin əvvəllərində İsveçdə
meydana gələn “məhrəm teatr” anlayışının bu
cür məkanlar üçün ən doğru təyin olduğunu dedi. O teatrın necəliyini, hansı tamaşaların hazırlandığını bilməsək
də, gerçəkdən
Rus Dram Teatrının
xəfif işıqlı,
dəhlizdən adi arakəsmə ilə ayrılan kiçik səhnəsi tamaşaçıda
kamera teatrı anlayışının kökündəki
“otaq teatrı” seçdirməsinə tam uyğun
gəlir.
Tamaşa
barədə məlumat
verən A.Şarovski dedi ki, bu
tamaşanı Lyudmila Semyonovna
ilə birgə əməkdaşlıqdan zövq
alaraq işlədim. Quruluşçu rejissor əmin
olduğunu bildirdi ki, seyrçilər də həm mətndən, həm də aktrisanın peşəkarlığı, istedadı
və məsuliyyətini
bir araya gətirərək yaratdığı
Qadın obrazından zövq alacaqlar.
Bu yerdə baş
rejissor teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi
Valentina Reznikovaya da təşəkkürünü
bildirdi. Məhz onun yüksək ədəbi zövqlə tərtib etdiyi poetik tamaşada Vilyam Şekspirin sonetləri və rus poeziyasının ən seçkin isimlərindən Marina Svetayeva,
Anna Axmatova, Aleksandr Vertinski, Vladimir Mayakovski, Yevgeni
Yevtuşenko, Tatyana Bek,
Andrey Voznesenski, Olqa Aqur və Sergey Markovun qadın qəlbinin dərinliklərini
və gözəlliklərini
əks etdirən şeirləri məntiqi ardıcıllıqla düzülərək
vahid kompozisiya kimi qurulub. Tamaşanın
quruluşçu rejissoru
Xalq artisti Aleksandr Şarovski, dekorasiya və geyim üzrə rəssamları Aleksandr Fyodorov və Olqa Abbasova, musiqi tərtibatçısı (L.Eynaudi,
İ.Brams, F.Şubert
və N.Rotanın musiqilərindən seçmələr)
Əməkdar mədəniyyət
işçisi Vladimir Neverovdur.
***
…Tamaşa başlayır. İncə nəbati naxışlı
arakəsmənin arxasından
çıxan uzun qara libaslı aktrisa ilk addımı və tamaşaçılara
saldığı ilk baxışı
ilə deyir ki, siz burada
zamanın necə keçdiyindən xəbər
tuta bilməyəcəksiniz.
Çünki bu alatoranda,
içimizi tərpədən
musiqinin sədaları
altında elə şeirlər eşidəcək,
həmin şeirlərin
yaratdığı elə
ovqata düşəcəksiniz
ki, sizin üçün zaman da dayanacaq, məkan
da mənasını itirəcək. Və hər
kəs bir-birinin qəlbini görəcək.
İri, XIX əsrin əvvəlindəki iş
otağı mebelini xatırladan yazı masası, onun üstündəki qoşa
şamdan, yarımçıq
viski şüşəsi,
iki qədəh. Aktrisa masanın arxasına keçib yerini rahatlayır və tamaşa başlayır.
Şeirlər bir-birinin ardınca
düzülür, bir
qadının dilindən
bir neçə qadın taleyi danışılır. Bu qadın gah sehrbaz sandığı kimi masanın içindən çıxan
gül dəstəsini
bağrına basan, sevgilisini gözləyən
yaradıcı qadındır,
gah güllü şalına bürünən
müdrik ağbirçək,
gah özü şeir yazan şairə, gah şamlarla söhbət edən pərvanə misallı məşuqə,
gah özünü sirk artistinə oxşatmaqdan çəkinməyərək
gözlük qarışıq
burun taxaraq cansıxıcı məmur,
gah da əsl
nənə kimi başına yaylıq örtüb “ömrüm,
günüm, güzgü,
de” söyləyərək əlindəki aynanın yaşını azaldacağını,
gözəlliyini vəsf
edəcəyini gözləyir.
Beləcə, sinədəftər
şair kimi şeirləri bir-birinə
calayan, bu şeirlərin hər birinə öz münasibətini, öz ovqatını səxavətlə
paylayan L.Duxovnaya ilə 50 dəqiqə bir an kimi
tez keçir.
***
Beləcə, yubilyar aktrisa “Gecəki qadın” ilə teatrsevərlərə
sürpriz seyr yaşatdı. Demə, aktrisanın özünü
də sürpriz gözləyirmiş.
Tamaşa
bitincə zalın önünə keçən
Mədəniyyət naziri
Əbülfəs Qarayev
teatrı və ifaçını təbrik
edir: “Belə poetik tamaşadan sonra çıxış
etmək, söz demək çətindir. Lyudmila xanımın gözəl və fərqli obrazlar yaratdığı bu tamaşanı yalnız “Hülya-həzrət Qadın”
adlandırmaq olar.
Yəqin
bu gün mənim həm də çox mühüm və məsul tapşırığı
yerinə yetirmək üçün burada olmağım da bir qanunauyğunluqdur.
Yeni teatr-tamaşa məkanının açıldığı,
böyük və şərəfli yaradıcılıq
yolu keçmiş və bu yolda
uğurla davam edən görkəmli aktrisanın öz yubileyi münasibətilə
monotamaşa oynadığı
bu gündə ona Azərbaycan Prezidentinin sərəncamı
ilə təltif edildiyi “Şöhrət” ordenini təqdim etmək istəyirəm”.
Nazir ordeni sənətkara təqdim etdi.
Xalq artisti
Lyudmila Duxovnaya sənətinə
və əməyinə
verilən yüksək
qiymətə görə
dövlət başçısına
minnətdarlığını bildirdi.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.1;3.