“Böyük Volqa Yolu” təşkilatı Mədəniyyət nazirini təltif edib
Mədəniyyət naziri Əbülfəs Qarayev həmin gün “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı İdarə heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb.
Görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı beynəlxalq konfrans haqqında məlumat verilib.
Konfransın moderatorlarından olmuş Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə Mədəniyyət naziri Əbülfəs Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib.
Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb.
“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.
Kulturoloq, professor
Fuad Məmmədov beynəlxalq konfransın
təşkilində nazirlik tərəfindən
göstərilən dəstəyə və qəbula görə
Əbülfəs Qarayevə təşəkkürünü bildirib.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.4.