İlham Nəzərovun albomu Parisdə mükafata layiq görülüb

 

 

 

Əməkdar artist, tanınmış vokalçı İlham Nəzərov Parisdə keçirilən beynəlxalq müsabiqədə yüksək mükafata layiq görülüb. İfaçının bu il işıq üzü görən Frans ŞubertinQu quşunun nəğməsi” D.957 vokal silsiləsindən ibarət “Həsrətə son” adlı albomu “2019-cu ilin ən yaxşı təfsirçiləri” müsabiqəsində qalib olub.

Bu uğur ona Parisdə 2020-ci ildə iki konsert vermək imkanı yaradıb.

Qu quşunun nəğməsi” vokal məcmuəsi F.Şubertin ömrünün son dövründə yazdığı mahnılardandır. Silsilə 14 mahnıdan ibarətdir. İ.Nəzərovun ifasının ən vacib xüsusiyyəti əsəri kontratenor səs tembri ilə ifa etməsidir. Belə ki, F.Şubertin vokal silsiləsinin kontratenor səs tembri ilə ifa olunması dünyada bir ilkdir. Müğənninin bu müvəffəqiyyəti Azərbaycan vokal ifaçılıq sənətinin dünyada tanınmasına daha bir töhfədir.

Qeyd edək ki, İ.Nəzərov bu əsəri ilk dəfə martın 27-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında keçirilən konsertdə ifa edib. Böyük dinləyici rəğbəti ilə qarşılanan konsert ifaçının növbəti uğura imza atmasına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.8.