Azərbaycan kitabları İstanbul sərgisində

 

 

Ölkəmiz beynəlxalq sərgidə iki stendlə təmsil olunur

 

Noyabrın 2-də 38-ci İstanbul Beynəlxalq Kitab Sərgisi işə başlayıb. TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən sərgiyə 800-dən çox yerlixarici təşkilat, nəşr evi qatılıb. “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki sərginin proqramına 300-dək tədbir daxildir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın İstanbuldakı Baş konsulluğunun dəstəyi ilə ölkəmiz sərgidə iki xüsusi stendlə təmsil olunur.

Beynəlxalq salondakı milli stend 4 gün (2-5 noyabr) fəaliyyət göstərib. “Zəngin Yayınçılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün – sərgi bağlananadək fəaliyyət göstərəcək.

Sərgidə Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fonduyerli nəşriyyatlar tərəfindən çap olunan, ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələri əks etdirən 300 adda 600 nüsxədən çox kitab təqdim edilir.

Eyni zamanda Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.

Azərbaycan bölməsində, həmçinin “Kaspi” nəşrləri seriyasından ümummilli lider Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyat xadimləri ilə bağlı kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Milli stenddə quraşdırılmış monitorda ölkəmizin tarix-mədəniyyət abidələri, müasir memarlığı, ədəbiyyat xadimləri, xalq yaradıcılığı və musiqisi barədə videoçarxlar nümayiş olunur.

Sərgini ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan bölməsinə də baş çəkib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Aslan Cəfərov ölkəmizin sərgidə iştirakı, “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi barədə nazirə məlumat verib. Nizami Gəncəvinin türk dilinə tərcümə edilən “Xəmsə”si və Nəsiminin “İraq Divanı” nazirə hədiyyə edilib.

Milli stenddə nümayiş olunan kitabların əsas hissəsinin sərginin sonunda ziyarətçilərə paylanması, bir qisminin isə Türkiyədəki kitabxanalara hədiyyə olunması nəzərdə tutulub.

***

Noyabrın 3-də İstanbul Beynəlxalq Kitab Sərgisində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın “Yurd sevdası” kitabının təqdimatı olub.

2019-cu ildə Türkiyənin “Zəngin yayınçılıq” nəşriyyatı tərəfindən çap olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam mövzularında 100-dən çox şeiri yer alıb.

Təqdimatda kitab haqqında danışan Y.Şən Azərbaycan coğrafiyasının türk dünyasında tarix boyunca ən ağrılı bölgələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, tarix boyu ərazisində davam edən qanlı müharibələrə, qırğınlara, qətliamlara, bölünmələrə baxmayaraq Azərbaycan türklüyü yüksək səslə dünyaya çatdırıb və çatdırmağa davam edir. Sona Vəliyevanın atalarımızdan qalan bu müqəddəs mirasa sahib çıxmaq istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini bildirən yazıçı onun şeirlərində vətənə, insana olan sevginin ən ülvi hisslərlə büruzə verildiyini qeyd edib.

Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və türk şairlərinin fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyənin Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver,  Türkiyədə yaşayan azərbaycanlılar və türkiyəli oxucular iştirak ediblər.

38-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan stendinin fəaliyyət proqramına Nizami Gəncəvinin türk dilinə tərcümə edilən “Xəmsə”sinin və Nəsiminin “İraq Divanı”nın təqdimatı da daxildir.

Sərgi noyabrın 10-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.1-2.