“Qızıl nar” uğrunda 21 ölkədən 48 film yarışacaq
Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır.
Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarətdir. Festivalın baş mükafatı – “Qızıl nar” uğrunda 21 ölkədən 48 film yarışacaq. Filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.
Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.
Filmlər 6, 7, 8, 9 noyabr tarixlərində saat 11-16 arası Nizami Kino Mərkəzində nümayiş olunacaq. Seanslara giriş sərbəstdir.
Festivalın
bağlanış-mükafatlandırma mərasimi noyabrın
9-da Beynəlxalq Muğam Mərkəzində
keçiriləcək.
Mədəniyyət.- 2019.- 6
noyabr.- S.1-2.