Daşkənddə Məhəmməd Füzuli adına mərkəz

 

 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şair Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında yaradılan mərkəzə Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə nəşrlər, əyani vasitələr hədiyyə edilib. Mərkəzdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin portretləri, Füzulinin kitabları, əsərlərinə çəkilən miniatürlər yerləşdirilib.

Mərasimdə çıxış edən AMM-in direktoru Samir Abbasov mərkəzdə azərbaycanlı alimlərin, şair və yazıçıların iştirakı ilə görüşlərin, mühazirələrin, sərgi və seminarların təşkil olunacağını, burada yaradılan kitabxananın Azərbaycana dair yeni nəşrlərlə təmin ediləcəyini söyləyib.

Universitetin rektoru, professor Şuxrat Siracəddinov Məhəmməd Füzulinin yaradıcılığına Özbəkistanda böyük sevgi olduğunu, elm, təhsil və ədəbi əlaqələr sahəsində mərkəzin xalqlarımız arasında dostluq, əməkdaşlıq sahəsində bir körpü rolunu oynayacağını vurğulayıb. Rektor yaradılan mərkəzə görə AMM-ə təşəkkür edib.

Açılış mərasimində iştirak edən alimlər mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan dilinin tədrisi, habelə Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını bildiriblər və mərkəzin işinə uğurlar arzulayıblar.

Sonda Samir Abbasov mərkəzə Azərbaycan xalçası və suvenirlər bağışlayıb.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.1;4.