Milli İncəsənət Muzeyi Asiya Milli
Muzeylər Assosiasiyasına üzv olub
Kuala-Lumpur şəhərində (Malayziya) Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib. 29-31 oktyabrda gerçəkləşən toplantıda Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Nərgiz Abdullayeva iştirak edib.
Konfrans çərçivəsində Yaponiya, Çin, İndoneziya, Vyetnam, Tailand, Şimali Koreya, Nepal, Kamboca, Sinqapur, Oman, Qazaxıstan milli muzeylərinin son iki il ərzində fəaliyyətilə bağlı təqdimatlar olub.
Tədbirdə həmçinin Nərgiz Abdullayeva tərəfindən ölkəmizin aparıcı muzeylərindən olan Milli Xalça və Milli İncəsənət muzeyləri ilə bağlı təqdimat təşkil edilib. Təqdimatda bu mədəniyyət ocaqlarının həyata keçirdiyi layihə və proqramlardan söz açılıb. Hər iki muzeyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Təqdimatdan sonra səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilib.
Tədbir çərçivəsində Yaponiya, Çin və digər ölkələrin milli muzey direktorları ilə görüşlər keçirilib, əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Konfrans iştirakçıları Malayziyanın məşhur Kral Sarayı, Milli və Tekstil muzeylərinə baş çəkib, UNESCO-nun Dünya irs siyahısında yer alan Malaka şəhərinə səfər ediblər.
Qeyd edək ki,
Asiyadakı milli muzeylər arasında
mübadilə və əməkdaşlığın təşviqi
məqsədilə yaradılan ANMA-nın 16 üzvü
var. İki ildən bir assosiasiyanın konfransı təşkil olunur. Qurumun növbəti
konfransı 2021-ci ildə Omanda
keçiriləcək.
Mədəniyyət.- 2019.- 6
noyabr.- S.4.