Mədəniyyət naziri
tanınmış rusiyalı rəssamla görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 7-də Bakıda səfərdə olan məşhur rusiyalı rəssam, heykəltəraş Mixail Şemyakinlə görüşüb.
Nazir görüşdə qonağa Azərbaycan dövlətinin mədəniyyət siyasəti, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də diqqətdə saxlanılır.
Mixail Şemyakin səmimi qəbula görə öz minnətdarlığını ifadə edərək vurğulayıb ki, bu, onun ölkəmizə ilk gəlişidir. Buna baxmayaraq, Azərbaycanın mədəni həyatı onda olduqca xoş təəssüratlar yaradıb.
Əslən Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasından olduğunu deyən rəssam Azərbaycanla onu xoş münasibətlərin bağladığını bildirib. Qeyd edib ki, onun bacısı Azərbaycanın indiki Göygöl (Xanlar) rayonunda dünyaya gəlib.
Mixail Şemyakin onu da diqqətə çatdırıb ki, səfər zamanı müxtəlif görüşlərdə iştirak edəcək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.
Söhbət zamanı rəssamın ölkəmizdə sərgisinin təşkil edilməsi və onunla əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki,
Mixayıl Şemyakin 1943-cü ildə anadan olub. O, Rusiya Federasiyasının Dövlət
mükafatı laureatı, Adıgey və Kabarda-Balkar
respublikalarının Xalq rəssamıdır.
Sovet vaxtı bir
müddət ABŞ-da mühacirətdə
yaşayıb. Əsərləri Rusiya ilə
yanaşı, ABŞ, Fransa, Braziliya, İsrail və
digər ölkələrin muzeylərində
saxlanılır.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.2.