“Rəssam ətraf aləmi düzgün
görərsə, yalnız o zaman əsl sənət yarada
bilər”
Bakıda səfərdə olan tanınmış rusiyalı rəssam Mixail Şemyakin noyabrın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçdi.
Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov tələbələrə qonaq haqqında məlumat verdi. Bildirdi ki, məşhur sənətkarla bu görüş tələbə-rəssamlar üçün əlamətdar hadisə olmaqla yanaşı, həm də onlara sənətin incəliklərini öyrənməkdə yardımçı olacaq.
Mixail Şemyakin akademiyanın müəllim-tələbə heyətini salamlayaraq Bakıda olmağından məmnunluğunu ifadə etdi. Tələbələrə xitab edən rəssam diqqətə çatdırdı ki, 80-ə yaxın yaşının olmasına baxmayaraq, o bu gün də axtarışdadır. Müşahidə etmək, maraqlanmaq, diqqətli olmaq rəssam üçün başlıca keyfiyyətdir. Əsasən də gənc yaşlarda: “Yaş artdıqca isə insan nəyisə diqqətdən qaçıracağından qorxur və daha da çox işləməyə can atır. Bu səbəbdən də mən həyatın bütün sahələri ilə maraqlanmağa meyil edirəm. Bütün tələbələrimə həmişə düzgün baxış, düzgün görməyi öyrətmişəm. Rəssam yarpaqları, gülləri, hətta divarları belə düzgün görərsə, yalnız o zaman əsl sənət yarada bilər. Da Vinçinin dediyi kimi, əgər siz divarda nəmdən yaranmış ləkəni düzgün görsəniz, siz orada elə şəkillər aşkar edərsiniz ki, bəlkə bu heç ağlınıza da gəlməzdi. Bu gün siz də mənim tələbələrim sayılırsınız və çalışıram ki, mühazirələrimin çox kiçik bir hissəsini də sizinlə bölüşüm”.
Daha sonra rəssam tələbələri maraqlandıran sualları cavablandırdı. Onlara dünya qalereyalarında rastlaşdığı maraqlı sənət əsərləri ilə bağlı məlumatları çatdırdı. Həmçinin hazırda dünyada daha çox yayılan müasir sənət cərəyanlarından, bu cərəyanların gənc nəslə müsbət və mənfi təsirlərindən söz açdı. Bildirdi ki, XX əsr avanqard incəsənətində tüğyan edən konseptualizm cərəyanına meyil çoxalıb və bütün sənət növlərində özünü göstərməkdədir. Konseptualizmin əsas özəlliyi odur ki, sənət nümunəsinin xarici görünüşü yox, onun istifadəçidə yaradacağı fikri əsas götürür. Özü də bu fikir çox vaxt ziddiyyətli və bir-birini inkar edən olur.
Ustad dərsindən sonra rəssamla qısa söhbət etmək imkanımız oldu.
- Mixail Mixayloviç, Bakıya ilk gəlişinizdir, amma sizi Azərbaycanla bağlayan xoş münasibətlərin olduğunu demisiniz?
- Bəli, düz deyirsiniz. Sizə bir sirr açım ki, mənim babam Azərbaycandandır, Bakıda doğulub. Biz uşaq olanda bacım və mən tez-tez indiki Göygöl rayonuna gələr, babamın yanında qalardıq. Məni dünyada Amerika və Rusiya rəssamı kimi təqdim edirlər. Mən isə həmişə deyirəm ki, Şimali Qafqazlıyam və ömrümün sonuna kimi Qafqaz mənim qəlbimdədir. Kabarda-Balkarın – əsl vətənimin və Adıgeyin Xalq rəssamı adını daşımaq da mənim üçün şərəfdir.
- Bakının muzeylərini ziyarət edəcəksinizmi?
- Əlbəttə. Dünən Xalça Muzeyində oldum. Bu muzey mənim çox xoşuma gəldi. Onu da qeyd edim ki, bu muzeydə Butunay adlı rəssamın instalyasiyası diqqətimi çəkdi. Bu əsəri çox bəyəndim. Çox qeyri-adi layihə və düşündürən sənət əsəri idi.
- Bir az da fəaliyyətinizdən danışaq…
- Bilirsiniz ki, mən Rusiya “Mədəniyyət” kanalında 21 filmin ərsəyə gəlməsinə nail oldum. Bu filmlər muzeylərə həsr olunmuşdu. Bundan əlavə, kitablar yazıram, elmi ekspozisiyaların hazırlanmasında yaxından iştirak edirəm. Rus dilinin tədqiqi ilə bağlı layihə üzərində çalışıram. Bütün dünyada bilmirəm vəziyyət necədir, amma biz Rusiyada artıq rus dilini itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Baxmayaraq ki, bu dil mənim ana dilim deyil, amma biz bu dilin qorunması və lüğətinin yaradılması məsələsi ilə məşğuluq. Hazırda tələbələrimlə illüstrasiyalarla dilə qayıdış adlı layihəni işləyirik. Bu, uşaqlara dili anlamaq baxımından əhəmiyyətli bir işdir.
- Gənc rəssamlara münasibətiniz necədir?
- Gənc rəssamlara münasibətim yaxşıdır. Gənc nəsil hazırda çətin vəziyyətə düşüb. Çünki bizim dövrümüzdə çoxsahəli olan rəssamlıq vardı, bu gün artıq bu sahələrin bir çoxu öz əhəmiyyətini itirib. Düzdür, o dövrün də çətinlikləri var idi. Amma məni narahat edən ən böyük problem ucuz əsərlərin baha qiymətə insanlara satılmasıdır. Gənclər toplu şəkildə bu işlərin qurbanı olurlar. Onlar öz ən aşağı səviyyəli əsərlərini belə yüksək qiymətə satmaq düşüncəsi ilə yaşayırlar. Əsl problem budur. Onlar bu səbəbdən iki yolayrıcında qalırlar – öyrənmək, öz üzərində işləmək, yoxsa ağlına gələni kətana köçürüb pul qazanmaq. Hər bir professor və müəllim auditoriyaya girərkən öz tələbələrinə ilk növbədə bu yolların seçimi ilə bağlı istiqamət verməli, əsl peşəkar yetişdirməlidir.
- Bizim Rəssamlıq Akademiyası ilə bağlı fikirləriniz?
- Çox gözəl bir tədris ocağıdır. Bir az bundan
əvvəl akademiyanın
otaqlarının birində
gənc tələbə
qızın xalça
ornamentləri işlədiyinin
şahidi oldum. Bu ənənələr qorunaraq davam etdirilməlidir və bu onu göstərir
ki, akademiyada ənənələr qorunur
və ciddi sənət təbliğ edilir.
- Müsahibəyə görə təşəkkür edirik.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.2.