Oqtay Eloğlu” ilə görüşə az qaldı

 

 

…Məşqə gəlmişik. Həm də ikiqat məşqə. İkiqat məşq necə olur? Tələsməyin. Cavabımız budur ki, teatra gəlib yeni tamaşanın necə hazırlandığı ilə maraqlanırsan. Və görürsən ki, səhnə məşqi gedən tamaşada da məşq gedir. Bəli, düz tapdınız. BizOqtay Eloğlu” tamaşasının məşqinə gəlmişik...

Səhnə əsəri Cəfər Cabbarlının 120 illik yubileyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sənət töhfəsidir. Düzdür, Cabbarlının “Aydın” pyesi illərdir  ki, teatrın repertuarındadır, amma olsun. Kollektiv yubiley münasibətilə yeni tamaşa hazırlamaq istəyirsə, üstəlik, bu tamaşaya xeyli yenilik gətirəcək rejissor təxəyyülü varsa, elədə bütün ömrünü teatra həsr etmiş Cəfər Cabbarlının teatrdan bəhs edən iki pyesindən birinə yeni səhnə həyatı bəxş etməyə dəyər.

Qismətə bax ki, biz məşqi izləmək imkanı qazandığımız gün əsərin ikinci pərdəsinin, teatrın tamaşaçıya sirli qalan məşq prosesini, aktyorların tərəfdaş deyil, rəqib, yaxud yoldaşı kimi davranışını, tənqidə münasibətini göstərən səhnələrin məşqi gedir.

Quruluşçu rejissor, Xalq artisti Vaqif Əsədovla fasilədə söhbət edə biləcəyimiz fürsəti gözləyərək (amma haradan?) məşqə baxırıq. Vaqif müəllim isə səhnədədir. Məşq otağından səhnəyə düşmüş aktyorlarla son səhnə mizanlarını quran rejissor bütün aktyorlara nə etməli olduğunu deməklə kifayətlənmir, səhnədə dayanıb onların hər birinin yerinə oynayır. Gördüklərimizi olduğu kimi sözlə çatdırmaq çətin olsa da, hər halda cəhd edirik.

Beləliklə, Xaspolad (Vüqar Məmmədəliyev), Şəkinski (Manaf Dadaşov), Mazandaranski (əvvəlcə Elşən Çarhanlı, sonra da Vahid Orucoğlu), Dursun (Ramil Məmmədov), Rejissor, həm də Aslan bəy (Elşən Hacıbabayev, sonra da Anar Seyfullayev), Şahqulu (Elşən Şıxəliyev, sonra da Xaliq Bəkirov), Tamara (Könül Əbilova) səhnədədirlər. Tamaşadakı rejissor səhnənin sağ küncündə yerini tutubsa, tamaşanın rejissoru tən ortadadır. Hərdən Vaqif müəllim o qədər rola girir ki, bir anlıq onun göstəriş rolu oynayan qeydləri adama tamaşanın mətni təsiri bağışlayır.

 

…Məşqə gəlmiş aktyorlar bir küncdə dayanıb nə üstündəsə mübahisə edirlər. Nəhayət, Rejissorun öz köməkçisi Dursuna “təpinməyindən” sonra məşq başlayır. Amma bu başlanğıc Vaqif müəllimi təmin etmir, elə Rejissoru oynayan Elşən Hacıbabayev də narazıdır. Bəlkə o, narazı olmazdı, əgər Vaqif Əsədov onun tamaşa içindəki obrazını “özündən çıxmağa vadar etməsəydi”.

 

Vaqif  Əsədov. “Manaf, sən də “Mən” deyib sözünə başlayanda məni xüsusi vurğula! Çünki sənin Oqtayı bəyənməməyin, onunla intriqa aparmağın hiss olunmalıdır, tamaşaçıya çatmalıdır. Sonrakı pərdədə Rejissordan israrla Oqtaya tapşırdığı rolu sənə verməyini istəyəcəksən! İndi dediyin sözlərlə həmin istək duyulmalıdır... Bax, Elşən, sən artıq görürsən ki, bunlar arxadakı pıç-pıçın əsəbini məşqə gətiriblər, bir-birilə istehza ilə danışırlar. Heçbaşa düşmürsən, ona görə də münasibətini bildirməlisən…

 

Elşən Hacıbabayev. Yaxşı.

Vaqif Əsədov. Bir də həmin yerdən.

 

Şahqulu. Robert Adelqeym başını qəbirdən qaldırıb ona mərhəba, mərhəba dedi.

Şəkinski. Mən elə kağızlara bir belə də qiymət vermərəm. O nə anlayır?

Şahqulu. Nə oldu, elə bir tək sən anladın?

Mazandaranski. Yaxşı, yaxşı ey, ağzını ayırma? necə oldu?

Rejissor. Saxla! Neynirsiz, alə?! Ay kişi, mənə komediya lazımdır! Əsərkomediyadır! Oynayın! Başlayın!

 

Bu dəfə həmin söhbət yenidən təkrar olunur. Amma Şahqulu “Robert Adelqeym başını qəbirdən qaldırıbdeyən kimi aktyor Elşən Şıxəliyev özündən ixtiyarsızvay, dişim!” deyib ağzını əli ilə tutur. Qəfildən qalxan diş ağrısına aktyorun reaksiyası gülüş doğurur. Vaqif müəllim gülür: “Elşən, saxla bunu, yerinə düşürdeyəndən sonra məşq yenidən davam edir. Eyni səhnə bu dəfə gülə-gülə davam edir. Vaqif müəllim yenidən Elşən Hacıbabayevə Rejissor köməkçisini oynayan Ramil Məmmədova müraciət edir: “Elşən, sən görürsən ki, bunlar hər sözü gülə-gülə deməklə səni lağa qoyurlar, çünki komediya oynamaq ayrıdır, bunların elədiyi bir başqa! Ramil, sənin bir gözün Elşəndədir. Görürsən ki, o, artıq təbdən çıxır. Anlayırsan ki, aktyorları sakitləşdirmək üçün əlindəki qəzetdən resenziyanı oxumaq lazımdır. Hansı aktyor haqqında yazılanı oxuyursansa, onun üstünə gedirsən, mənalı-mənalı onu süzürsən. Oqtay haqqında yazılana çatanda da Rejissora tərəfə gedirsən. Başladıq!”.

Yazının məşqdən fərqi budur ki, mətndə təkrara yol verməməlisən. Odur ki, biz Robert Adelqeyminmərhaba-mərhəba”sının aktyorlar arasında başlayacaq lağ-lağı dolu mübahisəsinin üstündən keçib rejissor köməkçisi Dursunun oxuduğu resenziyada dayanırıq. Bəs necə, bu epizod bizə peşəkarlıq baxımından maraqlıdır. Görəsən, teatrların foyesindəki lövhələrə vurulan tənqidi yazılara aktyorların münasibəti necə olur?

 

Dursun. Şəkinski rolunda çox zəif idi.

Şəkinski. Axı o nə anlayır? Bilirsən, bunlar hamısı şəxsi-qərəzdir. Hər yetən gəlib mənə resenziya yazacaq.

Mazandaranski. Bundan sonra gərək Şəkinski üçün Parisdən naloj-platyoj bir ressenzent gətirdək ki, onun üçün resenziya yazsın. Çolaq atın kor nalbəndi olar də!

Şəkinski. Çox da, bir şey də anlasın da! Yox, nə oldu həmişə Oqtay belə-belə, o birilər biri belə gəldi, biri belə getdi.

Mazandaranski. Olmaya, deyəcəksən Oqtaydan da yaxşı oynayıram?!

Şahqulu. Dedi dedi də. Göz görmür, üz utanmır.

Şəkinski. Çox da yaxşı oynayır. Bəs heç bir nöqsanı olmaz! Versin mənə rol, görər.

Mazandaranski. Yaxşı , ay Şəkinski! Sən daha dur görək .

 

Vaqif müəllim: Baxın, uşaqlar, sizin bu səhnədə dediyiniz hər kəlmənin yükü var. Sonrakı səhnələrdə indiki münasibətinizin əksi görünəcək. Buna görə də dediklərinizin vurğusuna, ifadə etdiyi hisslərə diqqət yetirin. Manaf, hələlik iradlarını üçüncü şəxsin vasitəsilə rejissora çatdırırsan, ona eşitdirirsən. Sonra isə qabağını kəsib düz üzünə deyəcəksən. Ramil, sən də adı çəkən kimi dayan, nəfəs al, pauzadan sonra davam et. Bir də həmin yerdən!...

 

Maşallah, nə aktyorlar yorulur, nə də Vaqif müəllim! Saat 11-də başlayan məşq  saat 15-dək davam edir. Hər iki Oqtay – Əməkdar artist Şövqi HüseynovElnur Kərimov, hər iki Firəngiz – Səbinə Məmmədova və Günel Məmmədova ikinci pərdədəki səhnələrini rejissor ilə birlikdə oynayırlar.

 

Nəhayət, Vaqif müəllim aktyorlara məşq bitdi deyib, salona düşür. Artıq səhnədə sabahkı tamaşanın dekorları qurulur, dekor bərkidən çəkicin, digər alətlərin tap-turupu altında quruluşçu rejissor ilə tamaşa barədə söhbət etməyə macal tapırıq.

- Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri onun ən səmimi pyeslərindəndir. Ona görə yox ki, bizə doğma mühitdən – teatr aləmində baş verənlərdən yazıb, XX əsrin 20-ci illərində teatrda baş verənləri dolğun təsvir edib. And içə bilərəm ki, problem baxımından “Oqtay Eloğluheç bir yaş da qocalmayıb.

- Bildiyim qədər, pyesin mətninə əlavələr etmisiniz

- Üst-üstə yığılsa, həmin əlavə edilən mətn heç bir absaz da deyil. Sadəcə, müəyyən dəyişikliklər etmişik. Məsələn, Oqtayın hansısa fikirlərini rejissorun dilindən vermişik, ya da hansısa digər personajın dediklərini digərinin mətninə əlavə etmişik. Əsər qocalmasa da, aktuallığını itirməsə də, o günlə bu günümüzün arasında xeyli fərq var: bu gün Oqtay Eloğlu yoxdur. Oqtay Eloğlu sənəti fədakarcasına sevən, sənətdaşlarını öz arxasınca aparan, sənətə yaradıcı yanaşıb onu yaşadan, yayan aktyorların ümumiləşmiş obrazıdır. Əgər dünən Oqtay aktyor həyatının bütün ağırlığını öz öhdəsinə götürürdüsə, bu gün həmin ağırlıq sənətin boynundadır. Elə buna görə də tamaşanın içində üç əsas qüvvə var. Qurban İsmayılovun ifa etdiyi obrazkeçmiş fədakar sənətkarların və teatr sənətinin özünün obrazıdır. O dünyadan gələn bu Ruh obrazı bu gün sənətdə nələrin baş verdiyini bilmək istəyir. Sənətdə baş verənləri görəndə dəhşətə gələn Ruh bu günün tələbələri, sabah səhnəyə çıxacaq gənclərlə qarşılaşır. Məhz həmin gənclər Ruhun təmsil etdiyi aktyor nəsli kimi sənətə münasibət bəsləyirlər.

- Maraqlıdır, bəs onlar öz sənət sevgilərini necə büruzə verirlər?

- Bu gün siz məşqdə onları görmədiniz. Onlar tamaşanın içində “RomeoCülyettadan, “Qaçaqlardan, “Qaraçılar”dan parçalar oynayırlar, pərdələr arasında vokal, səhnə hərəkəti, rəsq, səhnə danışığı dərslərini göstərirlər. Sonda da sənət estafetini qəbul edib tamaşaçıda teatr sənətinin ölmədiyinə inam yaradırlar.

- Və siz teatrın üç dövrünüparlaq keçmiş, sönük bu günparlaq gələcəyi bir tamaşada göstərmək üçün məşq prosesindən istifadə etmisiniz.

- Bəli. Tamaşanı məşq prosesinə çevirməklə hər şeyi göstərmək istəmişik. Tamaşada sevginin yalnız müəyyən zaman kəsiyində yaşandığını düşünmək düzgün olmazdı. Çünki tamaşada ən böyük sevgiOqtayla Firəngizin, aktyorla aktrisanın sevgisindən də böyük olan Teatr sevgisidir.

***

Gözləyirik. Məşqindən, quruluşçu rejissorla söhbətimizdən anladığımız qədər indiyədək gördüyümüz, görməyib haqqında oxuduğumuzOqtay Eloğlundan fərqli bir tamaşanın hasilə gələcəyini gözləyirik. Özüçox gözləməli olmayacağıq. Nədən ki, noyabrın 22-dən etibarən paytaxtımızda Cəfər Cabbarlı həftəsi başlayacaq və həmin günlərin birində Dövlət Gənc Tamaşaçılar Teatrı “Oqtay Eloğlunu ilk dəfə təqdim edəcək.

 

O ki qaldı tamaşaya, quruluşçu heyətdə Vaqif Əsədovla yanaşı, Mustafa Mustafayev (rəssam), Şamxal Novruzlu (musiqi tərtibatçısı) da yer alıb. Tamaşanın kifayət qədər geniş aktyor heyəti xalq artistləri Qurban İsmayılov və Yasin Qarayevdən, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov və Elşən Çarhanlıdan, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanovdan ibarətdir.

Afişaları izləyin! Peşman olmazsınız.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.4.