3 rəngli…
101 yaşlı
“…bir daha enməz”imiz haqda 30 abzaslıq statistik-publisistik
reportaj
Bu “30 abzas” müstəqil yaşam illərimizin sayına (1918-20, 1991-2019) müqəyyəd
və müqəddəs
bir işarət!
Babalarımızın dilindən qopan “Bayraqları bayraq yapan üstündəki
qandır, Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!”, “Vətən
daşı olmayandan, olmaz ölkə vətəndaşı!” kimi
kəlamlar isə Böyük Azərbaycanımızın
Quzeyini məlum imperiyadan azad edə bilmiş bu millətə bəlli “20 faiz” üçün də qeyrət ismarışları!...
1918, 9 Noyabr. Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) Hökuməti üçrəngli
bayrağın dövlətçiliyin
əsas rəmzi kimi təsdiq olunması haqqında qərar verir.
Hökumətin həmin tarixi qərarından: “Eşidildi:
Nazirlər Şurası
sədrinin Milli bayraq haqda məruzəsi.
Qərara alındı:
Yaşıl, qırmızı
və mavi rənglərdən, ağ
aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq
hesab edilsin”.
Bu bayrağın müəllifi
həmin Cümhuriyyətin
əsas ideoloqlarından
biri – Əli bəy Hüseynzadə!...
Dekabrın 7-də Parlament binası
fasadına qaldırılan
bu Bayraq haqda danışan Məhəmməd Əmin
Rəsulzadə: “Bu üç
rəng Türk hürriyyəti, islam mədəniyyəti və
müasir Avropa iqtidari-əhraranəsidir”.
Artıq
ilk ümumşərqi opera və dünya çaplı operettalar müəllifi kimi tanınan Üzeyir Hacıbəyli: “Mavi rəngi türklüyə,
yaşıl rəngi islamlığa, al rəngi
mədəniyyətə işarə
olan bayrağımızın
məna-mənəviyyəsi budur” (sonralar böyük Z.Göyalp bunu “Türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli” kimi
ifadə edəcək).
Müstəqil dövlət və
hökumətimiz bu Bayraq altında misilsiz gərginliklə çalışıb-çarpışmada, xarici ölkələrdə
səfirlik-elçiliklər açmada, çarizmin “ucqarlar”, “məzlum xalqlar” və digər siyasi doktrinalarının nəticəsi
olan problemləri aradan qaldırmada…
Vaxt, Zaman isə –
sürətlə ötmədə,
yeni siyasi sifarişlər vermədə...
1920-də
“böyük qardaş”
bolşeviklərinin “atalıq”
qayğısı, “kiçik
qardaş” daşnaklarının
kattalıq əməlləri
və… yerli lakeylərimizin “oğulluq”
sayğıları sayəsində,
“28 May” qurum-durumlu Cümhuriyyətimiz
devrilir. Yerində – onu düz
(və məhz!) bir ay önə (“qabaqdangəlmişliyə!”) keçən
“28 Aprel” qırım-durumlu
Sovet hakimiyyəti qurulur.
Azərbaycan öz dövlət atributlarını Sovet Rusiyası atributları ilə uyğunlaşdırmaq
məcburiyyətində qalır.
1921-in mayında RSFSR Konstitusiyasına
uyğunlaşdırılmış ilk Sovet Azərbaycanı Konstitusiyasında dövlət
bayrağının sol küncündə
“AİŞC” (Azərbaycan İctimai
Şuralar Cümhuriyyəti)
yazısı yerləşdirilir.
1922, 30 dekabr. Azərbaycan “SSRİ” deyilən tərkibə daxil olur (müstəqilliyini
de-fakto itirir). Azərbaycan SSR MİK-i yeni latın
qrafikalı əlifbanın
ərəb əlifbası
ilə eyni hüquqa malik olması barədə dekret qəbul edir və bayrağın
təsvirində “ASSR” abreviaturası
həm latın, həm ərəb əlifbası ilə verilir.
Azərbaycan SSR Sovetlər Qurultayının
1925-ci il 14 mart tarixli təsdiqi ilə Konstitusiyanın yeni redaksiyasında dövlət bayrağımız
belə təsvir edilir: “AİŞC-nin dövlət bayrağı
2:1 nisbətdə olan
al (qırmızı) qumaşdan
ibarətdir”.
1930-cu ildən Azərbaycan SSR-in
bayrağı üzərində
“ASSR” abreviaturası yalnız
latın əlifbası ilə verilir.
1937-ci il Konstitusiyasının
152-ci maddəsində isə
belə ifadə edilir: “...dövlət bayrağı, sol bucağı
yuxarısında oraq və çəkic çəkilmiş və
üstündə Azərbaycan
dilində “Az SSR” sözləri yazılmış
qırmızı qumaşdan
ibarətdir”.
30 ildə “həftə səkkiz, mən doqquz” tempi ilə dəyiş-düyüşləşdirilmiş
Azərbaycan SSR dövlət
(!) bayrağı”mız”ın 1952-dən müstəqilliyimizin bərpasınadək
(1991) olan –
Hal-əhvalı:
1939-cu il iyulun
11-də qəbul edilmiş
“Azərbaycan əlifbasının
latın əlifbasından
rus əlifbasına (“kiril”ə də yox a!) keçməsi”
haqqında Azərbaycan
SSR-in Qanununa uyğun olaraq, Azərbaycan SSR Dövlət bayrağı
üzərində “Az. SSR” abreviaturası
yeni əlifba ilə təsvir edilir.
1956-cı ildə “Azərbaycan
SSR-in Dövlət bayrağı
haqqında Əsasnamə”silə
oraq-çəkicli bayraq
yaradılır.
(Daha bir çox
siyasi həngamələrdən
sonra) 1956-cı il mayın 28-də Cahid Hilaloğlu ad-soyadlı bir soydaşımız
AXC-nin yaranış günü münasibətilə
Qız qalası zirvəsinə Cümhuriyyət
bayrağını sancır
(onun bir neçə ay sonra “palto oğurluğu”nda suçlanaraq 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən
və vətəndaşlıqdan
məhrumetmə ilə
cəzalandırılması, M.Ə.Rəsulzadənin mühacirətdə
hazırladığı, immiqrant
təşkilatların, Azərbaycan
legionu üzvlərinin
tapındığı Cümhuriyyət
bayrağımız haqda
geniş danışmaq
imkanı yox)...
Nəhayət –
1980-ci illər sonu
AXC bayrağı milli
Azadlıq hərəkatının
kütləvi tədbirlərində
görsənməyə başlayır.
1990-cı
il noyabrın 17-də
Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevin rəhbərliyilə
keçirilən sessiyada
muxtar respublikanın dövlət bayrağı
kimi təsdiq edilir.
1991-ci il fevralın
5-də Azərbaycan Respublikası
Ali Sovetinin qəbul etdiyi qanun ilə
Dövlət bayrağı
elan edilir.
2004-cü
il iyunun
8-də “Azərbaycan Respublikası
Dövlət bayrağının
istifadəsi qaydaları
haqqında” Qanun ilə bu sahədə
qanunvericilik bazası təkmilləşdirilir...
Nəhayət, bu baş atributumuzun –
Bugünü
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
(17 noyabr, 2007) ilə Bakıda Dövlət Bayrağı Meydanının
təməli qoyulur.
Ölkə başçısının 2009-cu
il 17 noyabrda
imzaladığı sərəncamla
isə 9 noyabr Dövlət Bayrağı
Günü elan edilir...
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.5.