Müstəqil Azərbaycanın mədəniyyət
siyasətinin inkişaf dinamikası
2019-cu il sentyabrın 27-dən 29-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda, Bakı İdman Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə festival xarakterli, möhtəşəm VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.
Bəli, bu tədbirin beynəlxalq festival adlandırılması doğrudur, ona görə ki, burada təkcə Azərbaycan nəşriyyatları deyil, dünyanın 22 ölkəsindən 40 xarici nəşriyyat, kitab evləri və sair qurumlar öz nəşrlərini sərgiləyir, müəlliflərin imza günləri və müxtəlif görüşlər keçirməklə performans edirdi. Xarici qonaqların, dövlət və hökumət rəsmilərinin, şairlərin, yazıçıların, tənqidçilərin, ümumən mədəniyyət xadimlərinin, kitabsevərlərin qatıldığı bu bayram tədbiri, həqiqətən, ürəkaçan və ruha qida verən, gərəkli, mötəbər bir mədəniyyət törəni idi.
Mədəniyyət naziri
Əbülfəs Qarayev sərgi-yarmarkanın
açılışında ölkəmizdə gedən
ümumi inkişaf prosesində mədəniyyətimizin
mühüm qolu olan və cəmiyyətin
formalaşmasını öz çiyinlərində
daşıyan kitab fəlsəfəsinin mahiyyətindən
danışarkən düşüncəm məni müstəqillik dövrümüzün mədəniyyət
siyasətinin son on ilinə və bir az da arxaya ekskurs etməyə,
bu illər ərzində mədəniyyətimizin inkişaf mərhələsinə
bir sənətkar nəzərləri yetirməyə istiqamətləndirdi.
Sual doğa bilər ki,
niyə son on il və bir qədər də
arxaya? Deməliyəm ki, öncə gözlərim
önündə dərhal, qeyri-ixtiyari, rəhbərlik etdiyim,
deportasiya həyatı yaşayan C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrının, bütün
tarixi boyu heç vaxt nail olmadığı, lakin son on-on
üç ildə qazandığı nailiyyətlər
canlanmağa başladı və məhz o istiqamətdən də,
ümumən mədəniyyətimizin son on ildəki, bir qədər
də əvvəldən başlayan inkişaf dinamikası diqqətimi
özünə cəlb etdi.
Ölkəmizdə son illərdə gedən mədəniyyət
siyasətinin inkişaf mərhələsinə diqqət
yetirdikcə, çox əhatəli, dinamik bir mənzərə
öz rəvan ahəngi ilə, bir kəhkəşan kimi bərq
vurmağa başlayır. Dediyim kimi, İrəvan Dövlət
Azərbaycan Dram Teatrı Azərbaycan mədəniyyət ailəsinin
bir nümayəndəsi kimi on il müddətində
mühüm inkişaf prosesi keçmişdir. Əlbəttə
ki, bu proses ümumən ölkəmizdə mədəniyyət
strategiyasının axın selində bir zərrəcikdir,
lakin mədəniyyət siyasətimizin ümumi mənzərəsi
elə bir yüksəklikdə bərqərardır ki, bu
yüksəklik məhz ölkənin ümumi inkişaf
dinamikasından bəhrələnməklə və bu
dinamikada ləngimədən çalışmaqla əldə
olunan bir həqiqət olduğunu göstərməkdədir. Təkcə 2019-cu ilin mədəniyyət hadisələri
bu uğurların bünövrəsinin monumental
başlanğıca bağlı olduğunu diktə edir.
2019-cu
ilin ən mühüm mədəniyyət hadisəsi 7 iyulda
UNESCO-nun Bakıda keçirilən Dünya İrs Komitəsinin
43-cü sessiyasında Azərbaycanın Şəki şəhərinin
tarixi mərkəzinin Şəki Xan sarayı ilə birgə
Dünya irs siyahısına daxil edilməsi faktıdır ki,
bu hadisə ölkəmiz və mədəniyyətimiz
üçün böyük mahiyyət kəsb edir və mədəniyyət
dinamikamızın iti hərəkətini sərgiləyir. Belə
bir təəssürat yaranır və bu təəssürat
belə bir kursu istiqamətləndirir ki, bu hadisə gələcəkdə
Şuşa, İrəvan şəhərlərimizin, Azıx
mağaramızın və bütövlükdə Azərbaycanımızın
bir dünya incisi məkanı olaraq, dünya mədəni irsi
kimi qəbul olunacağına və tanınacağına gətirib
çıxaracaqdır.
Mədəniyyətimizin belə böyük
uğurları, heç şübhəsiz ki, böyük zəhmətin
və gərgin əməyin hesabına əldə olunur və
bu nailiyyətlərin hamısı ölkə rəhbərinin
verdiyi tövsiyə və tapşırıqların uğurla
həyata keçirilməsinin nəticəsidir.
Nəzərlərimin tuta bildiyi təkcə son on ildə
qazanılan nailiyyətlərin gözəçarpan cəhətlərini
incələdikcə, aşağıdakı mənzərə
canlanmaqla, məni köksümə sığmayan fərəh
hissləri ilə öz ağuşuna alır. Bu anda mütləq
olaraq onu qeyd etmək vacibdir ki, birmənalı şəkildə
bütün sahələrdə olduğu kimi, məhz mədəniyyət
sahəsində də inkişaf mərhələsinin
bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən
yaradılmışdır. Mədəniyyət
siyasətimizin inkişafı da məhz həmin təməllərə
istinadın, bu sahəyə rəhbərlik edən və
çalışan insanların peşəsinə, millətimizə,
dövlətimizə sədaqətinin səciyyəsidir.
Baxın, ulu öndərimizin 1995-ci il 18
sentyabr tarixində imzaladığı fərmana əsasən,
hər il sentyabr ayının 18-də ənənəvi olaraq
ölkəmizdə Üzeyir Musiqi Günü keçirilir. Bu elə bir mühüm məsələdir ki, təkcə
böyük bəstəkarın
yaradıcılığına qiymət vermək niyyəti ilə
məhdudlaşmır, həm də bütün Şərqdə
ilk peşəkar bəstəkarı məhz Azərbaycan
xalqının yetişdirdiyini dünyaya bəyan edən
böyük azərbaycançılıq məfkurəsi ilə
geniş miqyas alır.
Müstəqillik dövrümüzdə bu kimi
çoxlu sayda fərman və sərəncamlar
imzalanmışdır ki, həmin fərman və sərəncamlar
bütövlükdə Azərbaycan mədəniyyətinin
strategiyasını günün tələbləri ilə
inkişafa doğru hərəkət etdirməkdədir.
Mədəniyyətimizin yüksək amallarla
qorunması, zənginləşməsi və inkişaf etməsi
üçün ölkə rəhbəri tərəfindən
imzalanan “Mәdәniyyәt haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası” kimi mühüm məsələlər əsas
verir ki, ölkəmizin ümumi inkişaf strategiyasında Azərbaycan
mədəniyyəti öz kursunu doğru və düzgün
siyasətlə apara bilsin, nailiyyətlər qazansın.
Mədəniyyətə bünövrədən bu
cür yanaşma ilə sabaha açılan pəncərədən
bu strategiya Heydər Əliyev Fondunun öncüllüyü ilə
daha geniş miqyas aldı. Təməli düzgün
qoyulmuş, fövqəladə həssaslıqla müasir
dünyanın tələblərinə uyğun şəkildə,
dünya mədəniyyət xəritəsinə ilmə-ilmə
toxunan bugünkü mədəniyyət siyasətimizin
strategiya müəllifi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev, beynəlxalq miqyasla əhatələnən
böyük nailiyyətlərin əldə olunmasının təminatçısı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım
Mehriban Əliyevadır. Artıq neçə
illərdir ki, bu işıqlı addımlar müstəqillik
dövrü mədəniyyətimizin inkişaf kursunu müəyyənləşdirir,
bu kursa uyğun olaraq mədəniyyət siyasətimizin
formalaşmasını təmin edir və mədəniyyət
sistemimizin özünəməxsus istiqamətdə inkişaf
etməsi üçün səmərəli yollar
açır və bizim dünya miqyasında layiqli
mövqeyimizi müəyyənləşdirməmizə təkan
verir. Məhz mədəniyyətimizin hamilərinin
ardıcıl zəhməti və böyük xidmətləri
hesabına Azərbaycan muğamının, aşıq sənətinin,
tar ifaçılığı, kamança
ifaçılığı, xalçaçılıq,
Lahıc misgərlik sənətlərinin, Novruz bayramı,
çövkən atüstü oyunu, kəlağayı sənəti,
milli mətbəximizin nümunələri olan lavaş və
dolma, rəqs sənətimizin nümunələri – Yallı
(Köçəri, Tənzərə), “Kitabi-Dədə
Qorqud” eposu, eləcə də Qobustan qoruğu, “İçərişəhər”
qoruğu (Qız qalası və Şirvanşahlar sarayı ilə
birlikdə) və Şəkinin tarixi hissəsinin UNESCO-nun
müvafiq siyahılarına daxil edilməsi, Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakıda Beynəlxalq
Muğam Mərkəzinin yaradılması və muğam sənətimizin
dirçəlişində və inkişafında xüsusi
yer tutan beynəlxalq muğam festivallarının keçirilməsi
və sair bu kimi zəngin mədəni hadisələr mədəniyyət
siyasətimizin düzgün strategiyasının və bu
istiqamətdə aparılan mühüm işlərin parlaq təzahürüdür.
Mədəniyyətimizin
çoxxətli inkişafını formalaşdırmaq, mədəniyyət
sahəsinə aid olan sektorların, o cümlədən
durğunluq dövrünü yaşayan turizm sektorunun yenidən
qurulması və möhkəmləndirilməsi
üçün Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
yaradıldı. Fikrimcə, burada məqsəd
inkişafa doğru irəliləyən mədəniyyət
siyasətinin içində turizm sektorunun sürətlə
inkişafa qoşula bilməsinə bir rəvac vermək idi.
Atılmış addım özünü
doğrultdu. Ona görə də bu gün
turizm sektoru artıq ayrıca bir qurum olaraq fəaliyyətini
davam etdirir və müasir dünya ilə ayaqlaşmaq
üçün günbəgün irəliləyir.
Mədəniyyət
Nazirliyinin bilavasitə iştirakı ilə həyata
keçirilən beynəlxalq
miqyaslı layihələr təkcə mədəniyyət sahəsinin
inkişafı, tərəqqisi və təbliğini təmin
etmir, əslində, mədəniyyət fenomeni ilə,
bütövlükdə ölkəmizin, millətimizin və
ölkəmizdə yaşayan bütün insanların
varlığına verilən dəyərin, Azərbaycan
tolerantlığının və sair bu kimi mühüm məsələlərin
mötəbər qonaqlara, öz simasında, olduğu kimi,
bütün həqiqətləri ilə təqdim edilməsi və
tanıdılması işlərini ön plana
çıxarır. Bakıda beynəlxalq layihələrin
keçirilməsi zamanı xaricdən ölkəmizə dəvət
olunmuş mədəniyyət xadimlərinin ən çox təbliğetmə
imkanına malik olduğunu nəzərə alsaq, həmin
qonaqlara xalqımıza xas xüsusiyyətlərlə göstərilən
diqqət, isti və həssas münasibət, eyni zamanda həqiqətləri
faktlarla onların diqqətinə çatdırma və sair bu
kimi mühüm gerçəkliklərlə zəngin olan
hadisələri sərgiləmək, düşmən qüvvələrin
onların təsəvvüründə yaratdığı
qara piarlar nəticəsində ortaya süni şəkildə
çıxarılmış təəssüratları
heçə endirməyə başladı və bu layihələrin
nəticəsi olaraq, Azərbaycan haqqında dünyada real
fikir formalaşdı. Ölkəmiz haqqında
kompleks şəkildə tanışlıqdan sonra, xarici
mötəbər qonaqların hər biri öz vətənlərinə
dönərkən, Azərbaycanda gördükləri
bütün gerçəkliklərin istər-istəməz təbliğatçılarına
çevrilirlər. Təəssüratlarını
öz ətrafları ilə bölüşmələri və
reallıqları qəzet və jurnallarda məqalələr dərc
etdirməklə ortaya qoymaları, şübhəsiz ki,
ölkəmiz və ölkəmizdə gedən quruculuq
işlərinin həqiqətlərini fövqəladə
şəkildə ifadə edir.
Azərbaycan
Respublikası təkcə Azərbaycan mədəniyyətinin
deyil, ümumtürk mədəniyyət şəbəkəsinin
də inkişaf etdirilməsini və bu istiqamətdə real
addımlar atmaq məqsədilə TÜRKSOY-un fəaliyyətinə
misilsiz dəstək göstərməyi və türk
dünyasının mədəniyyət dəyərlərini
birləşdirən, qoruyan və inkişaf etdirən bu
qurumun işlərində bilavasitə yaxından iştirak etməyə,
daha doğru olar deyək ki, öncül olmağa
çalışır. Bu məqsədlə mühüm layihələrin
təşəbbüskarı olan Mədəniyyət Nazirliyi ən
maraqlı layihələrdən birinin, 2009-cu ildə Azərbaycan
milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin
“Koroğlu” əsərinin TÜRKSOY-un xətti ilə
tamaşaya qoyulmasına nail oldu. Beynəlxalq
layihə əsasında hazırlanan tamaşada Azərbaycan,
Türkiyə, Qırğızıstan, Qazaxıstan,
Tatarıstan, Başqırdıstan musiqiçiləri
Üzeyir Hacıbəylinin işığına
toplaşdılar. Tamaşa Ankara, İstanbul, Bakı,
Bişkek və Astanada böyük uğurla
tamaşaçıların ixtiyarına verildi və yüksək
maraqla qarşılandı.
Respublikamızda bir-birini əvəzləyən beynəlxalq
teatr və musiqi festivallarının geniş miqyas alması məhz
mədəniyyət aləminin dinamik inkişafının
göstəricisidir. Bu fikrin təsdiqi gözlərimiz
önündə bir anlıq tezislər şəklində
canlanan aşağıdakı dolğun mənzərədə
daha parlaq şəkildə özünü ifadə edir.
2007-2019-cu
illərdə ənənəvi Beynəlxalq Mstislav
Rostropoviç festivalları; Vokalçıların
Bülbül adına beynəlxalq müsabiqələri; hər
il keçirilən Bakı Caz Festivalı; Ü.Hacıbəyliyə
həsr olunmuş beynəlxalq musiqi festivalları; Qəbələ
beynəlxalq musiqi festivalları; “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən
teatrların binalarının əsaslı təmiri və
yenidən qurulması, 2010-2018-ci illərdə beş dəfə
reallaşan Bakı Beynəlxalq Teatr Konfransı; bəşəriyyət
üçün ciddi maraq doğuran qlobal xarakterli məsələlərə
dair geniş spektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq məqsədilə 2011-ci ildən
etibarən təşkil edilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər
tədbirlər. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin
qalibi olmaq və müsabiqənin şərtlərinə
uyğun olaraq, növbəti ildə həmin yarışmaya
ev sahibliyi etmək, bu böyük mədəniyyət hadisəsinə
hazırlıq müddətində aparılan geniş mədəniyyət
işləri, o cümlədən Bakının ən gözəl
səmtində, bulvarda, dünya arxitekturasına daxil ola bilən
konsert salonunun ərsəyə gətirilməsi,
yarışmanın Azərbaycanın paytaxtında
keçirilməsi ilə dünyanın diqqətinin ölkəmizə
yönəldilməsi; 2009-cu ildə Bakının, 2018-ci ildə
Naxçıvanın “İslam Mədəniyyəti
Paytaxtı” elan olunması; 2014-2018-ci illərdə Şəki
Beynəlxalq Teatr Festivalının keçirilməsi, dövlət
teatrlarımızın, korifey sənətkarlarımızın
yubileylərinin keçirilməsi və digər mədəniyyət
tədbirlərinin təşkili, bu fəaliyyətin nəticəsi
olaraq bir çox xarici televiziya kanallarının diqqətini
çəkmək, Azərbaycan mədəniyyətinin
müxtəlif üstün cəhətlərinin həmin
kanallar vasitəsilə dünyaya tanıdılması – bir məqalədə
hamısını sadalaya bilmədiyimiz bütün bu layihə
və tədbirlər mədəniyyət sahəsinin
canlanmasına xidmət edən amillərdir.
(ardı var)
İFTİXAR
Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.6.