İstiqlal şairinin əzablı ömür yolu

 

 

 

1930-cu illərin repressiyası Orta Asiyadakı türk xalqlarının da taleyindən qara yel kimi keçib. Neçə-neçə vətənsevər ziyalı, yazıçı, şair, mütəfəkkir bu qorxunc dalğada qərq olub. Tanınmış qazax şair-dramaturqu, tərcüməçi və ictimai xadimi Miryaqub Dulatov da bu acı taleyi yaşayanlardandır.

1885-ci ildə indiki Qazaxıstan Respublikasının Kustanay vilayətinin Sarıkopo kəndində anadan olan Miryaqub Dulatov iki yaşında anasını itirib. Atası onu 1893-cü ildə kənddəki molla məktəbinə qoyur. 12 yaşında atasını da itirən Miryaqub ibtidai təhsilini başa vurduqdan sonra Torqaydakı ikisinifli məktəbdə oxuyur. 1906-cı ildə Ufa şəhərindəki Qaliya mədrəsəsinə qəbul olunur. Burada Qalimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri və digər ziyalılarla tanış olur.

Həmin dövrdə ölkədə başlayan inqilab dalğası gənc Miryaqubu da özünə çəkir. O, Karqaralıdakı demokratlara qoşulur. Qazaxların Uralsk şəhərində təsis etdikləri Konstitusiyaçı Demokrat Partiyasının təsis qurultayının təşkilatçılarından biri olur. Qurultayın nümayəndə heyətinin tərkibində Sankt-Peterburqa gedir. Bu ərəfədə hökumətin Rusiyanın mərkəzi quberniyasının rus əhalisinin Qazaxıstana köçürülməsinə qarşı ilk etiraz edənlərdən biri olur. Qazax xalqını bu etiraza qoşulmağa çağırır. Onun “Gənclərə” adlı ilk şeiri 1907-ci ildə Sankt-Peterburqda qazax dilində nəşr edilən “Serke” qəzetində dərc olunur. Siyasi fəaliyyəti ilə qısa müddətdə qazaxıstanlı gənclər arasında tanınır. Qəzetin növbəti nömrəsində onun qazaxların hüquq və haqlarından, məmurların özbaşınalığından bəhs edən “Bizim vəzifələrimiz” adlı məqaləsi də dərc olunur. Bu məqaləyə görə qəzet bağlanır və M.Dulatov həbs edilir. Həbsdən azad olunduqdan sonra siyasi fəaliyyətinin məhdudlaşdırıldığını görən şair yaradıcılığa üstünlük verir.

Qazax xalqını mübarizəyə səsləyən şairin 1909-cu ildə “Oyan, qazax” adlı şeirlər kitabı işıq üzü görürgeniş əks-səda doğurur. Bu uğurdan ruhlanan müəllif 1910-cu ildə “Bəxtsiz Camal” romanını yazır. Kitab varlı bir kişiyə verilən gənc Camalın acı taleyindən bəhs edir. Əsər oxucular tərəfindən maraqla qarşılanır.

Miryaqub Dulatov 1911-ci ildə “Oyan, qazax” kitabını təkrar nəşr etdirir. Ancaq kitabdakı şeirlər hökumət dairələrini rahatsız edirkitab müsadirə olunur.

1913-cü ildə Əlixan Baytursunovun təsisçiliyi ilə OrenburqdaKazax” adlı qəzet nəşr olunur. O, M.Dulatovu qəzetdə işə dəvət edilir. Bir müddət sonra o, qəzetin redaktoru olur. İbrahim Kunanbayovun başladığı maarifçilik hərəkatının ən fəallarından olan A.Baytursunov, M.Jumabayev, M.Dulatov böyük səylə davam etdirir və müstəmləkəçiliyə qarşı mübarizəyə qalxırlar. Həmin ildə M.DulatovunAzamat” adlı şeir kitabı işıq üzü görür. Kitabda müəllifin şeirləri ilə yanaşı, onun F.Şiller, A.Puşkin, A.Tukay, M.Lermontovdan etdiyi tərcümələri də yer alır. 1915-ci ildə isə ədəbi-bədi, publisistik məqalələr toplusu olanTerme” kitabı çapdan çıxır.

1917-ci ildə Rusiyada inqilabi çevriliş baş verdikdən sonra millətini azadfiravan görmək istəyən vətənpərvər şair çıxılmaz vəziyyətə düşür. Bu zaman qazax ziyalıları iki qrupa bölünürlər. Bir qrup xalqın öz dövlətini qurmaq tələbini irəli sürür. Başqa bir qrup isə Rusiyanın tərkibində muxtariyyətə nail olmağa üstünlük verir. M.Dulatov da bir sıra həmfikirlərinin sovet rəhbərlərinin verdiyi vədlərə aldanır. Bolşeviklərlə bir sırada olan şair 1920-30-cu illərdə “Ak jol”, “Yenbekap kazax” qəzetlərində, “Qızıl Kazaxıstan” jurnalında işləyir. Bütün bunlara rəğmən sovet rəhbərliyi ona inanmırdı. Bunu yaxşı bilən şair Alaş Partiyası ilə əlaqəsini kəsmir. Partiyanın gizli təşkilatlarının işində fəal iştirak edir.

Tədqiqatçı Əli Şamil şairlə bağlı araşdırmasında yazır ki, M.Doulatov ölkədə ərəb əlifbasından latın qrafikasına keçilməsinə etiraz edib. Bunu xalqın keçmişitarixi ilə əlaqəsinin kəsilməsi kimi qiymətləndirib. Onun fikirləri dövlət siyasətinə qarşı çıxmaq kimi dəyərləndirilir. M.Dulatov 1928-ci ildə yenidən həbs olunur. Milli qüvvələr onun azad olunması üçün çox çalışır. Ancaq onu həbsdən azad etmək mümkün olmur.

Uzun sürən istintaq onun gizli antisovet fəaliyyətini aşkarlayır və məhkəmə M.Dulatovu 10 il müddətinə həbs edərək Solovki həbsxanasına göndərir. Vətənpərvər şair 5 oktyabr 1935-ci ildə həbsxanada dünyasını dəyişir.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.7.