Dünyanın dini liderləri
Bakıda toplaşıblar
“Bütün bu tədbirlərin
bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək,
multikultural dəyərləri təbliğ etmək”
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin
II Sammiti işə başlayıb. Sammit Azərbaycan Respublikası
Prezidentinin aprelin 11-də imzaladığı müvafiq sərəncama əsasən
keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Sammitin açılış mərasimində
iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirilib.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin
oxunması ilə başlayıb.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Azərbaycanın ikinci dəfə
bu mötəbər tədbirə ev
sahibliyi etdiyini deyən dövlət başçısı
forumun əhəmiyyətini vurğulayıb: “Bu bir daha onu
göstərir ki, Azərbaycan dinlərarası dialoqun
inkişafında öz önəmli rolunu oynayır və
bundan sonra da oynayacaqdır.
Bakıda belə mötəbər tədbirin
keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki
Azərbaycanın qədim dinlərarası ənənələri
vardır. Əsrlər boyu ölkəmizdə
bütün dinlərin, bütün etnik qrupların nümayəndələri
bir ailə kimi sülh, mehribanlıq, dostluq,
qarşılıqlı anlaşma şəraitində
yaşamışlar. Azərbaycan
çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və
bu, bizim böyük sərvətimizdir. Dini
və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.
Azərbaycanda uğurlu inkişafın, sabitliyin
bərqərar olması istiqamətində atılmış
bütün addımların arxasında dini və milli
dözümlülük, tolerantlıq və multikultural dəyərlər
dayanır”.
Prezident vurğulayıb ki, Azərbaycan dövləti
tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin
inşası istiqamətində səylərini əsirgəmir. Dinlərarası
dialoqun Azərbaycanda qədim tarixi var və müasir Azərbaycan
dövləti bu ənənələrə sadiqdir. Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya
dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini
yüksək qiymətləndirirlər.
Dövlət
başçısı daha sonra deyib: “Azərbaycan o ölkədir
ki, öz inkişafını, öz gələcəyini milli
köklər üzərində qurubdur. Ənənəvi
dəyərlər bizim üçün ən böyük sərvətdir.
Hesab edirəm ki, Bakıda keçirilən Zirvə
görüşünün mövzularından biri də məhz
bu olacaq. Çünki biz
görürük ki, dünyada, dünyanın müxtəlif
yerlərində ənənəvi dəyərlərə
qarşı kampaniya aparılır, onlar gözdən
salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə
uyğun olmayan yeni “dəyərlər” aşılanır.
Biz özümüzü və xüsusilə gənc
nəslimizi bu yad və bəd təsirdən
qorumalıyıq. Ona görə, hesab edirəm
ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin
təbliğ edilməsi hamımızın işi
olmalıdır”.
Prezident qeyd edib ki, multikulturalizm Azərbaycanda həm həyat
tərzidir, həm də dövlət siyasətidir. Azərbaycanda
bu istiqamətdə bir çox önəmli addımlar
atılıb, mötəbər beynəlxalq tədbirlər
keçirilib. Tədbirlərin bəziləri
ənənəvi xarakter daşıyır. Bakı Humanitar Forumu ənənəvi olaraq
keçirilir. Dünya Mədəniyyətlərarası
Dialoq Forumu BMT tərəfindən dəstəklənir.
BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin
Zirvə görüşləri – bütün bu tədbirlərin
bir məqsədi var – dinlərarası dialoqu möhkəmləndirmək,
multikultural dəyərləri təbliğ etmək: “Keçən
il “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı
Prosesi” bizim təşəbbüsümüzlə
başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq
dəstəyə malikdir. O cümlədən BMT
“Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası
dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət
nazirlərinin toplantısı keçirilmişdir və biz qərara
gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına
üzv olan ölkələrin mədəniyyət nazirlərini
dəvət edək və beləliklə, birinci təmas
yarandı.
Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət
nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət
etdik. Azərbaycan
nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq
Təşkilatına, həm də Avropa Şurasına
üzvdür və biz bu imkandan istifadə edib “Bakı
Prosesi”nə start verdik və bu, doğrudan da, nadir əməkdaşlıq
formatıdır”.
Azərbaycanda dövlət-din münasibətlərinin
yüksək səviyyədə tənzimləndiyini deyən
ölkə başçısı bildirib ki, bu münasibətlərin
əsasını ulu öndər Heydər Əliyev qoyub. Eyni zamanda,
şeyx həzrətləri bu istiqamətdə çox
böyük fədakarlıq və fəaliyyət göstərib.
Heydər Əliyevin və şeyx həzrətlərinin
dostluğu dövlət-din münasibətlərinin
formalaşmasında həlledici rol oynayıb. Prezident
diqqətə çatdırıb ki, bu ilin avqustunda
imzaladığı sərəncamla Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə Azərbaycanın ən ali
ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Dövlət başçısı
çıxışında onu da qeyd edib ki, dinlərarası
dialoqdan danışarkən biz təkcə müsbət məqamların
qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda,
münaqişələri din amilinə bağlamaq cəhdlərini
də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
torpaqlarımızın təxminən 20 faizinin, o cümlədən
Dağlıq Qarabağ və ətrafda olan 7 rayonun
işğal olunduğunu deyən ölkə
başçısı diqqətə çatdırıb ki,
bu ərazilərdə Azərbaycan xalqına qarşı
soyqırımı törədilib. Tarixi abidələrimiz,
qəbirlərimiz, məscidlərimiz ermənilər tərəfindən
dağıdılıb.
Prezident
İlham Əliyev qeyd edib ki, münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə
qəbul edib, həmin qətnamələrdə erməni
silahlı qüvvələrinin bizim torpaqlarımızdan
çıxarılması haqqında açıq-aydın
müddəalar var. Münaqişənin həlli
üçün yeganə yol Azərbaycanın ərazi
bütövlüyünün bərpasıdır.
Vurğulanıb ki, ölkəmiz məruz
qaldığı hərbi təcavüzün ağır fəsadlarına
rəğmən uğurla inkişaf edir. Əldə olunan nailiyyətlər
deməyə əsas verir ki, inkişafımız bundan sonra da
uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və
uğurlu gələcəyimizin əsas şərti daxili
sabitlikdir: “Sabitliyin də təminatçısı Azərbaycan
xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir.
Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu
inkişafının əsas amillərindən biridir və eyni
zamanda, dinlərarası münasibətlər də bizim
gücümüzü artırır”.
Prezident
çıxışının sonunda deyib: “Mən əminəm
ki, bu Zirvə görüşünün çox böyük
əhəmiyyəti olacaq və Bakıdan səslənən
mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas
istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol
verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə
qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər
üçün istifadə etməmək, münaqişələrə
dini don geyindirməmək, münaqişə zamanı
tarixi-dini abidələri dağıtmamaq və ənənəvi
dəyərləri təbliğ etməkdir. Əminəm
ki, Zirvə görüşünün nəticələri bu
istiqamətdə atılmış növbəti addım
olacaqdır”.
***
Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif
edilməsi haqqında sərəncamı oxunub. Dövlət
başçısı “Heydər Əliyev” ordenini
Şeyxülislam Allahşükür Paşazadəyə təqdim
edib.
Sonra Moskvanın və bütün Rusiyanın
Patriarxı Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli
“Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür
Paşazadəyə təqdim edib.
Rusiya Federasiyası Federasiya Şurasının sədr
müavini İlyas Umaxanov Prezident Vladimir Putinin Dünya dini
liderlərinin II Sammitinə ünvanladığı məktubu
oxuyub.
Prezident Vladimir Putinin müvafiq sərəncamına əsasən
şeyxülislama
Rusiyanın “Fərqlənmə Nişanı” təqdim
edilib.
Türkiyə Dəyanət İşləri
başqanı Ali Erbaş Prezident Rəcəb Tayyib
Ərdoğanın məktubunu oxuyub. Həmçinin Gürcüstan
Prezidenti Salome Zurabişvilinin və Gürcüstanın
katolikos-patriarxı II İlyanın təbrik məktubları
oxunub.
Tədbirdə
daha sonra İranın Mədəniyyət və İslami
Əlaqələr Təşkilatının sədri Abuzər
İbrahimi Türkman, Misir Nümayəndələr
Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif,
Özbəkistan Prezidentinin dövlət müşaviri
Rüstəm Qosimov, Amerika Yəhudi Təşkilatlarının
Prezidentləri Konfransının icraçı sədr
müavini Malkolm Honlayn, BMT Baş katibinin humanitar məsələlər
üzrə xüsusi məsləhətçisi Abdallah əl-Mətuq,
Vatikanın Dinlərarası Pontifik Şurasının
İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe və
digər qonaqlar çıxış ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə bir daha
sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn
qonaqlara təşəkkürünü bildirib.
Qeyd edək
ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan
olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri
çərçivəsində keçirilən sammitdə
70-dən çox dövlətin, 25 ənənəvi din və
dini təriqətin lider və təmsilçiləri, həmçinin
10-dək beynəlxalq təşkilatın yüksək səviyyəli
nümayəndəsi iştirak edir.
Azərbaycan
dövlətinin qlobal müstəvidə dinlərarası
dialoqun inkişafına, qarşılıqlı anlaşma və
insani həmrəylik kimi bəşəri dəyərlərin
təşviqi və təkamülünə öz töhfəsini
vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini
liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü
ilə başlanan və həyata keçirilən “Bakı
Prosesi”nin, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri
çərçivəsində təşkil olunmuş beynəlxalq
tədbirlərin məntiqi davamıdır.
Sammit noyabrın 15-də işini davam etdirəcək və
sonda Bakı Bəyannaməsi qəbul olunacaq.
Xatırladaq
ki, Bakıda dünya dini liderlərinin ilk sammiti 2010-cu il aprelin 26-da keçirilib.
Mədəniyyət.-
2019.- 15 noyabr.- S.1-2.