Şirvan aşıqlarının konserti

 

 

Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti konsert keçirildi. AMEA-nın Folklor İnstitutu ilə birgə layihə əsasında noyabrın 8-də təşkil edilən konsertdə Şirvan aşıqları çıxış etdilər.

Konsertdən əvvəl Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli Azərbaycanda aşıq sənətinin tarixindən söz açdı, Şirvan aşıq məktəbinin bu tarixdə mühüm yeri olduğunu dedi, bu məktəbin yetirdiyi sənətkarlardan bəhs etdi.

O, “Aşıq musiqisi axşamları” layihəsi barədə danışaraq qeyd etdi ki, layihənin məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin qədim sahələrindən olan aşıq sənətinin təbliğidir.

Bu sənət poeziya, musiqi, rəqs və ifaçılığın sintezidir. Bu kimi keyfiyyətlərinə görə Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Diqqətə çatdırıldı ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirilibbu layihələr davamlı olacaq.

Təqdim olunan konsertdə Şirvan aşıq məktəbinin tanınmış aşıqlarından  Ağamurad Şirvanlı, Abbas Musaxanoğlu, Əvəzxan Xankişiyev, Haşım Qubalı, Məhəmməd Şirvanlı, Əli Tapdıqoğlu, İnci Şirvanlı, Xamis Xanışoğlu, Məharət Habiloğlu, Xəyal Niftəliyev və Rza Məmmədovun ifasında “Güllü şəşəngi”, “Nar ağacı, nar çiçəyi”, “Qobustanı”, “Qədim şikəstə”, “Sallama gəraylı”, “Şirvan şikəstəsi”, “Pənah gözəlləməsi”, “Orta şəşəngi”, “Qız qalası”, “İbrahim peşro” aşıq havaları səsləndirildi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.4.