“İnteraktiv
teatrda improvizə deyil, aktyor texnikası
önəmlidir”
Müasir dövrdə yaradıcı
sənayenin inkişafına
xüsusi önəm verilir. Mədəniyyətin müxtəlif sahələrinin
təmsil olunduğu yaradıcı sənayedə
müstəqil teatrların
da fəaliyyəti əhəmiyyət kəsb
edir. Azərbaycanın teatr mühitində
yaranan belə sənət ocaqlarından
biri də “dOM” teatrıdır. 2017-ci ildən fəaliyyət
göstərən teatrın
direktoru Tərlan Rəsulovla söhbətimizdə
kollektivin fəaliyyəti,
interaktiv teatr anlayışının cəmiyyət
tərəfindən qavranılması
məsələlərinə toxunduq.
– Bu teatr hansı zərurətdən yarandı
və nəyə görə “dOM”?
– Ümumiyyətlə, teatr
yaratmaq istəyim
2016-cı ildən başladı
və bir il sonra
onu reallaşdırdım.
Mənim
aləmimdə yeni teatr yaratmaq istəyən hər bir kəs ilk növbədə müəyyən
bir konsepsiyadan çıxış etməlidir.
Sözsüz ki, mənim teatrım olsun eqoizmi, az da olsa, həmişə var. Amma bu tam eqoizm
yox, istəkdir. Çünki arzu olmadan yaxşı mənada nəsə əldə etmək mümkün olmaz. “dOM”a
gəlincə, ingilis dilində “play” sözü
var, həm pyes, həm oyun, həm də tamaşa deməkdir. Söz oyunundan istifadə
edərək “with out
play” (oyunsuz) ifadəsinin
baş hərflərini
(WOP) tərsinə çevirdik
“dOM” alındı.
“Poliqon” teatr
platforması “dOM” teatrının layihələrindən
biridir. “Poliqon” adında da söz oyunundan
istifadə eləmişəm.
Məsələ bundadır ki,
“poliqon” ingilis dilində çoxşaxəli,
çoxbucaqlı deməkdir.
Bu platforma müxtəlif
layihələrin həyata
keçirilməsi üçün
zəmin yaradır.
– Niyə məhz interaktiv?
– 2005-ci ildən interaktiv teatr növləri ilə məşğul idim deyə, həm də öz inkişafım üçün müəyyən
dərəcədə perspektiv
gördüyümdən həmin
teatr növlərini təcrübədən keçirdim.
Xüsusilə ənənəvi
teatr sahəsində problemlərlə üzləşəndən
sonra başa düşdüm ki, Azərbaycan tamaşaçısını
bütün interaktiv teatr növləri ilə tanış
etmək lazımdır.
Birinci mərhələdə tamaşaçıları
sırf maarifləndirmək
üçün bu tamaşaları təqdim etdik.
– İnteraktiv teatr yeni aktyor oyunu
tələb edir...
– Bu günə kimi YARAT Müasir İncəsənət
Mərkəzində, “Antikafe”də,
“ARTIM rooms” sərgi salonunda,
Milli Xalça Muzeyində tamaşalar oynamışıq. İnteraktiv teatr
üçün qeyri-adi
məkanlar daha uyğundur. Öz təcrübəmə arxalanaraq əmin oldum ki, interaktiv
teatr tamaşalarında
iştirak üçün
yeni aktyor oyunu texnikasına ehtiyac var və
yeni metodika yaratmaq lazımdır.
Bu səbəbdən də “Poliqon” yaradıcılıq platforması
meydana gəldi. Bu platformanın yaradılmasına
Azərbaycan Teatr Xadimləri İttifaqı,
“Asmart”, “Actors agency” yaxından
dəstək oldular.
Platforma Azərbaycan teatr məkanında alternativ teatr ideyalarının realizəsini nəzərdə
tutan yaradıcı birlikdir.
Bu layihə çərçivəsində
aktyorluq sənəti üzrə təhsil alan, fəaliyyət
göstərən və
ya gələcəkdə
fəaliyyət göstərmək
niyyətində olan iştirakçılar müsabiqə
yolu ilə seçildilər. Teatr təhsili
olmayanlar cəlb edilmişdi və biz metodikanı sınaqdan keçirdik.
– Yeni metodika ilə
bağlı fikirlərinizdə
Yakob Morenonun “Spontan teatrı” ilə bir bağlılıq
varmı?
– Vaxtilə Moreno bu
yolu sınaqdan keçirmiş, müəyyən
problemlərlə üzləşmiş
və işi alınmamışdı. Moreno metodikasının
tənəzzülə uğramaması
üçün bunu tətbiqi sahəyə – psixoterapiyaya yönəldirdi...
Bu metodika üzrə
ilk tamaşamız Sevinc
Çılğının “Şağ” əsəri əsasında səhnə
işi oldu. Tamaşanı YARAT-ın səhnəsində
təqdim etdik. Özlərinin də xəbəri
olmadan tamaşaçılar
oyuna qatılmışdılar.
İnteraktiv teatrda improvizə
deyil, xüsusi aktyor texnikası daha önəmlidir. Ancaq tamaşaçı ilə
çalışmaq çox
mürəkkəb işdir.
Tamaşanı oynamaq asandır,
amma sən elə oynamalısan ki, tamaşaçıda bu oyuna qatılmaq
istəyi yaransın.
Buna görə də yeni spontan
aktyor oyun texnikası tərtib etdim. Demək olar ki, bu metodikanı bitirmək üzrəyəm.
Burada mövzu təsdiq olunur. Heç bir məşq
olmadan yerindəcə
tamaşa oynanılır.
– Heyətiniz neçə nəfərdən ibarətdir?
– Heyətimiz sabit deyil. Kimisi gəlir, kimisi
gedir. Ancaq seçmə aktyorlardır.
Əksəriyyəti də gənclərdir.
Məkan
məhdudiyyəti olmadığı
üçün bizdə
truppa məsələsində
də fərqli yanaşma var. Layihədən
layihəyə fərq
olur. “Poliqon”
platformasının iştirakçıları
da bura cəlb
olunur.
– Bir qədər də müstəqil teatrlara münasibətdən
danışaq...
– Çox şadam ki, son zamanlar dövlətimiz qeyri-dövlət
sektorundakı canlanmanı
nəzərə alaraq
bu sahəyə təkan verir, şərait yaradır. Həmçinin incəsənət
sahəsində özəl
biznes, özəl iqtisadi formalar, o cümlədən teatr kompaniyaları, qalereyalar, moda və s. sahələrə dəstək
verilir. Kreativ sənaye sahələri
son illərdə Avropada
iqtisadiyyatın ayrılmaz
və vacib hissələrindən birinə
çevrilməkdədir. Teatr, muzey, tətbiqi
sənət, folklor nümunələri və
s. yaradıcı sənayenin
əsas istiqaməti olaraq bəzi ölkələrdə əldə
edilən gəlirə
görə əhəmiyyət
kəsb edir. Düşünürəm ki,
bu proses bizdə də qaçılmazdır. Müəyyən müddətdən sonra yaradıcı sənayelərin
inkişafı üçün
daha məhsuldar və konstruktiv bir hüquqi baza yaradıla bilər.
– Yeni tamaşanız barədə nə deyərdiniz?
– Gənc Tamaşaçılar
Teatrında səhnəyə
qoyulan (11 noyabr - red.) “İclas” tamaşası İsmayıl İmanovun pyesi əsasında hazırlanıb. Tamaşada səkkiz
aktyorumuz oynayır.
Əməkdar artistlər
Yaqut Paşayeva, Qasım Nağıyev və “Poliqon”un
uşaqları. Təbii ki,
yenə də tamaşaçıların iştirakı
ilə. Valideyn iclası
formatında keçirilən
tamaşada seyrçilər
tamaşanın gedişatında
iştirak edə bilərlər. Bu tamaşa da bir sınaqdır. Çünki iki interaktiv teatr növünü bir yerdə təqdim edirik: forum və görünməz teatr. Final isə tamaşaçıların
fəaliyyətindən asılı
olaraq yekunlaşacaq.
– İndiyəcən neçə
tamaşa hazırlamısınız? Qarşıda nə kimi planlarınız
var?
– “Limbo”, “Şağ”, “İki amerikano və çizkeyk”, “Söz” ədəbiyyat layihəsi çərçivəsində Mikayıl Müşfiqə həsr olunmuş “Etiraf” tamaşalarını hazırlamışıq. Planlara gəlincə, spontan aktyor oyunu texnikasını təkmilləşdirib Azərbaycandan kənarda tədris etmək fikrindəyəm. Müştərək bir layihə də etmək istərdim.
LALƏ
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.5.