Onun rənglər dünyası
Azərbaycan təsviri sənətində
öz dəst-xətti
olan Adil Əsədli dövrümüzün
ən istedadlı rəssamlarındandır. Hər dəfə
onun rənglər dünyası ilə üz-üzə duranda bir daha bunu
yəqin edirsən.
Ürəyinin hisslərini, qəlbindən
keçənləri əks
etdirdyinə görə
yaratdıqları həm
də mənəvi saflığın təcəssümü
kimi görünür.
Əsərləri könül dünyamıza
müasir həyatın
estetik zövqünü
gətirməklə həm
də xalqımızın
tarixini, gün-güzəranını
göstərir.
Yaradıcılıq palitrası zəngin olan, sənətinin kamillik zirvəsinə qalxan Adil müəllim
ömrünün 65-ci ilini
tamamladı. Dünyaya göz açdığı,
torpağına, daşına
ürəkdən bağlandığı
Lənkəran şəhərində
yaşayıb-yaradır. Fırçası ilə insan
qəlbinin incəliyinə
nüfuz edən rəssam uşaqlıqdan bu sənətin vurğunudur. Xəzərin coşqun dalğaları isə lap əzəldən
Adilin yaradıcılığına
güc verib. Böyük maraqla çəkdiyi rəsmləri
“Azərbaycan pioneri”,
“Azərbaycan gəncləri”
qəzetlərinə, “Pioner”,
“Göyərçin” jurnallarına
göndərib.
Torpaq, vətən
sevgisi ilə boy atan, ulu yurdun
gözəlliyini uşaq
dünyasına gətirən
Adil Əsədli Lənkəran şəhərində
orta məktəbi bitirir. Hərbi xidmətdən
sonra Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbinə
üz tutur. Yaradıcılıq təxəyyülü məcrasına düşdükcə
insanı heyran qoyan rəsmlərin sayı da artır.
Fırçasını müxtəlif janrlarda
uğurla sınayır,
əsərlərinin sorağı
isə respublika və beynəlxalq sərgilərdən gəlir.
Daimi axtarışda olan Adil Əsədli sənətin sirlərinə
hərtərəfli, daha
mükəmməl yiyələnmək
üçün N.Tusi
adına Azərbaycan Pedaqoji Universitetində Bədii qrafika fakültəsində
təhsil alır. Bu dövrdə oxuyub-öyrənməklə
bərabər, duyduğu,
yaşadığı, özünün
idrak, qəlb süzgəcindən keçirdiyi
mövzulara müraciət
etməklə rəssamlıq
aləmində yeni imzalar qoyur.
1985-ci ildə ali
məktəbi başa
vurub Lənkərana qayıdır. Şəhərdəki Uşaq rəssamlıq
məktəbinə direktor
təyin olunur. Adil müəllim ilk gündən
böyük həvəslə
işə başlayır,
gələcəyin istedadlı
rəssamlarını yetişdirmək
üçün səylə
çalışır. Öyrətməklə yanaşı, özü
də öyrənməkdən
zövq alır.
Çox keçmir ki, məktəbin yetirmələrinin işləri
müxtəlif ölkələrdə
– Türkiyədə, Özbəkistanda,
Yaponiyada, Çexiyada,
Misirdə, Polşada sərgilənir, medallara, diplomlara, fəxri fərmanlara layiq görülür. Sənətin ilk sirlərini Adil müəllimdən öyrənənlər
indi Azərbaycanın,
xarici ölkələrin
rəssamlıq məktəblərində,
akademiyalarında təhsil
alır, yaratdıqları
əsərlərlə Azərbaycanın
təsviri sənətinə
uğur gətirirlər.
Adil müəllim bir müddət Lənkəran
Dövlət Universitetində
də tələbələrə
dərs deyib. Burada da qoyduğu yadigarlar çoxdur. Vətən, torpaq sevgisi ilə yaşayan rəssamın “Lənkəran mayakı”,
“Xan sarayı”, “Azərbaycan sərkərdələri”,
“Babək”, “Ana torpaq” kimi əsərləri Tanrının ona verdiyi böyük istedadın sənət təcəssümüdür.
Adil müəllimin Lənkəran
Dövlət Universitetində,
Lənkəran Dövlət
Dram Teatrında, Bakıda
– V.Səmədova adına
sərgi salonunda, “ATV Qalereya”da fərdi sərgiləri açılıb.
ABŞ-da avanqard
rəssamların sərgisində
iştirak edib. 30-dan çox əsəri
ABŞ, İngiltərə, Türkiyə, Fransa, Polşa, İran, Rusiya, Ukrayna və Gürcüstanda şəxsi kolleksiyaları
bəzəyir. 2000-ci ildə “Qrafika əsərləri” adlı
kitabı işıq üzü görüb.
Qəzet,
jurnal, kitab səhifələrində çoxlu
əsəri dərc edilib. 20 ilə
yaxındır “Dədə
Qorqud” mövzusunda əsərlər yaradır.
“Azərbaycan xalça
sənəti”, “Azərbaycan
dekorativ-tətbiqi sənətində
mifik obrazlar”, “XV-XVI əsrlərdə Azərbaycan
milli geyimləri” və s. elmi-publisistik məqalələri həmkarları
arasında marağa səbəb olub. Bu gün də
dövri mətbuatda imzası görünür.
Mən deyərdim
ki, rəssamlıq Adil müəllimdə ilahi bir vergidir. Sənətinə hədsiz maraqla yanaşır. Sehrli fırçasında
ilahi qüdrətinin paklığı var. Odur ki, çəkib ərsəyə gətirdiyi
əsərləri təbiətin
yaratdığı kimi
canlı, təbii alınır, insan uzun müddət onların cazibəsindən
çıxa bilmir.
Rəssam əsərlərində qadın gözəlliyini,
saflığını özgə
bir zövqlə tərənnüm edir.
“İki bacı”, “Qadın armud ilə”, “Lənkəran qızları limon
bağında”, “Qız
ceyran ilə”, “Aşıq Pəri” əsərlərində sanki
qadını ilahi bir varlığa çevirir.
Söz sərrafı,
ağsaqqal-ziyalı, şair
Məsudi Dövran Adil müəllimə bir şeir qoşub. Elə həmin şeirin bir bəndi ilə yazımı tamamlayıram:
Kökü Savalanın çeşməsini
içib,
Tanrı qismətilə bir sənət seçib.
Həyatın özünü olduğu
kimi,
Görüb-götürənin gözüdür Adil.
Zəfər
ORUCOĞLU
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.7.