Müstəqil Azərbaycanın mədəniyyət
siyasətinin inkişaf dinamikası
(əvvəli qəzetin 8 noyabr tarixli sayında)
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət
ili” elan olunması haqqında müvafiq sərəncamlarına
uyğun olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə ilk dəfə keçirilən “Bölgələrdən
bölgələrə” yaradıcılıq festivalı
2019-cu ildə növbəti dəfə reallaşdırılaraq
paytaxtla bərabər regionlarımızda da mədəniyyət
sektorunun yüksək dinamikasını nümayiş etdirdi.
“Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası, “Daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı” kimi konseptual sərəncamlar öz məzmunu
ilə göstərir ki, nəinki mədəniyyətimizin
müxtəlif sahələri, ümumən mədəni dəyərlərimiz,
bütövlüklə Azərbaycan mədəniyyəti dövlət
siyasətinin ümumi inkişaf kursu daxilində yeni istiqamətlərə
yönəldilir, dövrün tələblərinə
uyğun olaraq inkişafı təmin olunur və dünya mədəniyyət
müstəvisinə inteqrasiya etdirilir.
Ötən
müddətdə incəsənətlə bağlı qəbul
edilən bir sıra dövlət sənədləri – “Teatr və
teatr fəaliyyəti haqqında” qanun, “Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında” sərəncam, “2009-2019-cu
illərdə Azərbaycan teatrı”, “2008-2019-ci illərdə
Azərbaycan kinosunun inkişafı haqqında” Dövlət
proqramları və sair ötən illəri əhatə edən,
bu sahələrin inkişafına geniş zəmin yaradan mədəniyyət
hadisələri əsl canlı mənzərədir.
İşğalçı
Ermənistanın dağıtdığı mədəni irs nümunələrimizin, qiymətli sənət
əsərlərimizin, mədəniyyət abidələrimizin
özümüzə qaytarılması və bərpa olunması
istiqamətində də beynəlxalq miqyasda gərgin işlər
aparılmaqdadır. Didərgin
salınmış mədəniyyət müəssisələrimizin
hamısını dövlət öz nəzarətinə
götürüb, onların inkişaf etdirilməsi istiqamətində
xüsusi proqramlar həyata keçirilir. Mədəniyyət
Nazirliyi mədəniyyətimizə, ümumiyyətlə, mənəvi
dəyərlərimizə qəsbkar düşmən tərəfindən
vurulmuş ziyanın aradan qaldırılması, itirilmiş
bütün torpaqlarımızla yanaşı, mədəniyyət
abidələrimizin, mədəni irsimizin özümüzə
qaytarılması üçün xalqımızın səfərbər
olunmasına çalışır. Bu iş həmçinin
ruh yüksəkliyi yaradan, xalqımızı birliyə, həmrəyliyə
ruhlandıran sənət nümunələrinin
yaradılmasına rəvac verir. Torpaqlarımızın
işğaldan azad olunması istiqamətində aparılan
siyasətin mədəniyyət qolu, daima aktivlik göstərir.
Bu istiqamətdə mədəniyyət siyasətimiz
xalqımızı milli birliyin möhkəmlənməsinə
və birgə mübarizə aparmağa səsləyir. Mədəniyyət naziri Əbülfəs Qarayevin
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycanın işğal altındakı
torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan
mədəniyyətinə qarşı olan təcavüzlə
mübarizədə bütün ictimaiyyəti birləşməyə
çağırır!” sözləri mədəniyyət
xadimlərini səfərbər edir və mübariz olmağa
ruhlandırır.
Erməni
faşizminin zərbəsinə məruz qalmış
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı bu çağırışa
can-dildən qoşulur, göstərdiyi fəaliyyətlə mədəniyyət
siyasətimizin inkişaf dinamikasında layiqli yer tutmağa
çalışır. 1882-ci ildə İrəvanda
peşəkar Azərbaycan teatrının əsasının
qoyulmasından sonra bu şəhərdə milli teatr sənətimiz
zəngin inkişaf yolu keçmişdir. İrəvan
Azərbaycan Teatrı 1989-cu ildə Ermənistan hökuməti
tərəfindən bütün hüquqi statusu və əmlakı
əlindən alınmaqla, zorla öz yurdundan – İrəvan
şəhərindən didərgin salınmışdır.
1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin yüksək
qayğısı ilə teatrın ölməzlik statusu – dövlət statusu
özünə qaytarıldı. 2007-ci ildə Prezident
İlham Əliyevin sərəncamı ilə teatrın 125
illiyi təntənəli şəkildə qeyd olundu və bu tədbirlər
məhz mədəniyyət strategiyamızın inkişaf
konsepsiyası çərçivəsində, Mədəniyyət
Nazirliyinin xüsusi təşəbbüsü və dəstəyi
ilə Türkiyə Cümhuriyyətinin bir neçə
şəhərində davam etdirildi. Həmin
tarixdən etibarən İrəvan Azərbaycan Teatrı
davamlı olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü
və dəstəyi ilə dəfələrlə Rusiya,
Türkiyə, Gürcüstan kimi ölkələrdə
genişmiqyaslı qastrol səfərləri ilə öz
yaradıcılıq potensialını nümayiş etdirib. Azərbaycanın haqq
səsinin beynəlxalq aləmdə eşidilməsi və
İrəvan, Qarabağ həqiqətlərini dünyaya bəyan
etmək, siyasi məsələləri mədəniyyət
sferasında yüksək müstəviyə qaldırmaq,
siyasi strategiyanı mədəniyyətin dili ilə ifadə
etmək məqsədilə respublikamızın
çoxsaylı layihələri dünya miqyasına
çıxarılmağa başlandı. Bu
layihələr xüsusən Heydər Əliyev Fondunun
öncüllüyü ilə ərsəyə gəlir və
öz real təsirini göstərir. Bu istiqamətdə ən
güclü təbliğat və təşviqat imkanına
malik olan layihələrdən biri 2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə start götürən və bu gün də davam etdirilən,
həm də öz töhfəsini olduqca dolğun şəkildə
verən “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasıdır. C.Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrı da bu
kampaniya çərçivəsində hər il yeni layihələr
hazırlayır, həmin layihələrlə həm
respublikamızda, həm də xaricdə aktiv fəallıq
göstərir.
Mədəniyyət
hadisələrinin ən dolğun nümunələrindən
biri də ölkə Prezidenti tərəfindən
böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illiyi münasibətilə imzalanmış sərəncama
əsasən keçirilən tədbirlər silsiləsi vasitəsilə
bir-birindən maraqlı, həm də beynəlxalq miqyas alan
layihələrin həm ölkəmizdə, həm də
xaricdə həyata keçirilməsidir. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü,
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfə
reallaşan Nəsimi – şeir, incəsənət və mənəviyyat
festivalı xüsusi qeyd edilməlidir. Onu
da demək yerinə düşər ki, 1 oktyabr 2018-ci ildə
keçirilən Nəsimi festivalı çərçivəsində
təqdim olunan “Bahariyyə” musiqi layihəsi diqqət çəkmişdi.
Bilirik ki, Nəsimi poeziyasının cövhərində
nüvə partlayışı dinamikası cərəyan
edir. Məhz bizim mədəniyyət strategiyamız həmin
dinamikaya xas xüsusiyyətlə hərəkət etməkdədir.
Bu bir unikal vəhdətdir.
Böyük dövlət olaraq yaşamaq və
inkişaf etmək asandır, lakin kiçik dövlət olub,
böyük dövlətlər sırasında bərqərar
olmaq çox çətindir. Azərbaycan bu müstəviyə,
böyük dövlətlər sırasına məhz
yürütdüyü səlis siyasətlə yüksəlmişdir.
Əlbəttə ki, Azərbaycan təkcə
iqtisadi irəliləyişlə dünya birliyinə
bağlanmaq və bununla kifayətlənmək niyyətindən
uzaqdır. Azərbaycan bütün dünyaya
göstərməkdədir ki, geniş arealda strategiya ilə
öz yolunu davam etdirir. Ölkəmiz elə
nizamla inkişaf edir ki, hətta bəzi böyük dövlətlər
öz potensiallarından Azərbaycan qədər yararlana bilmədiklərini
gizlədə bilmirlər. Azərbaycanı Avropaya
bağlayan Bakı–Tiflis–Ceyhan, Baki–Tiflis–Ərzurum,
Bakı–Novorossiysk, Tanap neft və qaz boru kəmərləri,
Bakı–Tiflis–Qars dəmir yolu xətti və digər
böyük layihələrin gerçəkləşməsi
ilə yanaşı, respublikamızın mədəniyyət
sektorunun hamiləri “İpək Yolu” vasitəsilə Azərbaycanı
həm də dünya mədəniyyət sektoruna
qovuşduran, mədəni-kütləvi tədbirlərin həyata
keçirilməsini gerçəkləşdirən tarixi yola
yenidən və yeni mahiyyətlə körpü salır. Azərbaycanın
amalı Yer kürəsinə öz maddi və mədəni sərvətləri
ilə sıx bağlanmaq, bu yolla həm milli məfkurəmizi,
milli dəyərlərimizi, zəngin sərvətlərimizi,
həm də ən başlıcası, humanist mövqeyimizlə
dünya birliyində nümunəyə çevrilmə
üstünlüyümüzü qoruyub saxlamaqdan ibarətdir.
Bu məqsədə xidmət edən layihələr
sırasında ölkəmizdə və xaricdə keçirilən
böyük mədəniyyət tədbirlərinin xüsusi
yeri var.
2010-cu ildən ənənəvi olaraq reallaşan “İpək
Yolu” Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
bunun parlaq nümunələrindəndir. Bu məsələyə bir
də teatr kontekstindən baxsaq görərik ki, 12 noyabr 2010-cu
ildə Bakıda keçirilən Çexov adına Beynəlxalq
Teatr Festivalının “İpək Yolu” mərhələsi
beynəlxalq tədbirlər sırasında mühüm əhəmiyyətə
malikdir. Azərbaycan teatrları təkcə ötən 10-12
ildə Rusiya, Türkiyə,
Misir, Bolqarıstan, Tacikistan, Gürcüstan, Ukrayna, Belarus,
İran, Mərakeş, Avstriya, Fransa, Almaniya, Hollandiya,
İsveçrə və s. ölkələrdə
çıxış etmişlər. Bu səfərlər
digər mədəniyyət müəssisələrinin xarici
ölkələrdə həyata keçirdikləri tədbirlər
sırasında mədəniyyətimizin geniş miqyasda təbliğ
olunmasına rəvac verən hadisələrdir.
Azərbaycan mədəniyyətinin bu istiqamətdə
göstərdiyi çeviklik onun intibah etməsinə də səbəb
olan amildir. Bu sıradan onu da qeyd etmək yerinə
düşür ki, ötən müddətdə dünya
şöhrətli bədii kollektivlər, teatrlar,
musiqiçilər, dirijorlar da Azərbaycana qastrol səfərlərinə
təşrif buyurmuşlar. Eyni zamanda dahi Ü.Hacıbəylinin
125 illiyi münasibətilə “Arşın mal alan”
operettası Türkiyə, Çin, Belarus, Türkmənistan,
Ukrayna və Qazaxıstanda öz səhnə həyatına
qovuşmuşdur.
Azərbaycan
mədəniyyətinin teatr qolu barədə söz açarkən
qeyd etməliyik ki, ölkə başçısının 18
may 2009-cu il sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı,
öz fəaliyyəti ilə milli mədəni sərvətə
çevrilmiş Azərbaycan teatrının zəngin bədii
irsinin və yaradıcılıq ənənələrinin
qorunmasına, ümumbəşəri və milli dəyərlərin
təbliğinə, dünya mədəniyyətinə
inteqrasiyasına, repertuarın günün tələblərinə
uyğun formalaşması məqsədlərinə xidmət
edən mühüm amillərdəndir. Mədəniyyətimizin
dinamik inkişafının təmin olunması məqsədilə
ölkə rəhbərinin imzaladığı, bu kiçik
məqaləyə yerləşdirməyin mümkün
olmadığı bütün ali sərəncamlar
məhz düşünülmüş nurlu siyasətin təzahürüdür.
Və bütün bu hadisələr bir anlıq gözlərim önündə canlanarkən, Mədəniyyət nazirinin VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı çıxışında vurğuladığı fikirlərlə diqqəti kitab aləminin mədəniyyətimizin inkişafındakı roluna cəlb etməsi, həqiqətən də, müstəqillik dövrümüzün inkişaf prosesində mədəniyyət siyasətinin parlaq şəkildə özünə yer tutmasını aydın nəzərlərlə görmək mümkünlüyü ilə məni bu sahənin nümayəndəsi olaraq düşündürməyə başladı. Əcəba, bu qədər zəngin və dolğun mədəniyyət fəaliyyəti hansı gücün, qüdrətin imkanları ilə hərəkət edir? Bu işlərin ahəngi hansı səsin avazı ilə ən zil nöqtəyə yüksəlir? Bu qədər çevik dinamika nəyin potensial imkanları ilə inkişafa doğru irəliləyir? Mütləq ki, burada bir sirr, bir sehr vardır deyə düşünmək istəyərkən, saymaqla bitib-tükənmək bilməyən, hər biri bir hadisəyə çevrilən bütün bu mədəniyyət tədbirləri, görülmüş uğurlu işlər gözlərim önündə elə əsrarəngiz qurşaq yaradır ki, ümumi fikirlərimi daha da bütövləşdirən, bir mənzərəni də diqqətə almaqda fayda olduğunu mənə diktə edir. Beynəlxalq kitab sərgisində iştirak edən Azərbaycanın görkəmli sənətkarları və sadə insanlarla apardığımız ayaqüstü sənət söhbətləri və bu söhbətlərin məğzində dayanan mədəniyyət aləminin inkişaf prosesində gedən, bir-birini əvəzləyən uğurlu işlərin fonunda kitaba və kitabın verdiyi bəhrələrə ölkəmiqyaslı diqqətin xoş təəssüratlarına baxış, eyni zamanda teatr xadimləri olaraq bizim üzərimizə düşən məsələlərdə çeviklik və keyfiyyət məsələləri barədə olan mühüm əhəmiyyətli, yüksək dəyərə malik fikir mübadilələri də məndə bayram mühitindən doğan ovqatı dərinləşdirir, yüksək ruhsal əhval yaradır, belə qənaətə gəlirəm ki, bütün sirlər və sehrlər yalnız və yalnız dərin idrakın, sarsılmaz əzmin, böyük zəhmətin, səngimədən, fasiləsiz çalışmanın, ən başlıcası isə, ölkə rəhbərinin apardığı işıqlı siyasətin nəticəsidir.
Teatr sənətinin kitab fenomeninin hikmətini açmaqda və təlqin etməkdə əvəzsiz yeri olduğunu nəzərə alsaq, bu kitab bayramında aparılan fikir mübadilələrinin və sənət söhbətlərinin özü də məhz kitab dünyasının təhlil və təlqin motivasiyası olaraq, hər bir mədəniyyət xadimində çeviklik və dinamiklik aşılayır. Nəzərlərimin bir anlıq müşahidə ekskursu zamanı Azərbaycan mədəniyyətində aparılmış bu işlərin eksplikasiyasını təsəvvürümdən keçirdikcə, bu motivasiyanın görülən nəhəng işlərdən zövqalma və sabaha açılan işıqlı pəncərədən irəliyə istiqamətlənən yolun konturlarında çalışma stimulunu görürəm.
Beləliklə, yaranan təsəvvür budur ki, Azərbaycan mədəniyyəti sağlam köklər üzərində öz çevik dinamikası ilə davam etdirilir. Bu yolda Mədəniyyət Nazirliyinin, eləcə də bu quruma daxil olan müəssisələrin, bu sahədə çalışan bütün insanların üzərinə düşən vəzifələr əzmlə, sarsılmayan güc və qüvvətlə dövlət siyasətimizin bir hissəsi olaraq yerinə yetirilir. Qazanılan uğurlar, nümunəvi nəticələr göstərir ki, getdiyimiz bu yol ən doğru və ən düzgün yoldur. Ona görə də bu gün mədəniyyət strategiyamız öz çevik dinamikası ilə hərəkətdədir və intibah edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandir və ni̇da!” fəlsəfəsinin potensialı ilə qaynayan və coşan Azərbaycan mədəniyyətinin amalı səngimədən, çevik dinamika ilə çalışmaq hikmətini qoruyub saxlayacaqdır. Və bu da görünən həqiqətdir ki, tərəqqi və inkişaf məhz bu yoldadır – ölkə rəhbərinin müəyyən etdiyi sağlam təməllərlə döşənmiş işıqlı yolda! Yolumuz daima açıq olsun!
İFTİXAR
Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.-
2019.- 15 noyabr.- S.6.