Tarixi şəxsiyyətləri yaşadan rəssam
Rəssam Zöhrab Dadaşov 1963-cü ildə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkidə dünyaya göz açmışdır. Uşaq yaşlarından doğulub boya-başa çatdığı torpağın ecazkar gözəlliyi, təkrarolunmaz təbiəti onda yaratmaq həvəsi oyatmışdır.
Bu istək onu Bakıya – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirir. Burada xalq rəssamları Mikayıl Abdullayev və Böyükağa Mirzəzadədən dərs alır, 1982-ci ildə məktəbi bitirir. 1990-cı ildə ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində başa vuran Zöhrab müəllim özünü təsdiq etmək üçün yaradıcılıq axtarışlarına başlayır.
Ümumiyyətlə, yaradıcılıq özü bir eksperimentdir. Rəssam da daim axtarışda
olmalıdır. Bu baxımdan
Zöhrab Dadaşovun
ilk fərdi sərgisi
də simvolik xarakter daşıyırdı.
1991-ci ildə Bakıda təşkil olunmuş “Yeddinci qat” adlı sərgidə nümayiş
olunan əsərlərin
əksəriyyəti qrafik
işlər idi.
Bu əsərlərdən çıxış edərək
belə bir nəticəyə gəlmək
mümkündür ki,
rəssam insan varlığının möcüzələr
yaratmaq gücünün
sehrindədir. Hind fəlsəfəsi
və bəzi oxşar Asiya mədəniyyətlərində çakra (sanskrit
dilində) insan bədənində mövcud
olan metafiziki və ya biofiziki
enerjinin əlaqə nöqtəsi olaraq qəbul edilir. Bu fəlsəfəyə görə, insanın başının üstündə
müsbət bir axın, onurğa sümüyünün altında
isə mənfi bir axın vardır.
Bu iki “qütb”
arasında dövr edən elektrik gücü “həyat”dır.
Bu enerji mərkəzləri
güclü elektrik sahələri olduğundan
gözlə görülə
bilməz. Çakralardan buraxılan enerji insanın ətrafında işıqsaçan, adı
gözlə görünməyən
energetik sahə formalaşdırmaqdadır. Bütün bu energetikanın, bu fəlsəfənin dərinliyini öz tablolarına yansıdan Zöhrab Dadaşovun ilk fərdi sərgisi böyük marağa və səs-küyə səbəb olmuşdu.
1992-96-cı illərdə Zöhrab Dadaşov “Nizami” kinoteatrında da rəssam kimi fəaliyyət göstərmiş, bir çox filmlərin afişa və reklamlarının tərtibatçısı
olmuşdur. Çoxlarının
heyranlıqla baxıb
keçdiyi o afişaların
müəllifinin Zöhrab
müəllim olduğunu
bilənlər yəqin
ki, az
saydadır.
Qafqazda XVIII əsrin
saray memarlığının
ən gözəl nümunələrindən hesab
edilən Şəki Xan sarayı həm də İslam Şərqinin memarlıq incilərindəndir. İnşa edildiyi
dövrdən sonra bina dəfələrlə
təmir və yenidənqurma işlərinə
məruz qalsa da, bu işlər
onun xarici görünüşünə o qədər də ciddi təsir etməmişdir. 2002-ci ildə
“Mədəni irsin mühafizəsi” layihəsi
çərçivəsində sarayda bərpa işlərinə start veriləndə
Zöhrab Dadaşov da bu məsuliyyətli
işdə iştirak
etmək üçün
təklif alır. Doğulduğu torpağın tarixi
abidəsinin bərpasında
onun da əməyi,
alın təri və böyük zəhməti vardır.
Şəki Xan sarayının birinci mərtəbəsində “yük
yeri” deyilən hissəsində bərpa işləri aparan rəssam 6 ay alman mütəxəssisləri ilə
birgə çalışaraq
sarayın rəsmləri
üçün spesifik
olan qızılı rəngin çalarlarından
– orijinaldan qalmış
rənglərdən çıxış
edərək rəngləri
boğa-boğa paslı
köhnəlik effekti yaradaraq divarın tökülmüş hissəciklərinin
bərpasını uğurla
başa çatdırmışdır.
Zöhrab Dadaşovun yaradıcılığında
portret janrı mühüm yer tutur. Portret janrının əsas
obyekti insandır.
Ən gözəl və mükəmməl portret yaratmaq üçün sadəcə insanı müşahidə etmək
kifayət deyil. Onun daxili aləmini, duyğu və düşüncələrini zahiri
görünüşdə rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Zöhrab müəllim bir-birindən
fərqli obrazlar – müxtəlif əmək
adamlarının, tarixi
şəxsiyyətlərin portretlərini yaratmışdır.
Çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə
malik olmasını, obrazın daxili aləminə, mənəvi
dünyasına nüfuz
etməsini açıq-aydın
görmək olur.
Rəssam kətanda rəngləri
elə mükəmməl
oynadır ki, zövq almamaq qeyri-mümkündür.
Tanınmış portret ustasının məşhur əsərlərindən
biri VII əsrdə yaşamış alban şairi Dəvdəkin portretidir. Çox təəssüflər ki, şairin yaradıcılığından dövrümüzə yalnız
Qafqaz Albaniyasının
hökmdarı Cavanşirin
ölümünə həsr
etdiyi elegiya gəlib çatmışdır.
Portreti bir şəxsin xarakteristik özəlliklərini,
xarici görünüşünü
gələcək nəsillərə
ötürən bir miras kimi düşünsək,
Zöhrab Dadaşov şairin portretini uğurla kətan üzərinə köçürmüşdür.
Portretə baxdıqda cəsur,
üsyankar ruhlu şairi görürük.
O, sanki zəmanəsinə
üzünü çevirərək
şikayətlənərkən yaşadığı dövrün
ağır və çətin tələblərinin
onu yorduğunu və incitdiyini simasında aydın görmək mümkündür.
Portret ustası şairin gərgin üz cizgilərini, yorğun və savaşçı ruhunu, uzaqlara baxan gözlərini ustalıqla işləyib.
Heç
zaman yazmaqdan, yaratmaqdan əl çəkməyən şairin
sağ əlində mərsiyələri vardır.
Əynindəki libası isə
arxa fonun sakit və hüzur
verən rəngi ilə təzaddır.
Onun qırmızı rəngi
seçməsi isə
heç də təsadüfi deyil – şairin ədalətsizliklərə,
zülmlərə rəğmən
həyat eşqi ilə yaratmaq ruhu ilə yaşamasıdır.
Zöhrab müəllim bir çox tarixi şəxsiyyətlərin portretlərinin
müəllifidir. Hazırda Əmir Teymurun
portreti üzərində
işləyir. Onun Teymurilər
dövlətinin banisinə
xüsusi rəğbəti
vardır. O, böyük
şəxsiyyət haqqında
özü də araşdırmalar aparır
və Əmir Teymurun məşhur arxeoloq və antropoloq M.Gerasimovun rəhbərliyi altında
1941-ci ildə Qur-Əmir
məqbərəsindən çıxarılmış
sümüklərə əsasən
yaradılmış portretindəki
təsvirdən çıxış
etmək qənaətinə
gəlir. Zöhrab Dadaşov əsərini
hələ tamamlamasa da, portret ilk baxışdan bizi özünə məftun edir. Teymurləngin cəngavər, siyasətçi
və uzaqgörən
obrazını yaratmağa
nail olan rəssam müxtəlif rəng çalarlarından istifadə
edərək əsərə
dekorativlik gətirmişdir.
Üz cizgilərinə nəzər
salsaq, zəhmli baxışların sanki düşmənə tuşlandığını
görərik. O, emosional
deyil, çox heybətli, təmkinli və özündən əmindir. Bu əminlik
düşmənlərinə qorxu və narahatlıq
təlqin etməyindədir.
Sanki hər an qüvvətlə gurlayan səsi ilə döyüş əmrini verəcək və müharibə başlayacaqdır.
Üzəri damğalı
dəbilqə, kirəmit
rəngdə zireh, hökmdara xas olan libası və qiymətli silahlar... Hər bir xırda
nüans kompozisiyanın
təsir gücünü
artırmaqdadır.
Onu da qeyd edək ki, Zöhrab Dadaşovun bir çox əsərləri
şəxsi kolleksiyalarda
saxlanılır.
Könül
VƏLİYEVA
Azərbaycan
Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.7.