Parisdə Mədəniyyət Nazirlərinin
Forumu
Nazir Əbülfəs Qarayev “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa
olunan enerji” mövsusunda paneldə çıxış edib
Parisdə – UNESCO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyası davam edir. Noyabrın 19-da sessiya çərçivəsində Mədəniyyət Nazirlərinin I Forumu keçirilib. Forumda 100-dən çox ölkənin naziri iştirak edib.
Forumu açıq elan edən UNESCO-nun baş direktoru Odre Azuley tədbirin əhəmiyyətini vurğulayıb. O, Baş Konfrans çərçivəsində ilk dəfə keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.
Forum çərçivəsində “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, “Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, “Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və “İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel təşkil olunub.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev “Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji” mövzusuna həsr olunmuş paneldə çıxış edib. Nazir çıxışında mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını vurğulayıb. Həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyi, bu sahədə Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu diqqətə çatdırılıb.
Əbülfəs Qarayev mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin rolunu vurğulayaraq bu təşəbbüs çərçivəsində reallaşdırılan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirib.
Birinci paneldə Azərbaycanla yanaşı Əlcəzair, Andorra, Anqola, Benin, Xorvatiya, Nikaraqua, Hindistan, Burkina-Faso, Konqo, Fransa, Şimali Makedoniya, Mavritaniya, Paraqvay və Çinin mədəniyyət sahəsinə məsul nazirləri də çıxış edib.
Qeyd edək ki,
Mədəniyyət naziri Əbülfəs
Qarayev səfər çərçivəsində
Parisdə bir sıra görüşlər
keçirib.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.1.