“Dublyajda səs çələngi”
“Danışan səslər” bir səhnədə toplaşdı
Zəngin inkişaf yolu keçən dublyaj sənətimizin ustad fədailəri, tamaşaçı qəlbinə yol tapan gənc sənətçilər bir tədbirdə toplaşdılar. Bir növ, illərin yaddaşı təzələndi, nəsillər qovuşdu, ekrandan bizə yaxın, doğma olan səslər öz sahiblərinin simasında “dilləndi”.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-də Nizami Kino Mərkəzində “Dublyajda səs çələngi” adlı bədii gecə keçirildi.
Gecədə 80 ildən artıq dövrü əhatə edən Azərbaycan dublyaj sənəti, onun inkişaf mərhələləri, kinonun kütləviləşməsində rolundan söz açıldı, dəyərli sənətkarlar xatırlandı. Unikal sənət növünün bu gün telekanallar və kino şirkətlərinin dublyaj studiyalarının sayəsində daha da geniş vüsət aldığı vurğulandı.
Diqqətə çatdırıldı ki, ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio Şurası, eləcə də Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşkilatçılığı ilə filmlərin dublyajı və subtitr tərcüməsi ilə məşğul olan mütəxəssislər üçün cari ilin aprel-noyabr aylarında kurslar keçirilib. Bu tədbirin də o kurslarda fərqlənənlərin təltifi məqsədilə reallaşdırıldığı bildirildi.
Sertifikatları təqdim etmək üçün səhnəyə çıxan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev dublyaj sənətinin incəliklərindən bəhs etdi. Cəmil Quliyev dünya kino sənəti nümunələrinin Azərbaycan tamaşaçısına səviyyəli şəkildə çatdıran, eyni zamanda dilimizin saflığını, zənginliyini qorumaqla bu sənəti yüksək səviyyədə təqdim edən dublyaj səs sənətkarlarına təşəkkürünü bildirdi.
Sonra kurslardakı iştirakına görə Mədəniyyət Nazirliyi, Milli Televiziya və Radio Şurası tərəfindən təsis olunan sertifikatlar təqdim olundu.
Təltif olunanlar arasında Azərbaycan Televiziyası Kino və dublyaj redaksiyasının əməkdaşları Məmmədbağır Axundov, Afaq Əhmədova, Leyla Qədirova, Ziya Əzimov, Niyazi Kərimov, Nazim Sadıqov, Yelizaveta Kərimova, Mətanət Rəhmanova da var idi.
Digər telekanalların dublyaj sahəsindəki qənaətbəxş fəaliyyəti diqqətə çatdırılmaqla onların da təmsilçiləri təltif olundular. İctimai Televiziya və Radio Yayımları Şirkətindən rejissor, aktyor Rövşən Məmmədli, “Azad Azərbaycan” kanalından Vüqar Əhmədov, Ellada Sarvan, eləcə də “Lider”, “Space”, “Xəzər”, “Dalğa”, “ARB” telekanalları, bundan başqa, bir sıra film şirkətlərinin dublyaj üzrə əməkdaşlarına da sertifikatlar təqdim edildi.
Səs sənətçilərinin bayram ovqatlı gecəsində Mədəniyyət Nazirliyi tərəfindən seçilən bir neçə dublyaj ustasına – Əməkdar mədəniyyət işçisi Arif Həbibi, Xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Ədalət Məmmədov, Şəfəq Əliyeva, Nəcibə Hüseynova, Hüsniyyə Mürvətova, aktyorlar Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Emin Nəsirli və Vüsal Murtuzəliyevə hədiyyələr təqdim olundu.
Təltif olunanlar təşkilatçılara təşəkkürlərini bildirdilər, sənətlərinə verilən qiymətdən məmnunluq ifadə edərək uzun illərini həsr etdikləri iş ilə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə Azərbaycanda dublyaj işinin inkişafında aktyorlar, səs sənətçiləri ilə yanaşı, peşəkar tərcüməçilərin, redaktorların, rejissorların da zəhmətinin böyük olduğu vurğulandı. Redaktorlardan Vidadi Babanlı, Məmmədsadıq Allahverdiyev, Asif Əliyev, Rəfiqə Hüseynova, rejissorlardan İsmayıl Əfəndiyev, Əlisəttar Atakişiyev, Şamil Mahmudbəyov, Zeynəb Kazımova, Yusif Yulduz və başqalarının dublyaj sənəti vasitəsilə ana dilimizin təkmilləşməsində, təbliğində böyük səy göstərdiyi bildirildi.
Uğurlu dublyaj nümunələrindən söz düşdükdə bütün varlığı ilə sənətə bağlı olan, aktyorluqdan, rejissorluqdan başqa, xarici filmlərin Azərbaycan dilinə tərcümə olunmasında böyük səy göstərən Xalq artisti Ramiz Əzizbəylinin də dublyaj fəaliyyəti xatırlandı, alqışlandı.
Bünövrəsi peşəkarlar tərəfindən qoyulan Azərbaycan dublyaj sənətinin aparıcı simalarından Ədalət Məmmədov, Arif Həbibi, Həmidə Ömərova, Nəcibə Hüseynova, Şəfəq Əliyeva və başqaları çıxış edərək kövrək xatirələrini dilə gətirdilər, bu sənət sayəsində sevilib seçilməklərindən fəxarətlə danışdılar.
Gecə “Qaya” qrupunun ifasında mahnı çələngi ilə başa çatdı.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.1;4.