Böyük qastrollar” çərçivəsində “Evlənmə”

 

ya “dadlı qastrol” necə olur?

 

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nəzdindəki Qastrol Fəaliyyətinə Federal Dəstək Mərkəzinin 2014-cü ildən başladığı “Böyük qastrollar” proqramı çərçivəsində paytaxtımız növbəti teatr bayramını yaşadı.

16-17 noyabr tarixində Rusiya Dövlət Akademik Malı Teatrının Bakı qastrolu gerçəkləşdi. Kollektiv Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində N.V.Qoqolun “Evlənmə” tamaşasını göstərdi.

İlk tamaşa günü səhər Moskvadan gələn qonaqların bir qrupu mətbuat nümayəndələri ilə görüşdülər.

Mətbuat konfransında Qastrol Fəaliyyətinə Federal Dəstək Mərkəzinin direktoru Yelena Bulukova, Malı teatrın direktoru Tamara Mixaylova, “Evlənmə” tamaşasındakı üç qadın rolunun ifaçıları – Rusiyanın xalq artistləri Lyudmila Polyakovaİrina Muravyova, gənc aktrisa Karina Saxanenko, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri İqor Yeroninbizim rus teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski iştirak edirdi.

Qonaqları salamlayan Aleksandr Şarovski dedi ki, Malı teatrın Bakıya bu qastrolu ilə biz 2020-ci ildə qeyd edəcəyimiz 100 illik yubileyimizə start vermiş oluruq: “Bizim Rusiya Malı teatrı ilə dostluğumuzun tarixi uzun illər öncə başlayıb. Onların altı il əvvəlki gəlişi və bizim Moskvaya səfərimiz heç vaxt yadımdan çıxmaz. Yadımdadır, biz Moskvada olan vaxt Malı teatrda təmir gedirdi və teatrın bədii rəhbəri Yuri Solomin bizi Ostrovskinin kabinetində qəbul etməli oldu. Çox unudulmaz görüş idi! Deməliyəm ki, Malı teatrın adını eşidəndə teatrla bağlı insanların qəlbindən bir gizilti keçir. Çünki Malı teatr heç vaxt dəyişiklər küləyinə və keçici dəblərə məruz qalmayıb. Şəxsən mən Malı teatrı rus teatrının ürəyi hesab edirəm”.

Sonra Qastrol Fəaliyyətinə Federal Dəstək Mərkəzinin baş direktoru Yelena BulukovaBöyük qastrollar” layihəsi barədə geniş danışdı. O, layihənin başlıca məqsədi barədə məlumat verərək vurğuladı ki, biz, müxtəlif ölkələrin teatrları arasındakı əlaqənin kəsilməməsi üçün çalışırıq.

Jurnalistlərin suallarına cavab verən Malı teatrın direktoru Tamara Mixaylova da öz növbəsində qeyd etdi ki, gələn il Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının tamaşasını öz səhnələrində görməyə şad olardılar: “Genişmiqyaslı bərpa işlərindən sonra açılmış və ən müasir avadanlıqla təchiz olunmuş əsas səhnəmizi sizin ixtiyarınıza verməyə hazırıq. Düşünürəm ki, Azərbaycan teatrının Moskvadakı qastrolu uğurla keçəcək”.

Rusiya səfirliyinin müşaviri İqor Yeronin isə ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əlaqələrdən söz açaraq söylədi ki, bu il Bakı səhnələrində Rusiyadan xeyli yaradıcı kollektiv çıxış edib. Kreml baleti” teatrı, İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı,  Beryozka” Dövlət Akademik Xoreoqrafik Ansamblı, Y.Vaxtanqov adına teatr, Moskvanın “Et Cetera” teatrı…  d. kollektivlərin adını xüsusi qeyd edən müşavir dedi ki, gələn il Rusiyada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin də maraqla qarşılanacağına əmindir.

Rusiyanın xalq artistləri İrina MuravyovaLyudmila Polyakova, gənc aktrisa Karina Saxanenko isə həm “Evlənmə” tamaşası, həm də Bakı səfəri haqqında fikirlərini bölüşdülər. Azərbaycan tamaşaçısının “Ən məlahətli və cazibədar”, “Karnaval”, “Moskva göz yaşlarına inanmır” kimi filmlərdən tanıyıb sevdiyi İrina Muravyova Bakıya artıq bir neçə dəfə gəldiyi üçün paytaxtımızda çox sevdiyi yerlərə də mütləq baş çəkəcəyini bildirdi.

Qarşıdakı tamaşanın həyəcanını yaşayan qonaqlarımızla görüş uzun çəkmədi. Çünki həm tamaşaya hazırlaşmaq, yad səhnəyə alışmaq lazım idi, həm də fürsətdən istifadə edib qızılı payızın yaz havasında şəhəri gəzmək istəyirdilər.

Amma qonaqlarımızın bir sözü diqqətimizdən yayınmadı. “Bakıya hər qastrol səfəri bizim üçün həm də dadlı qastroldur”. Onların nəyi nəzərdə tutduğu bəlli idi, amma biz də “Evlənmə” tamaşasını seyr edəndən sonra bu qərara gəldik ki, moskvalıların Bakıda oynadığı tamaşanın seyrindən sonra bizim sənət zövqümüz, əgər belə demək mümkünsə, dad baxımından “təzələndi”. Bu barədə növbəti yazıda.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.1;5.