Azərbaycan mədəni irs
sahəsində UNESCO ilə sıx əməkdaşlıq edir
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov noyabrın 15-də UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, təşkilatın eksperti Dmitri Voyakinlə görüşüb.
Zakir Sultanov Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri haqqında qonağa məlumat verərək bu irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb. Ölkəmizin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusilə UNESCO ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb. Hazırda bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin həyata keçirildiyini diqqətə çatdıran Z.Sultanov qeyd edib ki, belə layihələrdən biri Azərbaycanın ən qədim tarixi abidələrindən olan Çıraqqalada aparılır.
UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru Dmitri Voyakin Böyük İpək Yolu üzərində yerləşən tarixi məkanlarda tədqiqatların aparılması məqsədilə noyabrın 10-dan ölkəmizdə səfərdə olduğunu diqqətə çatdırıb. Qonaq səfər çərçivəsində bir sıra tarixi məkanlarımıza, o cümlədən Çıraqqala, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu, “Allah-Allah” və “Diri baba” türbələri, eləcə də qədim Gəncə, Şəmkir, Şabran, Ağsu və Qəbələ şəhər yerləri ilə tanış olduğunu deyib. Vurğulayıb ki, Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin, tarixi abidələrin UNESCO-nun Dünya irs siyahısına salınması böyük əhəmiyyətə malikdir.
Görüşdə bu
istiqamətdə qarşılıqlı maraq
doğuran məsələlər
müzakirə olunub, əlaqələrin
gələcək perspektivləri haqqında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.6.