Azərbaycanda “Özbək kinosu
həftəsi”
Noyabrın 18-də Azərbaycanda “Özbək kinosu həftəsi” başlanıb. Layihə Azərbaycan Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə keçirilir. Bu münasibətlə dost ölkənin nümayəndə heyəti Bakıya gəlib.
“Özbək kinosu həftəsi”nin açılışı ilə əlaqədar noyabrın 18-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə çıxış edərək ikitərəfli əlaqələrdən söz açdı. Bildirdi ki, 2010-cu ilin aprelində ilk dəfə Azərbaycan kinematoqrafçılarının nümayəndə heyəti Özbəkistana getdi və biz oradakı tamaşaçılara yeni filmlərimizi təqdim etdik. On ilə yaxındır ki, bu əlaqələr davam edir. Bu ilin sentyabr ayında Özbəkistanda “Azərbaycan kinosu günləri” keçirildi.
“Gəlişimizin bir məqsədi də müştərək filmlərin ərsəyə gətirilməsidir”
Diqqətə çatdırdı ki, ölkəmizdə “Özbək kinosu həftəsi” ikinci dəfə keçirilir. Bu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinləri deyil, bölgələrdəki vətəndaşlar da tanış olmaq imkanı qazanacaqlar.
Sonra Almaz Sultanzadə Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini təqdim etdi. “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, professor Şuxratullo Rizayev, kinoşünas Barno Unqboyeva, kinorejissor, Əməkdar artist Abduxəlil Miqranov, SSRİ Dövlət mükafatı laureatı, rejissor Şuxrat Mahmudov, prodüser Uluqbəy Abdullayev, Əməkdar artist Rano Şadiyeva, aktrisa Zarina Erqaşeva və ssenari müəllifi Roza Merkinbayeva mətbuat nümayəndələrini salamlayaraq Bakıda olduqlarından məmnunluqlarını ifadə etdilər.
Şuxratullo Rizayev Azərbaycan-Özbəkistan kino əlaqələrindən söz açaraq diqqətə çatdırdı ki, özbək xalqı Azərbaycan mədəniyyətinə, sənətinə, ədəbiyyatına rəğbət bəsləyib: “Çünki bizi birləşdirən köklər var. Özbəkistanda teatr və kino sənətinin inkişafında Azərbaycan xalqının böyük rolu olub. İllərlə davam edən bu dostluq əlaqələri bir müddət zəifləsə də, biz yenidən bu əlaqələri daha da gücləndirmək niyyətindəyik. Özbəkistan televiziyalarında elə bir ay olmur ki, Azərbaycan filmləri nümayiş olunmasın. “Qayınana”, “Əhməd haradadır?”, “Arşın mal alan” və s. filmlər bu gün də böyük maraqla baxılır. Xalqımız Rəşid Behbudovu o qədər çox sevir ki, məhz bu səbəbdən də çox zaman onun iştirakı ilə çəkilən “Arşın mal alan” filmini dəfələrlə nümayiş etdiririk”.
Şuxratullo Rizayev daha sonra dedi: “Gəlişimizin bir məqsədi də birgə layihələrin, müştərək filmlərin ərsəyə gətirilməsidir. İnanırıq ki, bu layihəmizi də reallaşdıra biləcəyik”.
Özbək-Azərbaycan ədəbi və mədəni əlaqələri, Özbəkistanda kino sənayesinin inkişafı ilə bağlı məlumatı diqqətə çatdıran direktor müavini kino həftəsində müxtəlif janrda – tarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək hər kəsi bu filmlərlə tanışlığa dəvət etdi.
Mətbuat konfransında media mənsublarının sualları cavablandırıldı.
* * *
Mətbuat konfransından sonra “Özbək kinosu həftəsi”nin açılış mərasimi oldu.
Mərasimdə öncə Özbəkistanda və Azərbaycanda təşkil edilən kino həftələri haqqında videosüjet nümayiş olundu.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Özbəkistanın Azərbaycandakı səfirini və özbək kinematoqrafçılarından ibarət nümayəndə heyətini salamladı.
Bildirdi ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir. Kino həftələrinin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayan Vaqif Əliyev qeyd etdi ki, bu tədbirlər mədəniyyətlərimizi qarşılıqlı təbliğ etməyə imkan yaradır, əlaqələrin inkişafına töhfə verir.
Vurğulandı ki, kino mədəniyyətin çox vacib hissəsidir və belə bir təcrübə mübadiləsi, qarşılıqlı filmlərin nümayişi bu sahədə əməkdaşlığı daha da zənginləşdirir. Özbəkistan və Azərbaycanda dövlət tərəfindən kinoya böyük diqqət var. Bizim qarşılıqlı olaraq Özbəkistanla çox gözəl ənənələrimiz olub və bu ənənələr davam etməlidir.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çıxışı zamanı bildirdi ki, kino həftəsində tamaşaçılar 6 bədii, 4 sənədli və bir animasiya filmi ilə tanış olacaqlar. Səfir diqqətə çatdırdı ki, hər il Özbəkistanda 20 bədii, 40 sənədli və 10 animasiya filmi dövlət tərəfindən maliyyələşdirilərək lentə alınır. Həmçinin özəl kino kompaniyaları da fəaliyyətini davam etdirərək müxtəlif filmlər ərsəyə gətirir. Səfir nitqinin sonunda kino həftəsinin hər iki ölkənin mədəni həyatında mühüm hadisəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi.
Sonra rejissor A.Miqnarovun “İmam Əbu İsa Məhəmməd Tirmizi” bədii filmi nümayiş olundu. Tarixi janrda lentə alınan ekran əsəri IX əsrdə yaşamış islam alimi Əbu İsa ət-Tirmizinin həyatından bəhs edir.
Qeyd edək ki, Nizami Kino Mərkəzində özbək filmlərinin nümayişi davam edir. Giriş pulsuzdur.
LALƏ
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.1;2.