Böyük ədibin 150 illiyi münasibətilə

 

 

 

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli nasir, qüdrətli dramaturq, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illiyi münasibətilə tədbir keçirilib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq C.Məmmədquluzadənin çoxşaxəli yaradıcılığından bəhs edib.

Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva ədibin yaradıcılığının mühüm bir hissəsini təşkil edən dram əsərlərindən, onun pyeslərində yaşadığı dövrün gerçək hadisələrini olduğu kimi təsvir etməsindən söz açıb.

C.Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında qısa sənədli filmin nümayişindən sonra söz 6 saylı məktəbin şagirdlərinə verilib. Məktəblilər ədibin “Müsəlman”, “Tapmaca”, “Bizim obrazovannılar” felyetonlarını, “Sizi deyib gəlmişəm” məqaləsini, “Nə bilim”, “Şapkanı görəndə”, “Nağıl”, “Dedilər” satirik şeirlərini söyləyiblər. Şagirdlərin “Ölülər”, “Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər tamaşaçıların alqışı ilə qarşılanıb.

Tədbirdə Mirzə Cəlilin “Ölülər”, “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu” əsərləri əsasında çəkilmiş filmlərdən epizodlar nümayiş olunub.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.7.