“Səfəvi tariximiz” – rəsm sərgisində

 

 

Noyabrın 21-də Xətai Sənət Mərkəzində “Səfəvi tariximiz” adlı rəsm sərgisinin açılışı oldu.

Sərgi “ASAN Xidmət”in “ASAN” Könüllülük Məktəbi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə ərsəyə gəlib.

Tədbiri giriş sözü ilə Bakı şəhəri 2 saylı “ASAN Xidmət”in əməkdaşı Günay Alməmmədova açdı.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərgi haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, sərgidə nümayiş olunan rəsm əsərləri Səfəvilər dövründə yaşamış dövlət və ictimai xadimlərin, qəhrəmanların obrazını, dövlət rəmzlərini, Səfəvilər dövlətinin iştirak etdiyi döyüşlərin, bu dövr üçün xarakterik olan qədim əşyaların, ordu üzvlərinin geyimlərinin təsviri və Şah İsmayıl Xətainin əsərlərinə çəkilmiş illüstrasiyaları əks etdirir.

 “ASAN” Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və “Məktəblinin dostupilot layihəsinin baş koordinatoru İsgəndər Məmmədov sərgidə iştirak edən rəssamları təbrik edərək onlara uğurlar arzuladılar.

Sonda sərgidə iştirak edən müəlliflər təşəkkürnamə ilə təltif olundular.

Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar arasında milli ruhmilli mövzuda yeni əsərlərin yaradılmasının stimullaşdırılması, habelə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.

İki gün davam edəcək sərgidə 100-dək rəssamın 200-ə yaxın əl işi nümayiş olunur.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.1;2.