UNESCO üzrə
Milli Komissiyanın 25 illiyi qeyd olunub
“Azərbaycan
bu gün UNESCO-nun əsas tərəfdaşlarından
biridir”
Parisdə – UNESCO Baş Konfransının
40-cı sessiyası çərçivəsində
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının yaradılmasının
25 illiyi təntənə
ilə qeyd edilib. Tədbirdə UNESCO-nun rəhbər nümayəndələri, bir
sıra ölkələrin
mədəniyyət nazirləri,
daimi nümayəndəliklərin
rəhbərləri və
əməkdaşları iştirak
ediblər.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri,
səfir Anar Kərimov giriş sözündə Azərbaycanın
təşkilatla əlaqələrindən
söz açıb. Diplomat ötən
illər ərzində
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının UNESCO ilə
elm, təhsil, mədəniyyət,
informasiya və kommunikasiya sahələrində
əməkdaşlığın həyata keçirilməsində
əlaqələndirici rol
oynadığını, təşkilatın
proqram və tədbirlərinin hazırlanması
və reallaşdırılmasında
ölkəmizin fəal
iştirakını, bir
çox layihələrə
dəstək verdiyini diqqətə çatdırıb.
UNESCO baş direktorunun
Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko baş direktor adından təbriklərini
çatdıraraq bildirib
ki, Azərbaycan Milli Komissiyası ilə UNESCO arasında əməkdaşlıq yüksək
səviyyədədir. Azərbaycan 25 ildə böyük irəliləyişlər əldə
edib və bu gün təşkilatın
əsas tərəfdaşlarından
biridir.
Baş direktorun müavini
UNESCO-nun gündəliyindəki əsas tədbirlərdən
olan və Bakıda iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqində
əvəzsiz rolundan danışıb, təşkilatın
ölkəmizlə əlaqələrinin
daha da genişlənəcəyinə
inandığını bildirib.
“Sülh, sülh
mədəniyyəti naminə
fəaliyyətimizdə Azərbaycan
hökumətinin və
Milli Komissiyanın böyük dəstəyini
almışıq. Afrikada sülh,
inkişaf yolunda göstərilən dəstəyi
xüsusi qeyd etmək istərdim. Bakı ilə Mədəniyyətlərarası
Dialoq Forumunun tərəfdaşı kimi
mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də sıx əməkdaşlığımız
var”, - deyə o vurğulayıb.
Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri, UNESCO üzrə
Azərbaycan Respublikası
Milli Komissiyasının
baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə
1994-cü ildə yaradılan
Milli Komissiya həmin il
Xarici İşlər
Nazirliyi yanında fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına
uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti
yanında statusu ilə fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva ölkəmizlə
UNESCO arasında əlaqələrin
inkişafına böyük
töhfələr verib,
son illər təşkilatla
əlaqələrimiz daha
da intensivləşib. UNESCO-nun mədəni
irs, mədəniyyətlərarası
dialoq, gender bərabərliyi,
inkişaf etməkdə
olan ölkələrdə
qızların təhsili
kimi prioritet sahələrində çoxsaylı
layihələr həyata
keçirilib.
Mərasimdə çıxış edən Mədəniyyət
naziri Əbülfəs
Qarayev tədbirə qoşulan həmkarlarını
və digər iştirakçıları salamlayaraq,
UNESCO üzrə Milli
Komissiyanın 25 illiyinin
təşkilatın Baş
Konfransının 40-cı sessiyası
çərçivəsində qeyd olunmasının əlamətdar hadisə olduğunu deyib. Nazir Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə dövlət qulluğunda səmərəli
fəaliyyətlərinə görə təltif olunmuş səfir Anar Kərimova 3-cü dərəcəli “Vətənə
xidmətə görə”
ordenini təqdim edib.
UNESCO baş direktorunun
xüsusi müşaviri,
Dünya İrs Komitəsinin keçmiş
rəhbəri Munir Buşenakiyə “Azərbaycan
Respublikasının diplomatik
xidmət orqanlarının
100 illiyi (1919-2019)” yubiley
medalı təqdim olunub.
Munir Buşenaki
yubiley medalı ilə təltif edildiyinə
görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2019.- 22
noyabr.- S.3.