Cəlil Məmmədquluzadənin nəsil şəcərəsinin izi ilə

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadənin nəslinin davamçıları – Polşada yaşayan nəticəsi Martin Cavanşirionun oğlu Pşemislav Cavanşiri ölkəmizə gəliblər.

AMEA-nın İctimaiHumanitar Elmlər Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə, akademik İsa Həbibbəyli 40 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tədqiqi ilə məşğuldur. Alim Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının axtarışına 1989-cu ildə Vətən Cəmiyyətinin orqanı olanOdlar yurdu” qəzetində çap etdirdiyi “Ənvəri kim tanıyır” adlı məqalə ilə başlayıb. Məqalə İranda məşhur cərrah və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalında da dərc olunub.

Bu axtarışlardan sonra Cəlil Məmmədquluzadənin oğlu, Azərbaycan Tibb Universitetini bitirmiş Ənvər Məmmədquluzadənin (1908-1979) sovet ordusunun tərkibində hərbi həkim kimi 1942-ci ildə İrana getdiyigeri qayıtmadığı məlum olub.

Tədqiqat və axtarış nəticəsində aydın olub ki, Ənvər Məmmədquluzadə İranda Bakıda ikən ailə həyatı qurduğu Mehri Pənahpurdan ayrılıb, polyak mənşəli Zofya Bahrinovski ilə evlənib. Bu nikahdan Ənvər Məmmədquluzadənin iki oğlu: Midhət və Teymur Cavanşirilər və iki qızı Nizhət Şəcəri və İren Cavanşiri dünyaya gəlib.

Ünvanlarını dəqiqləşdirdikdən sonra İsa Həbibbəyli 1992-ci il yanvarın 25-də Tehran şəhərində Teymur Cavanşiri, Midhət Cavanşiri, İren xanım və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşüb. Bu barədə “Səhər” qəzetində məqalə çap olunub. Səfərdə o vaxt Naxçıvan Dövlət Universitetinin müəllimi vəzifəsində çalışan kimya elmləri namizədi Miryaqub Seyidov da iştirak edib. Həmin vaxt Məmmədquluzadə - Cavanşirilər ailəsinin adları çəkilən nümayəndələri rəsmi şəkildə Naxçıvana dəvət olunublar. Lakin bir müddət sonra Teymur Cavanşiri dünyasını dəyişdiyi üçün səfər alınmayıb.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini öyrənmək sahəsində axtarışlarını davam etdirən İsa Həbibbəyli 1998-ci ildə Parisdə yaşayan Ənvər Məmmədquluzadənin birinci nikahdan olan qızı Məhin Səqqətçiya ilə görüşüb. Görüşdə tanınmış diplomat Ramiz Abutalıbov da iştirak edib.

Akademik İsa Həbibbəyli əldə etdiyi materiallar əsasında “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” adlı elmi əsər yazıb. Həmin tədqiqat onun 1997-ci ildə çapdan çıxmış “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı kitabında da yer alıb. Kitabda Cəlil Məmmədquluzadənin Fransada və İrandakı nəvə-nəticələri ilə yanaşı, nəslin Polşada yaşayan davamçıları, hazırda Azərbaycana gəlmiş Martin Cavanşirionun İrlandiyada məskunlaşmış qardaşı Ramin Cavanşiri haqqında da məlumat verilib. Müəllif onlar haqqında məlumatları İranda dəfələrlə görüşdüyü ataları Midhət Cavanşiri vasitəsilə əldə edib.

2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illiyi qeyd edilərkən akademik İ.Həbibbəyli Martin Cavanşiri və hazırda İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin o vaxt Polşadakı səfiri olan Vilayət Quliyevə müraciət edib. Vilayət Quliyev Martin Cavanşiri ilə əlaqə qurubonlarla danışıqlar aparıb, zəruri olan digər prosedurları həyata keçirib, lakin səfər baş tutmayıb. Midhət Cavanşiri 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zəifləyib. Hafiz Times” saytında 2019-cu ilin yayında Polşadakı Cavanşirilər haqqında material verildikdən sonra İsa Həbibbəyli bu saytın sahibi Hafiz Əhmədovla əlaqə yaradıb, onun vasitəsilə Lodz şəhərində yaşayan, orta məktəbi yenicə bitirmiş Pşemislav CavanşirininFacebook” ünvanını əldə edib. O isə atasının razılığı olmadan göndərilən suallara cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bundan sonra İsa müəllim Pşemislav Cavanşiri ilə yazışaraq, onun atası Martin Cavanşiri ilə əlaqə yaratmağa nail olub, onuoğlunu ulu babaları Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə dəvət edib. Bundan sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova müraciət edibbu məsələdə köməklik göstərilməsini xahiş edib. Səfirliyimizin əməkdaşları Məmmədquluzadə – Cavanşirilər ailəsi ilə dərhal əlaqə yaradıb, onların ulu babalarının vətəninə gəlmələri üçün zəruri addımları atıblar və nəticədə bu səfər gerçəkləşib.

AMEA-dan verilən məlumatda o da vurğulanır ki, İsa Həbibbəyli “Hafiz Times” saytının rəhbəri Hafiz Əhmədova telefonla zəng edərək Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 19-da keçiriləcək tədbirlərə dəvət edib, onun səfəri ilə əlaqədar zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib. Hansı səbəbdənsə Hafiz Əhmədov Bakıya gəlməyib.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Polşadakı ünvanlarının müəyyən edilməsində, Azərbaycana dəvət olunmasında və səfərin təşkilində xidmətləri olan ölkəmizin Polşadakı səfiri Həsən Həsənova, Milli Kitabxananın direktoru Kərim Tahirova və “Hafiz Times” saytının sahibi Hafiz Əhmədova dərin minnətdarlığını bildirir.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.1;6.