İrəvan teatrının “Haqq mənəm”i
“Nəsimi ili” çərçivəsində gerçəkləşən daha
bir sənət layihəsini C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı təqdim
etdi. Yaradıcı kollektiv noyabrın 19-da R.Behbudov adına
Azərbaycan Dövlət
Mahnı Teatrının
səhnəsində şair-dramaturq
İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan
eyniadlı tamaşanı
göstərdi.
İkihissəli tarixi elegiya kimi səhnələşdirilən
tamaşa Nəsimi irsinin özünəməxsus
yozumda təqdimatı
idi. Musiqi və rəqs
elementlərinin müşayiətində
şairin həyatından
məqamlar, mübarizəsindən
detallar, poeziyasından
seçkin nümunələrlə
həmahəng “Haqq mənəm” tamaşaçıları
Nəsimi dünyasına
baxışa çağırırdı.
Quruluşçu rejissoru, rəssamı
və xoreoqrafı müəllifin özü
– Əməkdar mədəniyyət
işçisi İftixar
Piriyev olan bu tamaşada Natiq Həziyev (Nəsimi), Əməkdar
artist Rəşid Rzayev
(Əmir Teymur), Bəhruz Hikmətoğlu
(Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş),
Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II
mürid), Arzuman Tanrıverdi (III mürid),
Samir Əliyev (IV mürid), Rövşən
Cəfərov (Miranşah),
Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə),
həmçinin
əməkdar artistlər
Tünzalə Əliyeva,
Xatirə Süleymanova,
aktrisalar Səmayə
İsmayılova, Sevinc
Hüseynova, Pərvin
Dadaşova, Xədicə
Məmmədova, Səbinə
İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edirlər.
Onu da qeyd edək
ki, adları sadalanan aktyorların bir qismi zalda,
tamaşaçılar arasında
oturaraq tamaşanın
bir neçə səhnəsində xalq kütləsi olaraq çıxış edirdilər
ki, məhz bu məqam səhnə
işinin maraqlı, interaktiv, tamaşaçı
ilə ünsiyyətə,
onları səhnəyə
diqqətə vadar edən düşünülmüş
variantı idi.
Rejissorun aktyorlara təyin etdiyi xoreorafik öhdəlikləri də
var idi ki,
bu da üzərində
dayanmaq tələb edən məqamdır. Doğrudur, biz müxtəlif səhnələrdə
bütöv və parça halında rəqs, daha doğrusu, musiqinin müşayiətində sinxron
hərəkətlər gördük.
Amma aktyorların bu məqamda oyunu o qədər də effektli təsir bağışlamırdı. Üstəlik, onlara geyimləri
(tərtibatçı rəssam
Vahid Mürsəliyev,
geyim Məlahət İsmayılova), xüsusən
baş geyimləri
mane olurdu.
Tamaşanın musiqi tərtibatına
gəlincə (musiqi tərtibatçısı Çingiz
Xəlilov), burada sufizmin, konkret olaraq Nəsimi poeziyasının musiqi dilindən çox həyəcan, təhlükə,
narahatlıq xəbərçisi
olan parçalara yer verilmişdi. Bu da tamaşanın
sürətli tempinə
xidmət edirdi.
Ayrılıqda obrazlar üzərində
dayansaq, baş qəhrəmanı oynayan Natiq Həziyevin faktura, səhnə xarizması, xüsusən
tamaşa salonuna qışqırtısız, pafossuz
səs axını ilə etdiyi ötürmələr, tamaşaçının
təsəvvüründəki Nəsimiyə yetişmək
istəyi səmimi idi. Zaman-zaman onu tərk etməyən narahatlığı
həm də həvalə olunan obrazın mətn, eləcə də fərqli qəzəllərin
yükündən də
qaynaqlanırdı. Təbii ki,
bu oyun xüsusunda
hər bir qəzəli gözəl səsləndirməsi, onların
ifadəliliyinə daha
çox fikir verməsi obraz olaraq özünüifadəyə
təsirsiz ötüşmürdü.
Tamaşanın Əmir Teymuru (Rəşad Rzayev), Şeyx Zahidi (Bəhruz Hikmətoğlu),
Dərviş libaslı
müridi (Əmrulla Nurullayev) öz obrazlarını daha yaddaqalan, ifadəli etməyə çalışdılar.
Nəsimini aşiqlər sultanına çevirən Afətə
(Müdvər Nemətova)
gəlincə isə rejissorun səhnədə
hərəkət, ifadəlilik,
bir növ özünü realizə
sərbəstliyi verdiyi
aktrisanın bu fürsətləri fövtə
verdiyini gördük. Səhnəyə yaraşan görünüşündən,
həzin səs və ona fokuslanan
işıqdan musiqiyə
bütün texniki üstünlüklərdən hər
vəchlə qaçdı.
Nəsimi poeziyası əsasında
yazılan, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırmağa
çalışan səhnə
işi bizi şairin poeziyasına, onun nüvəsindəki bəşəri hisslərə
və ən əsası onu nə dərəcədə
hiss etmək gücümüzə
hesablanmış sənət,
yaradıcılıq etirafı
idi. Ki, bunu da hər kəs
öz bacardığı,
zəka və ruh gücünün yetdiyi qədər duydu və duyurdu...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 22
noyabr.- S.4.