İslam Rzayev –
indilər işğal
altında olan kəndlərimizin birində
85 il öncə doğulmuş
bütöv Azərbaycan SƏSi
O kəndin
dərə-təpələrində zəngulə-“külünglər”
çala-çala Azərbaycanın sənət zirvələrinə
ucalan, milli-mədəni zövqlülərin qəlbini fəth
edən İslam Rzayev.
Mahnılarından:
“Bir bulağın iki gözü – biri sənsən, biri mən,
yar. Bir almanın iki üzü – biri sənsən, biri mən,
yar. Qoşa simin titrəməsi – biri sənsən, biri mən, yar (ardı sonda)...
Bir vaxtlar – oxuyanların çox az
(lakin saz!) olduğu çağlarda bu səsə, bu ifaya çox
adam bəxtəvərlik
oxuyurdu. Onlardan biri də mənim
səksəni keçmiş
nənəm idi ki, deyərdi, zalım balaları, elə bil, çölün
bütün quş-düşünün
avazlarını yoğurub
yapıblar boğazlarına!
Bir kərə də haman
o nənəm həmin
bu yazı anımlımızın radio-konsertini
dinlərkən işlətdi
bu sözləri. O an bu xanəndə
şirin-sərincə zəngulələdiyi
beytlərdəki bir sözü (“Şəh-di
lə-biiiin”i) ciknələrkən
nənəmin gözləri
doldu və vaxtaşırı işlətdiyi
“ümumtərif” təsnifatını
belə fərdiləşdirdi:
“Bude, bu qonşu Sərdarrı (hansı ki, o Sərdarlı kəndi bizdən düz 35 km. aralı) balası İslam İrzayev kimi! Bəh-bəh... Bəxdəvər səni doğanın
başına, a cəh-cəh!”
Peşəkar qədir-qiymətlərdən
“İslam Rzayev tək elə dinləyicilərinin zövqünü
yox, mahnıların, muğamların da qəlbini bilirdi” (Xalq artisti Əlibaba
Məmmədov).
“İslam Rzayev zəngulələri kişmişi
üzüm kimi gilələyirdi. Qədimdən-qədim muğamın müasir
ifaçılığındakı yeni nüanslarda İslamın improvizə payı daha çoxdur” (Xalq artisti Canəli Əkbərov).
İki tələbə
yoldaşımın ötən
əsrin 70-ci illərində
(metronun “Bakı Soveti” stansiyası qarşısında) İslam
Rzayevin özünə
dediklərini də xatırlatmaq istərdim. Mais Kazımov: “İslam müəllim, orta məktəb dostlarımdan
biriylə yeddi ildi küsülüydüm.
Sizin “Segah təsnifi”nizə qulaq asdım, bilet alıb getdim rayona, barışdım, bir stipendiyalıq qonaqlıq verib, qayıtdım”.
“Ay İslam müəllim
hey, şəxsən Sizin
və Süleyman Abdullayevin səsinizdən
sonra mən kürdəmirli Tofiq Abdullayev həm də qarabağlı olmuşam. Vallah, ola bilər ki, nə üçünsə
sizin ikinizlə də gündüz parta-part vuruşaram, ancaq, atamın canıyçün, axşam
gedib radioda konsertinizə qulaq asıb, zülüm-zülüm
ağlayaram!...”
Fono-filmoteka yaddaşlarından
Hörmətli oxucum, bu an özünü dinləyici-tamaşaçı
“görəv”ində də
gör və təxminən, 50 il bundan öncə çəkilmiş (rejissor
– Arif Qazıyev) “Şur” televiziya filmini xatırla (və ya internetdən
izlə). O filmin bir çox digər keyfiyyət-məziyyətləri
öz yerində, İslam Rzayevin ifası özgə bir aləm deyilmi?!
Ehtiyac varmı ki deyək; o filmdə qeyri-adi forma və məzmunda təqdim olunan “Şur” muğamının
ən zil məqamının ifaçısı
məhz İslam Rzayevdir! Elə bir (Şimal qorxulu) dövrün ekranında alovlanan Şərq məşəlləri,
bir-birini əvəz edən milli abidələrimiz fonunda fəsindən-səsinədək milli-mental sənətkarlar
(Əbülfət Əliyev,
Əlibaba Məmmədov,
Arif Babayev) içərisində məlhəm
bəmləri, zərb
zillərilə seçilən
İslam Rzayev!...
Bu filmdən sonra İ.Rzayev səsinin sorağı digər kino və telefilmlərdən
gəlməyə başladı:
“Azərbaycan elləri”,
“Bakı bağları”,
“Havalansın Xanın
səsi” və s.
1965-də ekranlara çıxan
“Yenilməz batalyon” filminisə xüsusi qeyd etmək gərək. Nədən ki, bu sənətkarın
səs tonu, ifa dinamikası o filmdəki faytonçuların
qaç-qov əhvallarından
əlavə, atların
çapış dinamikasıyla
da başabaş uyğun!
Tərcümeyi-hal “zəngulə”lərindən
Noyabr (1934, Füzuli
rayonu, Sərdarlı kəndi) doğumludur. Qarabağ xanəndəlik
məktəbinin layiqli
davamçılarındandır. Peşəkar musiqi təhsilini A.Zeynallı adına Musiqi
Məktəbində alıb
(S.Şuşinskinin sinifi).
ADMİU-nu bitirdikdən sonra filarmoniyanın solisti kimi fəaliyyətə
başlayıb. Azərbaycan tele-radiosunun
qızıl fonduna daxil edilmiş “Çahargah”, “Bayatı-kürd”,
“Mahur-hindi”, “Rast” dəsgahları milli musiqi xəzinəmizi zənginləşdirən nümunələrdən
hesab edilir. “Möhür”lədiyi bir çox xalq və bəstəkar mahnılarından əlavə,
C.Cahangirovun “Nəsimi”,
“Aşıq Alı” və s. kantatalarında
solo partiyaları da məharətlə ifa edib. Mahnı bəstəçisi kimi də tanınır
(“Gəl, inad etmə”, “Dağlar başı duman olar”, “Almadərən” və s.). Muğam və mahnılarımızı
yüzədək qastrol
səfərində təbliğ
edib. Pedaqoji fəaliyyətilə yetişdirdikləri hazırda
müğənni-xanəndəlik sənətimizin layiqli davamçıları kimi
tanınmaqdadırlar. Şəxsi təşəbbüs və
səyilə “Muğam
teatrı” yaradılıb.
Musiqi mədəniyyətində xidmətlərinə
görə 1967-də Əməkdar
artist, 1989-da Xalq artisti
adlarına, 2004-də “Şöhrət”
ordeninə layiq görülüb.
“Xatirələr”indən
“Ustad Seyid Şuşinskidən 17 muğam
dəsgahı öyrənmişəm. İndiki
xanəndələr kimi
2-3 (uzağı 5) yox
ey! Mədəniyyət
və İncəsənət
Universiteti üçün
proqram yazmışam ki, orada bir
neçə mətləblə
yanaşı, hər tələbənin 20 xalq və o qədər də bəstəkar mahnısı öyrənməsi
məsələsi də
var. Bu işlərimə görə
mənə professor adı
veriblər. Özünnəndemək
olmasın, bunu ancaq Seyidin tələbəsi
edə bilər...”
“Çox hadisələrin şahidi olmuşam. İraqda Kərbəlanı ziyarətdən, bir neçə konsertdən sonra Kərkükə yollandıq. Oradakı azərbaycanlı əhali arasında yaşayan ərəb və kürd dinləyicilər də mənim səsimi möcüzə adlandırdılar, bir neçəsi isə soruşdu ki, Azərbaycanda neçə universitet var, dedim bir dənə. Bir-birinə baxıb gülüşdülər ki, “o boyda ölkədə bir universitet?”. Dedim, bizdə ali məktəblər “institut” adlanır və onların sayı 15-ə yaxındır. Soruşdular ki, universitetinizdə hansı dillərdə tədrislər var, dedim, ərəb, fars, ingilis, fransız, rus və sair. Alayı-dolayı suallara başlayanda, dedim, mən sənətçiyəm, bunları tərcüməçimiz Tarıyeldən soruşun. Onunla bir xeyli danışdılar və mənə yaxınlaşıb dedilər, “sizin uşaqlar ərəbcəni ərəblərin böyüklərindən də mükəmməl bilirmişlər ki! Bu fikri Bağdad qubernatorundan da eşidəndə, bizimkilərin zehin-fərasətlərilə fəxr etdim…”
Və yuxarıdakı -
“Ardı var”ın davamı:
“Bu həyat da iki simdir – bu həm sənsən, həm mən, yar. Sevinc kimdir, kədər kimdir – o həm sənsən, həm mən, yar”...
Və...
dünyalar da iki, ustad!
Biri – ad (və Qarabağ nisgili!) qoyub getdiyin bu dünya, biri – minlərlə pərəstişkarının rəhmət dilədiyi, cənnət arzuladığı
o dünya...
Tahir
ABBASLI
Mədəniyyət.- 2019.- 22
noyabr.- S.6.