Müasir incəsənət: nailiyyətlər, perspektivlər

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 21-25 noyabr tarixində Bakıda “Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirildi. “Həyatımızdakı dəyərlər” mövzusuna həsr olunan builki sərgi müxtəlif səpkili tədbirlərlə yadda qaldı.

Noyabrın 25-də Muzey Mərkəzində gerçəkləşən “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda konfrans da biennale çərçivəsində təşkil olunmuşdu.

Biennalenin kuratoru Dilarə Vahabova tədbirin paytaxtımızda keçirilməsini yüksək qiymətləndirdi. Bildirdi ki, builki sərgidə 17 ölkədən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı öz əsərlərini nümayiş etdirib. Beş gün davam edən tədbir çərçivəsində paytaxtın bir sıra mədəniyyət ocaqlarında, o cümlədən V.Səmədova adına sərgi salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olunub.

Konfransda İngiltərədən gələn Azərbaycan əsilli Zeyqəm Əzizov, Rusiya Federasiyasından Oleq Tatarinçev və başqaları çıxış edərək özlərinin bədii layihə və yaradıcılıq planlarından, müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində görülən işlərdən danışdılar. Bildirildi ki, müxtəlif ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllər rəssamlar arasında dialoqun yaradılması baxımından mühüm rol oynayır.

Çıxışçılar müasir incəsənət sahəsində gördükləri işlərdən, bu sahənin problemləri və perspektivlərindən videoslaydlar vasitəsilə məlumat verdilər.

Sonda media nümayəndələrinin sualları cavablandırıldı.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq keçirilənAlüminiumBakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən rəssamlar, sənətşünas kuratorlar iştirak edirlər.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.2.