“Mənim yay tətilim”

 

 

Noyabrın 23-də Xətai Sənət Mərkəzində “Mənim yay tətilim 2019” adlı rəsm müsabiqəsində uğur qazanan müəlliflərin əsərlərindən ibarət qrup sərgi-pleneri keçirildi.

Sərgi Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov söylədi ki, “Mənim yay tətilim” müsabiqəsi artıq ənənəvi hal alıb. “Nəsimi ili” çərçivəsində keçirilən builki müsabiqəyə 800 müəllif tərəfindən 1400 rəsm təqdim edilib. Münsiflər heyəti tərəfindən 12 müəllifin 70-ə yaxın əl işi sərgilənmək üçün seçilib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov vurğuladı ki, seçim zamanı müəllifin yaşı, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və əsərin ideyası əsas götürülüb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və Xətai Sənət Mərkəzində rəsm studiyasının rəhbəri, rəssam Əbdül Şərifov qalibləri təbrik edərək onlara uğurlar arzuladılar.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla təltif olundular. Bundan başqa, sərgidə iştirak etmiş rəssamlara Ziyadxan Əliyevin yeni işıq üzü görən “Nəsimi dünyası rənglərin işığında” kitabı hədiyyə olundu.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.5.