Heydər Əliyev
və milli xoreoqrafiya
sənəti
Bu gün Azərbaycan beynəlxalq arenada özünə layiqli yer qazanaraq, müstəqil siyasəti ilə dünyaya yeni-yeni mesajlar göndərməklə bütün ölkələrin diqqətini üzərinə cəlb etməyə müvəffəq olmuşdur. Bu mesajlar qədim tarixi, zəngin mədəniyyəti, folkloru, çoxşaxəli dini-mifoloji dünyagörüşü və nəcib bədii-estetik zövqü olan bir xalqın öz dəyərlərinə innovativ nöqteyi-nəzərdən yanaşmasının məcmusudur.
Əslində, bu mesajlar bir tərəfdən Azərbaycanda daxili ictimai-siyasi və sosial-iqtisadi inkişafın bərqərar olmasının, digər tərəfdən isə xalqımızın sülhsevərliyi, milli mədəniyyəti qorumaqla yanaşı, irqi, milli və dini ayrı-seçkiliyə yox deyib, dünya ictimaiyyətinə inteqrasiya etmək istəyinin təzahürüdür. Bu ilk növbədə milli multikulturalizm siyasətinin yürüdülməsi, milli tolerantlıq konsepsiyasının tətbiqi və heç şübhəsiz ki, təbii sərvətlər sayəsində insan kapitalının formalaşdırılması və inkişafıdır.
Hər bir xalqın tarixində və taleyində olduğu kimi, bu cür nailiyyətlərin ərsəyə gəlməsi Vətənini sevən, bu yolda yorulmadan çalışan fədakar tarixi şəxsiyyətlərin siyasi arenaya gəlməsi və öz əlahiddə xidmətləri sayəsində xalqın öndəri olması ilə sıx bağlıdır. Azərbaycanda yeni tariximizi öz əvəzsiz xidmətləri ilə yazan belə dahi şəxsiyyət müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir.
Həyatın elə bir sahəsi yoxdur ki, respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dövrləri ərzində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənarda qalsın. Milli xoreoqrafiya sənəti də bu baxımdan istisna deyil.
Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənət sahəsində də böyük intibah dövrü yaşanmışdır. O, mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə, kütləvi şəkildə kinoteatrların, teatr binalarının, muzeylərin inşası, mövcud mədəniyyət müəssisələrinin təmiri və yenidən qurulmasına xüsusi diqqət yetirirdi. Mədəniyyətimizin kadr potensialı da gücləndirilirdi. Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu incəsənət yönlü ali məktəblərində təhsil alıb Bakıya qayıdırdılar. O zaman Sankt-Peterburq, Moskva və digər şəhərlərdə teatr, rəssamlıq, musiqi, xoreoqrafiya üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin görkəmli sənətkarlarıdır.
Xoreoqrafiya sənəti incəsənət növləri arasında öz incəliyi, zərifliyi, sintetikliyi və əməksevərliyi ilə seçilir. Bu cür xüsusiyyətləri olan sənət sahəsi böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Xoşbəxtlikdən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə bu sənətə layiqincə diqqət və qayğı göstərilmişdir. Bu qayğının nəticəsidir ki, Azərbaycan klassik baleti və milli rəqs sənəti dünya mədəniyyətində bir fenomenə çevrilmişdir.
Görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin 1952-ci ildə keçirilən premyerasından sonra dünya balet inciləri xəzinəsinə daxil olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1970-ci ildə “Yeddi gözəl” baleti VII Beynəlxalq Rəqs və Balet Teatrları Festivalı çərçivəsində Parisdə səhnələşdirilmişdir. 1979-cu ildə görkəmli bəstəkar Fikrət Əmirov özünün şah əsərlərindən biri olan “Min bir gecə” baletini yazır. Ulu öndərin birbaşa qayğısı və sənətsevərliyi sayəsində 1980-ci ildə “Min bir gecə” baletinin müvəffəqiyyətinə görə bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov, dirijor Nazim Rzayev və baş rolların ifaçıları, o cümlədən məşhur balet artisti Tamilla Şirəliyeva SSRİ Dövlət mükafatına layiq görülmüşlər. Ümummilli liderin uzaqgörən mədəniyyət siyasəti nəticəsində Ukrayna, Gürcüstan, Mərakeş və Bolqarıstandan sonra 15 oktyabr 1983-cü ildə “Min bir gecə” baleti Azərbaycan Akademik Opera və Balet Teatrı truppasının ifasında Moskvanın Kreml sarayının səhnəsində göstərilmişdi. Bu həmin zaman üçün ən böyük müvəffəqiyyət idi.
Heydər Əliyev milli rəqs sənətinə də böyük dəyər, qiymət vermişdir. 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaranması və aktiv fəaliyyətə başlaması da bunun göstəricisi idi. Ulu öndərin hamiliyi ilə İtaliya, Fransa, Rusiya, Danimarka, Almaniya, Avstriya, Rusiya, Hindistan kimi ölkələrdə qastrol səfərlərində olan ansambl ümumittifaq və respublika festivallarının laureatı olmuş, 1979-cu ildə Tunisdə keçirilən beynəlxalq folklor sənəti festivalında qızıl medala layiq görülmüşdür.
Bununla yanaşı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 50 ildən artıq fəaliyyətdə olan “Göygöl” ansamblı qeyd olunan müddət ərzində dünyanın bir çox ölkələrinə səfərlər etmiş, xarici ölkələrin ən nüfuzlu konsert salonlarında konsertlər vermiş, Azərbaycan incəsənətini ölkə hüdudlarından kənarda təbliğ etmişdir. 1977-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə kollektivə Dövlət Mahnı və Rəqs Ansamblı statusu verilmişdir.
Əlamətdar haldır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 80-ci illərin ortalarında Bakı Xoreoqrafiya Məktəbi üçün xüsusi layihə üzrə bina inşa edilmişdir.
Lakin Azərbaycanda peşəkar xoreoqrafiya sənəti və təhsilinin formalaşması və inkişaf yolu elə də hamar olmamışdır. Ötən əsrdə ölkədə arabir baş qaldıran dini mövhumat, gözə toz üfürən yalançı mühafizəkarlıq və psevdomillətçilik meyilləri milli xoreoqrafiya sənətinin taleyini də böyük sual altına qoymuşdur. Yaxın keçmişimizə nəzər salsaq görərik ki, respublikada Xalq Cəbhəsi hakimiyyəti dövründə klassik balet sənətinə etinasızlıq, hətta nifrət hissləri o dövrün xoreoqrafiya ustaları, görkəmli sənətkarlarını qorxu içində saxlayırdı. Görkəmli balerina, Xalq artisti Leyla Vəkilova Xoreoqrafiya Məktəbinin bədii rəhbəri olaraq, o ağır günlərdə bu sənətin qayğıkeşliyini çəkməyə çalışırdı. Ağlasığmazdır ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə xoreoqrafiya məktəbinin klassik şöbəsinin məzunları buraxılış-hesabat konserti zamanı səhnəyə çadra və örpəklərlə çıxmağa məcbur qalmışdı. Bu, dünyanın sivil xalqlarından birinə, eyni zamanda ən tolerant ölkəsinə qarşı böyük xəyanət idi.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu kimi mənfi hallar aradan qalxmışdır. Sözə, ədəbiyyata, musiqiyə, mədəniyyət və incəsənətin bütün sahələrinə yüksək qiymət verən, onları dərindən bilən Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşmış mədəniyyətinin tərkib hissəsi olan rəqs sənəti və bununla da bütöv xoreoqrafiya sənətinin inkişafına nail olmuşdur.
Ulu öndər mütəmadi olaraq balet tamaşalarına və konsertlərə gəlir, tamaşa və konsertlərdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşür, səhnədə nümayiş olunanları təhlil edir, bu və ya digər artistin ifasını dəyərləndirirdi. Bu da onun həm Azərbaycan, həm də dünya incəsənətini dolğun və əhatəli bilməsindən irəli gəlirdi.
Bununla yanaşı, balet və ansambl artistlərinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə imzalanan çoxsaylı fərman və sərəncamlar Heydər Əliyevin xoreoqrafiya sənətinə olan ehtiramının mücəssəməsidir.
Bu gün xoreoqrafiya sənəti və təhsili yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin başladığı işləri layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev beş il öncə milli xoreoqrafiya sənəti ənənələrinin qorunması məqsədilə 90 ilə yaxın tarixi olan Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. Bununla da uzun illər ərzində xoreoqrafiya sahəsində əldə olunan sənət, təhsil və elmi nailiyyətlər akademizm səviyyəsinə qaldırılaraq çox az bir müddət ərzində öz bəhrəsini verəcəkdir.
Əbülfəz BABAZADƏ
BXA-nın İnformasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri, kulturoloq-yaponşünas
Mədəniyyət.- 2019.- 27
noyabr.- S.5.