Şəhidin adını daşıyan məktəbdə
xatirəsi yad edilib
Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti yerləşən Cəbrayıl rayon Quycaq kənd orta məktəbində şəhid Fuad Əsədovun anadan olmasının 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Vaxtilə Fuad Əsədovun təhsil aldığı məktəb onun adını daşıyır.
Mərasimdə Quycaq kəndinin şəhidləri – Arif Turaboğlu, Şaiq İbayev və Elsevər Mirzəyevin də xatirəsi yad edilib.
Fuad Əsədov adına məktəbin direktoru Natiq Mirzəyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Süleymanova, şəhid Fuad Əsədovun anası Solmaz müəllimə, Fuadın komandiri olmuş Səxavət Mirzəyev, şəhid Arif Turaboğlunun həyat yoldaşı Məlahət müəllimə Qarabağ müharibəsində yurd, torpaq naminə canlarını fəda etmiş Vətən övladlarının həyat və şəhidlik yolundan söz açıb, nisgilli xatirələrini bölüşüblər.
Fuad Qərib oğlu Əsədov 1972-ci il noyabrın 25-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra indiki Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub. 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdiyi faciə, bir çox vətənsevər oğullar kimi, onun da taleyini dəyişdirib. Fuad 3-cü kursda təhsilini yarımçıq qoyaraq Cəbrayıl rayonuna qayıdıb, özünümüdafiə batalyonuna yazılıb... Son döyüşü iyun ayının 28-də olub.
Fuad yeniyetmə yaşlarından ədəbiyyata, bədii yaradıcılığa böyük maraq göstərir, rəsmlər çəkir, şeirlər yazırdı. Ölümündən sonra nəşr olunan “Fuad dünyası” xatirə kitabında onun şeirləri, yazıları, əl işlərindən nümunələr də toplanıb.
Tədbirdə məktəbin şagirdləri tərəfindən
Fuad Əsədovun şeirlərindən parçalar oxunub, cəbhə
həyatını əks etdirən səhnəcik nümayiş etdirilib, vətənpərvərlik
ruhlu mahnılar ifa olunub.
Mədəniyyət.- 2019.- 27
noyabr.- S.6.