Moskvadakı sərgi şəhərciyində "Azərbaycan"

 

Yenidən qapılarını ziyarətçilərin üzünə açıb

 

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

 

Bu il əlamətdar yubileyini – 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina MatviyenkoMoskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.1;8.