"Özbəkistandan sevgilərlə

 

Qardaş ölkənin incəsənət ustalarının konserti maraqla qarşılanıb

 

Heydər Əliyev Sarayında özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın Əməkdar artistləri, "Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Özbəkistanın "First Art Media” şirkətinın birgə layihəsi əsasında reallaşıb.

Konsertdən əvvəl müsahibə verən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu layihə əsasında özbək musiqiçiləri Bakıda “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı ilə çıxış edirlər. Əsas məqsəd xalqlar arasında dostluq körpüsü yaratmaqdır. Müstəqillik tariximizdə ilk dəfə olaraq Özbəkistan musiqiçiləri Bakıda konsert verir. Konsert proqramının fəxri qonaqları da var - türk sənət musiqisinin tanınmış ulduzu Pinar Eliçe, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və tanınmış meyxanaçı Tərlan Novxanı. Gecədə Özbəkistan, Azərbaycan və tük mahnıları səslənəcək.

Biz istəyirik ki, belə görüşlər ənənə halını alsın. Çünki Azərbaycan ifaçıları Özbəkistanın ən böyük konsert salonlarında dəfələrlə çıxış ediblər, lakin özbək ifaçıları ölkəmizdə elə də geniş konsertlər verməyiblər. Tamaşaçılar bu gecə türk dünyasının sənət, mədəniyyət, incəsənət beşiyi olan, Şərqin zəngin musiqi ənənələrini özündə yaşadan qardaş Özbəkistanın tanınmış sənətçilərini dinləyəcək və inanırıq ki, konsert hamının ürəyincə olacaq”, - deyə Samir Abbasov vurğulayıb.

Konsert proqramı “Sizə salam gətirmişəm” musiqi klipinin təqdimatı ilə başlayıb.

Əvvəl səhnəyə dəvət olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib. Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış edən Özbəkistanın gənc estrada ulduzu qardaş Azərbaycanda çıxış etməkdən məmnunluğunu söyləyib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu bildirən gənc estrada ulduzu özbək mahnıları ilə yanaşı, ilk dəfə Azərbaycan mahnısı da ifa edib.

Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onun üçün mühümdoğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verirson zamanlar onun Özbəkistan səhnəsində çıxışı anşlaqla keçir.

Qeyd edək ki, Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.8.