Sənayedən arxeologiya
və mədəni irsə töhfə
Qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiya yaradılıb
Noyabrın 28-də Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpozium təşkil olunub.
Tədbir Heydər Əliyev Fondunun təşəbbüsü, “BP Azerbaijan”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Avstriyanın “Atelier Erich Pummer” şirkətinin təşkilatçılığı ilə keçirilib.
Simpoziumun məqsədi müxtəlif müəssisə və təşkilatların mədəni irsin qorunması istiqamətində həyata keçirdikləri layihələrin ictimaiyyətə təqdim edilməsi, bu sahədə görülən işlərə dair təcrübə mübadiləsi, eyni zamanda qazıntı işləri zamanı üzə çıxarılan arxeoloji tapıntıların daha dərindən öyrənilməsi və təbliğidir.
Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov çıxış edərək mədəni irsin qorunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Qeyd olunub ki, mədəni irs və memarlıq abidələrinin qorunması, eyni zamanda arxeoloji araşdırmaların aparılması üzrə işlərə Fond müntəzəm olaraq dəstək göstərir.
Tədbirdə çıxış edən “BP
Azerbaijan” şirkətinin əlaqələr,
xarici işlər və strategiya
üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
təmsil etdiyi qurum tərəfindən
həyata keçirilən layihələrdən
danışıb. Bildirib ki,
şirkətin daxilində mədəni irsin
qorunması planı mövcuddur. “BP”
şirkəti neft borularının
quraşdırılması zamanı və digər tikinti işləri apararkən arxeoloji
tapıntılarla üzləşir. Ümumilikdə 23 min artefakt
aşkar olunub: “Bu bizim tarixi
irsimizdir, bir növ milli pasportumuzdur. İrsimizi gələcək
nəsillərə ötürmək
hamımızın borcudur.
Çünki tarixi tapıntıların
qiyməti xərclənən
vəsaitdən daha vacibdir”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
İdarə heyətinin
sədri Əsgər Ələkbərov bildirib
ki, mədəni irsin qorunub saxlanılması
və təbliği ölkə başçısının
daim diqqət mərkəzindədir. Onun sözlərinə
görə, İçərişəhərdə
ötən əsrin
60-cı illərindən başlayaraq
irimiqyaslı qazıntı
işləri aparılıb
və üç mədəni təbəqənin
mövcudluğu müəyyən
edilib. 2016-cı ildə başlanan qazıntılar zamanı Qoşa Qala qapısı yanında
XVII əsrə aid və
dövrümüzə dəyişilməz
halda çatan hamam və Bakı
xanlarının evi tapılıb. Qeyd edilib
ki, hazırda bu tikililərin bərpası davam etdirilir və işlər başa çatdıqdan sonra ərazi abadlaşdırılaraq
ziyarətçilərin ixtiyarına
veriləcək.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, təmsil etdiyi şirkət qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi,
tədqiqi, kəşfiyyatı,
idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi
və ondan səmərəli istifadə,
habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Qeyd olunub ki, “AzerGold”
QSC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq
edir: “Qazıntılar
zamanı təqribən
6 min eksponat aşkarlanıb
və Heydər Əliyev Fondunun dəstəyi ilə müvafiq razılaşmaya
əsasən qəbirlərdən
aşkarlanan sümük
nümunələrinin izotop
və radiokarbon analiz üçün xarici laboratoriyalara göndərilməsi ilə
bağlı işlər
görülür”.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze konfransda iştirakından
məmnunluğunu ifadə
edib: “Heydər Əliyev Fondunun gördüyü işlər
əvəzsizdir. Bizim muzeyin
Azərbaycanla əməkdaşlıq
etməsi, əlbəttə
ki, çox sevindiricidir. Əsas tərəfdaşımız
“BP” şirkətidir, ancaq
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri
olmasaydı, bizim onlarla əməkdaşlığımız
mümkün olmazdı”.
Sonra konfrans işini plenar sessiyalarla davam etdirib. “Azərbaycanda ixrac
boru kəmərlərinin
marşrutu boyu arxeoloji abidələrin araşdırılması”, “Gürcüstan
Milli Muzeyində həyata keçirilən
layihələrin icmalı”,
“Çovdar nekropolu”,
“Ətraf arxeologiyasının
xilas edilməsi və İçərişəhərdə
arxeoloji turizmin inkişaf etdirilməsinə
dair tədqiqat” və digər mövzularda məruzələr
dinlənilib.
Tədbir çərçivəsində, həmçinin
qazıntılar zamanı aşkarlanmış maddi
mədəni irs nümunələrindən
ibarət xüsusi ekspozisiyanın
açılışı olub. Sərgi-ekspozisiya
6 ay müddətində Daş
Salnamə Muzeyində nümayiş etdiriləcək.
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.1;2.