Mədəniyyət naziri
Dünya İrs Komitəsinin
sədri qismində UNESCO-da hesabatla çıxış edib
Ermənistan nümayəndə heyətinin
komitənin Bakı sessiyasına qatılmaması ilə
bağlı iddialarına cavab verilib
Xəbər verdiyimiz kimi, Parisdə UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyası keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edib.
Noyabrın 27-də nazir Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin sədri kimi 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin Bakıda keçirilmiş (30 iyun – 10 iyul 2019-cu il) 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.
Nazir diqqətə çatdırıb ki, Dünya İrs Komitəsinin Bakı sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak edib, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunub və 29 yeni məkan Dünya irs siyahısına daxil edilib. Sessiyadan əvvəl təşkil olunan Dünya irsi üzrə Gənc Peşəkarlar və Abidə Menecerləri forumları barədə də məlumat verən nazir hər iki tədbirin bir sıra mühüm nəticələrini qeyd edib.
Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESCO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını deyib. O, 43-cü sessiyanın yekununda mədəni və təbii irsin qorunmasına dair Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyinə ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirib.
Nazir, həmçinin Dünya İrs Komitəsinə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açıb.
İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atıb. Ermənistan nümayəndəsi bildirib ki, guya Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilmiş sessiyasında iştirak mümkün olmayıb.
Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycan nümayəndə heyəti, həmçinin UNESCO rəhbərliyi və iştirakçılar tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymət verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev UNESCO-nun sabiq baş direktoru Koicuru Matsuura ilə görüş keçirib. Sabiq baş direktor UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.
***
“Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”nın iştirakçısı olan ölkələrin Baş Assambleyasının 22-ci sessiyası noyabrın 28-də başa çatıb.
Sessiyada UNESCO-nun
Dünya İrs Komitəsinin
yeni tərkibi də müəyyənləşib.
Xatırladaq ki, Dünya
İrs Komitəsi 21 ölkədən ibarətdir.
Son dörd ildə
komitədə təmsil olunan Azərbaycanın
və daha 8 ölkənin (Anqola,
Burkina Faso, Kuba, İndoneziya, Küveyt, Tunis, Tanzaniya, Zimbabve) üzvlük müddəti bitdiyi
üçün 9 yeni
üzv seçilib. Bunlar Misir, Efiopiya,
Mali, Nigeriya, Oman, Tailand, Rusiya, Səudiyyə Ərəbistanı və
Cənubi Afrika Respublikasıdır. Dünya İrs Komitəsinin
qalan 12 üzvü isə
bu ölkələrdir: Avstraliya,
Bəhreyn, Bosniya və Herseqovina,
Braziliya, Çin, Qvatemala, Macarıstan,
Qırğızıstan, Norveç, Sent Kits və Nevis, İspaniya və Uqanda.
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.1;3.