“Nəsimi ili” çərçivəsində
Ölkə başçısının sərəncamı ilə elan edilən “Nəsimi ili” çərçivəsində şəhər və rayonlarda silsilə tədbirlər davam edir.
Qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin nəticələri bəlli olub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxana filialları iştirak edib.
Tədbirdə kitabxananın şöbə müdiri Zemfira Mirzəyeva iştirakçıları salamlayaraq “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Sonra müsabiqə iştirakçılarının ifasında Nəsiminin qəzəlləri dinlənilib.
Münsiflər heyətinin qərarı ilə fəal oxucular Zəhra Bəşirli və Gülmirə Əlizadə I, Ömər Bayramov və Sevda Mirzəyeva II, Nazilə Cavadova və Fidan Ağahüseynli III yerə layiq görülüblər.
Qaliblər fəxri fərman və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı şəhər komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Lerikdə yubiley tədbiri
Noyabrın 27-də Lerik rayon Mədəniyyət Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasovun şairin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib. Bədii qiraətçi Sədrəddin Ağaxanlı şairin “Mərhəba” qəzəlini səsləndirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Nəsiminin yubileyi ilə əlaqədar olaraq Birinci vitse-prezident Mehriban Əliyeva 650 min ağacın əkilməsi təşəbbüsünü irəli sürüb. Bu genişmiqyaslı kampaniya respublikada böyük rəğbətlə qarşılanıb.
Tarixçi Hüseynbala Əliyev, şair-dramaturq Xanlar Həmid və ağsaqqal Qəhrəman Əliyev Nəsiminin söz dünyasından söz açıblar.
Mədəniyyət mərkəzinin musiqi kollektivlərinin, qiraətçilərin və məktəblilərin ifasında Nəsiminin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
“Zərrə mənəm, günəş mənəm”
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində də Nəsiminin 650 illik yubileyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə tədbirdə çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının qayəsini təşkil edir. Nəsimi poeziyası sülhün, tolerantlığın və multikulturalizmin təbliğidir.
Ədəbi-bədii tədbirdə İmadəddin
Nəsimi haqqında çəkilən filmdən fraqmentlər
göstərilib. Sonra “Zərrə mənəm,
günəş mənəm” adlı bədii hissə nümayiş olunub, şairin qəzəllərindən nümunələr
söylənilib.
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.3.