“Ayı”nın sevgisi...

 

 

Çexovun pyesi əsasında eyniadlı tamaşa

 

Tbilisi Dövlət Azərbaycan Dram Teatrı Anton Çexovun “Ayı” pyesi əsasında eyniadlı tamaşa hazırlayıb. Azərbaycan dilində hazırlanan səhnə əsəri Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantomima Teatrında tamaşaçılara təqdim olunub.

Tamaşaya teatrın bədii rəhbəri Turqay Vəlizadə quruluş verib. Səhnə əsərində rolları T.Vəlizadə, Leyla Qasımova və Aida Tağıyeva canlandırıblar.

Səhnə əsərinin əsas süjet xəttini borc məsələsi üzərində qurulan gərgin münasibətlər təşkil edir.

Həyat yoldaşının vəfatından sonra qəm-qüssə içində yaşayan mülkədar Yelena İvanovna Popovanın evinə qəfil Qriqori Stepanoviç Smirnov gəlir. O, Yelenadan vəfat etmiş ərinin ona olan borcunu dərhal qaytarmağı tələb edir. Mülkədar qadın Smirnovdan müəyyən müddət möhlət istəyir, qonağı ədəbsiz, nəzakətsiz və ayı adlandırır. Eyni zamanda, qulluqçu Lukaya qəfil qonağı evdən çıxarmağı əmr edir.

Borc qaytarılmadıqda tərəflər duelə çıxır. Smirnov qadını silahla necə rəftar etməyi öyrədir. Elə bu zaman o, Y.Popovaya sevgi etirafı edir. Qadın Smirnovdan çıxıb getməsini tələb etsə də, sonda onun sevgisini qəbul edir...

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.5.