“Gəncəli
müdrik”, “Məhəbbət-Adam”,
Canlı universitet...
Birincini xalqımız, ikincini almanlar deyib, üçüncünü
bəndəniz deyir – bu şair-alim-pedaqoqa dair
Ömrü uzunu hər şeyin vazehinə varmağa çalışmış
Mirzə Şəfi Vazeh...
Bu adam tək
elə kütləvi məktəblərdən xali
soydaşlarına deyil,
vətənində üç
universitet bitirmiş bir alman şairinə
– Bodenştedtə də
müəllimlik edib.
Bu universitetsiz müəllim
Avropadan gələn o
şair-tələbəyə bütün Şərq aləmini öyrədib, o
isə, bu canlı universiteti bütün Qərbə tanıda-tanıda, özünü
də məşhurlaşdırıb...
Sovet vaxtı
biz şagirdlər bu kişinin “Ədəbiyyat
müntəxəbatı”ndakı şəklini görərkən
(elə sovetin təbliğatı sayəsində)
“motalpapaq” deyib gülüşərdik. Tələbəliyimizdəsə
(daha böyük Mirzəmizin öz “Molla Nəsrəddin”indəki
“aynaya baxmaq” təklifinə əməl
etdikdən sonra), gördük, özümüzə
gülürmüşük...
Sonra öyrəndik
ki, o rəhmətlik bu xalqın milli MİRZƏlik dövranının bünövrəsi
imiş.
Mirzə
Fətəlimizdən 18, Mirzə
Ələkbərimizdən 68, Mirzə Cəlilimizdən
75 il öncə
doğulub, ümummilli
dərd-sərimizi, halət-ovqatımızı
əyan-bəyan etmiş
–
Bu ilk Mirzəmiz –
(əlbəttə, adı bizim, dadı Rusiyanın olmuş Mirzə Kazım bəyi istisna etməklə) bəlli Bodenştedt “tufanından” öncə də məşhurmuş.
Dünyaya gözünü kasıblıqla açıb,
gəncliyini məhrumiyyətlərlə
keçirmiş bu müdrikin ömrünə,
nəhayət, xəfifcə
bir ruzi yeli də əsib.
Belə ki, hərdən ona kömək əli uzadan, Bağdada səfərindəsə bir
sufi dərvişlə
tanış olub, onun fəlsəfi ideyalarının ardıcılına
çevrilən Hacı
Abdulla adlı bir ticarətçi Gəncəyə
qayıtdıqdan sonra,
Mirzə Şəfi üçün irfan işığına da çevrilir...
Böyük Gəncə fəaliyyəti
dövrü ardınca
Tiflisə gedən bu soydaşımızı
orada ikinci böyük mirzəmiz – Mirzə Fətəli Axundzadə, böyük ədəbi sehrbaz Fridrix Bodenştedt və (nəticədə)
Avropa məşhurluğu
gözləyirmiş.
1840-cı ildə Tiflisdəki
qəza məktəbinə
müəllim qəbul
edilib, ömrünün
sonunadək orada işləyən Vazeh azərbaycanlı şagirdlər
üçün “Kitabi-türki”
adlı dərs vəsaiti yazır (birazdan bu kitabdakı
“müdrik deyimlər və təlimatlar” Bodenştedt tərəfindən
mənimsəniləcək və müəllifi göstərilmədən təkrar-təkrar
nəşr ediləcək).
Onun taleyini qarabaqara izləmiş “ədəbi
kabus” – yaşca 25 il kiçik, təhsilcəsə müqayisəyəgəlməz
dərəcədə üstün
olan həmin Bodenştedt Moskvadan Tiflisə xarici dillərin tədrisi üçün gəlibmiş.
Şərq dillərini də
öyrənmək fikrinə
düşən bu “mədəni” yarlıqlı
əcnəbini tale, sən
demə, qəribə
bir oğurluq – poeziya plagiatlığı
üçün də
gətiribmiş. Maraqlıdır ki, bu oğurluq
bizim bir sıra istedad və qabiliyyət doğruluğumuzu da üzə çıxaracaqmış.
Bəli,
Bodenştedtin sonralar yazacağı “Xatirələr”i
bizim dilimizin, “kustar” dilçilərimizin,
böyük şairlərimizin
çox “dərəceyi-mərtəbə”
və mətləblərindən
xəbər verir: “O zaman mən Şərq dillərini öyrənmək istədim
və tatar (türk) dilindən başladım. Çünki bu dil Qafqazda
müxtəlif millətlərdən
olan insanlarla ünsiyyət üçün
vacib sayılır.
Bu dili bilən
hər kəs hər yerdə rus dilini bilmədən
də baş çıxara bilir”.
Sonralar öz plagiatlığı
ilə bütün dünyanı heyrətləndirəcək
Bodenştedt hələ
qəlbinə şeytan
girməmişdən öncə
yazdığı həmin
“Xatirələr”ində belə
də heyrətlənəcəkdi:
“Mən hələ onun dil dərslərinə
kitab gətirdiyini görməmişdim. O, diktə
etdiyi və sitat gətirdiklərinin hamısını yaddaşından
nəql edirdi!...”
Bu tədris üsulunun gücü ilə Bodenştedt Azərbaycan və fars
poeziyasının gözəlliklərini
incəliklərinə qədər
mənimsəyir. Bundan
çox məmnun olan sadədil (dədə-baba mentalitetli)
Mirzə Şəfi isə öz “Hikmət açarı” kitabını (başqa sözlə, müəlliflik
haqqını) ona bağışlayır...
...Həmin tarixədək heç bir tərcümə və ya orijinal əsər
“müəllifliyindən” bu
qədər şan-şöhrət
qazanmamış Bodenştedtin
bu “kitabı” (naşirin təklifilə)
“Mirzə Şəfi nəğmələri” adıya
təkrar (və az müddət ərzində fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə) nəşr
edilir.
Bu uğurlar sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək
eşqinə salacaq (guya bu şərqli
obrazı onun canına-qanına o qədər
hopubmuş ki, bir vaxtlar “öz
şeirlərini belə
“Mirzə Şəfi”
adı ilə imzalayıbmış”), həqiqətlərdən
xəbərsiz alman şərqşünaslığısa, bu etiraf-bəyanatı qeyd-şərtsiz qəbul
edəcək...
Bəli...
1845-də Almaniyaya qayıdan
Bodenştedt “Şərqdə
1001 gün” adlı kitab yazır. Hələ
“Məhəbbət-Adam”ın “məsum” tələbəsi
ikən müəllimindən
tərcümə etdiyi
şeirləri də daxil etdiyi həmin
kitabında buyururdu: “Ey gəncəli müdrik Mirzə Şəfi! Sənin sözlərin həqiqət
oldu; nəğmələrin
bizim qız-gəlinlərin
də ürəklərində
özünə yuva tapdı. Sənin adın Qərb
dünyasında da şərəflə səsləndi”.
Bu məqamda, nəğmələri
Avropa qız-gəlinlərinin
ürəklərində yuva
tapan bu şairin Şərqanə
sevgilərindən üç
beytlik nümunə:
Nə qədər kim,
fələyin sabitü
səyyarəsi var,
Ol qədər
sinədə qəmzən
oxunun yarəsi var.
Ruzigarı tirə, daim ki şəbi tar keçər,
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.
Necə
xun cuşə gəlib, eyləməsin ahü-fəğan -
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!
Bodenştedtin, sözün hər
iki mənasında, maraqlı “Xatirələr”inin
yazı tərzindən
bu da bəlli
olur ki, onların münasibətləri
müəllim-şagird əndazəsindən
daha ali
imiş. “Bir gün soruşdu: - Mirzə Şəfi, heç sevmisizmi? O, bu dəfə sualımı nəzm qarışıq deyil, tamamilə nəsri cavablandırdı: - …Heç
bilmirəm, sənə
onun zülmət gecəyə bənzər,
lakin ulduzlar kimi parlaq gözlərindənmi,
yoxsa zərif qədd-qamətindənmi, qar
kimi ağ, incə əllərindənmi,
buruq-buruq dolaşıb
gərdəninə tökülmüş
uzun hörüklərindənmi
danışım, yoxsa,
Şiraz çiçəkləri
kimi ətirli nəfəsindənmi söz
açım?...”
Səni
qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
Tulla gəl çadranı... görünsün üzün,
Gül də gizlədərmi de, bağda
özün?
Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək...
Dünya şöhrətli şairləri az olmayan xariclərdə təkrar-təkrar (tək elə Almaniyada 100-dən çox) nəşr olunmasıyla fəxr etdiyimiz “Mirzə Şəfi nəğmələri”nin, nəhayət, öz vətənində də (prof. X.Yusiflinin təqdimatı və “Ön söz”üylə) “Kitabi-türki” və “Bütün əsərləri” ilə birlikdə nəşr və qeyd edilməsinin fərqindəyik. Əlbəttə, şad-xürrəmanəliklə...
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.6.