Maarif tariximizin saxlanc yeri

 

 

Azərbaycanın tarixi inkişaf yolunun ən mühüm istiqamətlərindən birini təhsil təşkil edir.

Respublikamızın muzeyləri arasında Azərbaycan təhsilinin tarixini yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili Muzeyinin özünəməxsus yeri var. Paytaxtımızda fəaliyyət göstərən muzeylər silsiləsindən növbəti yazıda bu barədə söhbət açacağıq.

Xalq Təhsili Muzeyi Azərbaycan Xalq Komissarları Sovetinin 27 aprel 1932-ci il tarixli qərarına əsasən, 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılıb. Əvvəllər muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin evində yerləşib, 2008-ci ildən indiki ünvanında (Xətai prospekti, 49) fəaliyyətini davam etdirir.

 

Tarixə ekskurs

 

Bu günlərdə zəngin ekspozisiyası ilə tanış olmaq üçün muzeyə baş çəkdik. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Bayramova bildirdi ki, kompleksin ekspozisiyası altı salonda yerləşdirilib. Birinci salonda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, ölkəmizdə XVIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid “Qurani-Kərim” saxlanılır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəbqabılar, “Qurani-Kərim”in saxlandığı qab, görkəmli maarif xadimi Məhəmməd Tağı Sidqinin 1894-cü ildə Naxçıvan şəhərində təşkil etdiyi “Tərbiyə” məktəbindən xatirə qalmış qələmdan nümayiş etdirilir.

İkinci salon XIX əsrin sonu – XX əsrin əvvəlləri, üçüncü salon 1918-40-cı illərin təhsilini, IV salon isə aliorta ixtisas təhsilinin inkişafını izləmək üçün maraqlı eksponatlarla zəngindir. Muzeyin beşinci salonu 1941-45, 1946-80-ci illərdə uşaq evləri, internat məktəblərinin yaranması və inkişafı, ümumi təhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.

Muzeyin ən böyük guşəsi hesab olunan altıncı salon müstəqillik illərində Azərbaycanda təhsilin inkişafına həsr olunub. Salonda ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına diqqət və qayğısını əks etdirən guşə ilə, Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatların nəticələri ilə tanış olmaq mümkündür. Həmçinin Heydər Əliyev Fondunun təhsilə göstərdiyi qayğını təcəssüm etdirən materiallar da nümayiş etdirilir. Burada eyni zamanda müstəqillik illərində bütövlükdə Azərbaycan təhsil sisteminin fəaliyyətini göz önünə gətirən sənəd və materiallar, statistik məlumatlar, nəşr nümunələri, yeni dərsliklər, maketlər və digər eksponatlar saxlanılır. Ziyarətçilər bu bölmədə pedaqoji kadrlara göstərilən qayğıya və Azərbaycan müəllimlərinin XI-XIII qurultaylarına dair materiallarla tanış ola bilərlər. Məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin mənəvi-estetik tərbiyəsinə həsr edilən guşədəki vitrinlərdə onların hazırladıqları müxtəlif əl işləri də maraq doğurur.

Direktor deyir ki, muzeyin ekspozisiyası ziyarətçilər tərəfindən maraqla qarşılanır. Respublikamızın ümumtəhsil, texniki peşə məktəblərinin şagirdləri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri müntəzəm olaraq muzeyə ekskursiyaya gəlirlər. Müxtəlif vaxtlarda Azərbaycana gələn ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin elm, mədəniyyət xadimləri, rəsmiləri, İSESCO-nun baş direktoru, Avropa Şurasının, ölkəmizdəki diplomatik korpusun nümayəndələri muzeyi ziyarət ediblər.

 

30 min eksponat

 

Lalə Bayramova vurğuladı ki, fəaliyyətdə olduğu illər ərzində muzey kollektivinin səyi nəticəsində xalq maarifinin inkişafına dair çox zəngin materiallar muzey fondunda toplanaraq sistemə salınıb: “Hazırda əsas fondda 30 mindən artıq eksponat varonlardan 2000-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Toplanmış hər bir sənəd, materialeksponat haqqında məlumatlar muzey fondunun xüsusi qeydiyyat kitabına salınıb və müvafiq şəraitdə qorunub saxlanılır. Muzeyin fond və kitabxanasında minlərlə sənəd, neqativ, fotoşəkil, dərslik və metodiki ədəbiyyat, nadir biblioqrafik ədəbiyyatlar mövcuddur. Fondkitabxana materiallarından pedaqoji fikirmaarifçilik tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, kinematoqraflar, eləcə də digər mütəxəssislər istifadə edirlər”.

 

Sərhədləri aşan təcrübə

 

Həmsöhbətimizdən onu da öyrəndik ki, 1962-1997-ci illərdə Xalq Təhsili Muzeyində valideynlər üçün “Ailə və məktəb”, yuxarı sinif şagirdləri üçün isə “Hər şeyi bilmək istəyirəm” şüarlı pedaqoji bilikləri yayanXalq universiteti” fəaliyyət göstərib. Bu qurum apardığı işə görə keçmiş ittifaq miqyasında təşkil edilən baxışlarda dəfələrlə təltif olunub. Muzeyin təcrübəsi əsasında 1986-cı ildə Bolqarıstanın Qabrovo şəhərində Milli Təhsil Muzeyi yaradılıb.

P.S. Həftənin beş günü muzeyin qapıları ziyarətçilərin üzünə açıqdır. Azərbaycan təhsilinin keçmişinə ekskurs etmək istəsəniz, ünvanı yazının əvvəlində qeyd etmişik.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.1;6.