Bakı bizim üçün həmişə musiqili şəhər obrazında olub
Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına muğam ansamblı noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdi.
Konsertdən əvvəl Kainat Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə çıxış edərək Bakıda səfərdə olan ansamblı salamladı və diqqətə çatdırdı ki, 40 nəfərdən artıq üzvdən ibarət kollektivin Bakıda ilk çıxışı iki qardaş ölkə üçün əlamətdar mədəni hadisələrdən sayılır. Vurğuladı ki, ötən illər ərzində Özbəkistanda keçirilən muğam festivallarında Azərbaycan muğam ifaçılığı məktəbinin nümayəndələri hər zaman yüksək nailiyyətlər qazanıb, eləcə də Bakıda Muğam aləmi Beynəlxalq Muğam Festivalında özbək musiqiçilər uğurla çıxış ediblər. Kainat Gənclik Mərkəzinin layihəsi üzrə təşkil edilən beynəlxalq yarışmalarda Uşaq muğam festivalında, İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsində Özbəkistan musiqiçilərinin iştirakı hər zaman maraqla qarşılanıb.
Sonra konsert proqramı təqdim edildi. Özbəkistanın Xalq artisti Hoşimcon
İsmayılovun bədii
rəhbərliyi və
Abdurəhman Xoltaciyevin
musiqi rəhbərliyi
ilə ansamblın solistləri Xalq artisti Abdunabi İbrahimov, əməkdar
artistlər Gülbahar
Erkulova, xanəndələr
Sərdarbəy Qafurbəyov,
Ədalət İsmayılovanın
və gənc xanəndələrin ifasında
Aşıq Qərib
dastanından parçalar,
muğam parçaları,
özbək xalq mahnıları, Əlişir
Nəvainin qəzəllərindən
ibarət kompozisiyalar tamaşaçılar tərəfindən
böyük maraqla qarşılandı. Konsert eyni
zamanda özbək muğam (makom) sənəti ilə Azərbaycan muğam sənəti arasında oxşar və fərqli cəhətləri
nümayiş etdirirdi.
Özbəkistanın Əməkdar artisti, xanəndə Gülbahar Erkulovanın Bakı təəssüratlarını öyrəndik.
- Azərbaycan muğam sənətinin əsas məkanlarından birində
özbək muğamını
təqdim etmək hansı hissləri yaradır ?
- İlk növbədə demək istərdim ki, 10 il
əvvəl Azərbaycana
səfər etmişdim.
Bu gün isə
yenidən Bakıdayam
və konsert verəcəyimiz bu mərkəzlə bərabər
ümumilikdə çox
gözəl memarlıq
nümunələri, muzey,
teatr-konsert salonlarını
tanımaq məndə
çox xoş təəssürat yaratdı.
Bakı bizim üçün həmişə musiqili şəhər obrazında
olub. Biz hələ sovetlər dönəmindən incəsənətlə
bağlı bu şəhərlə sıx
əlaqədə olmuşuq.
Özbəkistanda milli musiqi sahəsində ifa edən elə bir müğənni yoxdur ki, Azərbaycanın
Xalq artisti Zeynəb Xanlarovanın repertuarından heç olmasa bir mahnı
bilməsin, ifa etməsin. Özüm də onun yaradıcılığını çox sevirəm.
- Bu gün böyük bir heyətlə burada iştirak edirsiniz...
- Bəli, Özbəkistan Milli Muğam İncəsənət Mərkəzinin
Yunus Rəcəbi adına ansamblının
40 nəfərdən artıq
heyəti Bakıya gəlib. Bu ansambl
Bakıda ilk dəfə
çıxış edir.
Ölkə rəhbərimiz 2017-ci ildə şaşmakom sənətinin türkdilli
dövlətlərdə inkişafı
və təbliği ilə bağlı sərəncam verib. Bu sərəncama əsasən, bizim bu gün ilk tədbirimiz reallaşır.
Çox
şadıq ki, ilk tədbir Azərbaycanda keçirilir. Çünki bura muğamın vətəni, muğam sənətinin beşiyi sayılır. Azərbaycanda muğam sənəti ilə bağlı müxtəlif festival və
konfranslar keçirilir.
Bizim şagird və tələbələr bu tədbirlərdə iştirak
edirlər. Eyni zamanda
qarşılıqlı olaraq
Azərbaycan muğam ifaçıları mütəmadi
şəkildə Səmərqənddə
təşkil edilən
Şərq təranələri
festivalında hər dəfə yüksək uğurları ilə yadda qalıblar. Mən bir xanəndə kimi çox sevinirəm ki, bizim qarşılıqlı
əlaqələrimiz davam
edir.
- Bakı konsertinin repertuarında hansı özəlliklər var?
- Bakıya özəl proqramla gəldik. Əlbəttə, çox istərdik
ki, proqrama yalnız muğamları daxil edək. Lakin bu, ilk görüşümüz
olduğu üçün
özbək xalq mahnıları, muğamlardan
parçalar, türkdilli
xalqların ortaq mədəniyyəti sayılan
opera əsərlərindən nümunələrlə çıxış
edəcəyik. Mənim ifamda
isə tamaşaçılar
Aşıq Qərib
dastanından bir parçanı da dinləmək imkanı qazanacaqlar.
- Azərbaycan muğam ifaçıları ilə
birgə duet oxumaq istərdinizmi?
- Əlbəttə. Amma
bu hələ ki, zamanın işidir. Azərbaycanda bu gün də sevə-sevə dinlədiyim xanəndələr
var. Xalq artistləriniz
Simarə İmanova, Alim Qasımov, xanəndə Hüseyn Məlikov və digərləri. Türkiyədə dəfələrlə səfərdə
olmuşam. Bu səfərlər zamanı
azərbaycanlı ifaçı,
çox vətənpərvər
bir xanım kimi tanıdığım
Azərinlə türk
televiziya kanallarında
tez-tez rastlaşırıq.
Bundan əlavə, Azərin xanımın vasitəsilə
tanıdığım Brilliant Dadaşovanın ifalarını
çox sevirəm.
- Özbəkistanda Azərbaycan
musiqilərini çox
sevirlər...
- Bu həmişə belə olub. Əfsuslar olsun ki, son dövrlərdə
estrada janrına,
elə bizdə də sizdə də yüngül musiqilərə gənclərin
marağı daha çoxdur. Yenə də öz
millətini, xalqını
sevən hər bir kəsin qəlbində mütləq
bir muğam və milli musiqi
telləri var. Çünki
laylalarımız, ən
xoş günümüzün
musiqiləri məhz muğam və milli musiqi ladlarımız
üzərindədir.
Söhbətin sonunda Gülbahar
xanım bizim üçün canlı olaraq Arşın mal alan operettasından,
eləcə də Zeynəb Xanlarovanın repertuarından mahnı parçalarını qısa
şəkildə ifa edərək bir daha Azərbaycan xalqına və musiqiçilərinə sevgilərini
çatdırmağımızı xahiş etdi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 29
noyabr.- S.1;7.