“Musiqi bayramının
final konsertini idarə
etməkdən qürur duyuram”
Konsert proqramından əvvəl gənc
dirijor Mustafa Mehmandarov festivalla
bağlı təəssüratlarını bizimlə bölüşdü:
- Festivalın final notlarını
səsləndirmək. Bu, necə bir duyğudur?
- Çox şadam və qürur hissi ilə demək istəyirəm ki, dahi Üzeyir
bəyin adını daşıyan və artıq 11-ci dəfə keçirilən beynəlxalq
musiqi festivalının
bağlanış mərasimində
iştirak edirəm. Bildiyiniz kimi, son illərdə musiqi mədəniyyətimizdə
böyük layihələr
icra olunur, unudulmaz hadisələr yaşanır. Builki festivalın
da çox zəngin proqramı vardı. Müxtəlif ölkələrdən tanınmış, peşəkar
musiqiçilər öz
ifaları ilə Azərbaycan dinləyicilərinə
zövq verdilər.
Hesab edirəm ki, bu, çox önəmli və vacib bir missiyadır.
Fürsətdən istifadə edib
bu yüksək təşkilatçılığa görə Heydər Əliyev Fonduna və Mədəniyyət
Nazirliyinə öz minnətdarlığımı bildirirəm.
- Bugünkü musiqi gecəsinin özəlliyi
nədir?
- Bu gün opera musiqisi axşamıdır. “Tembr. Kainat. Opera” adlı
konsertdə Rusiya, Gürcüstan və Özbəkistandan solistlərlə
yanaşı, yerli vokalçılar da çıxış edəcək.
Konsert boyu tamaşaçılar
onların gözəl
ifalarını eşitmək
imkanı qazanacaqlar.
Proqrama həm dünya, həm də Azərbaycan bəstəkarlarının
operalarından ariyalar
daxildir. Eləcə də
Avropa bəstəkarlarının
simfonik əsərləri
səslənəcək.
- Üzeyir bəyin adını daşıyan
orkestrlə çıxışınız
sizdə hansı hissləri yaradır?
- Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri gələn il 100 illiyini qeyd edəcək. Bu, sıradan bir
rəqəm deyil, çox böyük bir tarixi hadisəni
özündə cəm
edir. Çünki bizim orkestr müsəlman Şərqində
yaranan ilk simfonik orkestrdir. 1920-ci ildə yaradılan kollektiv bu gün
də öz fəaliyyətini uğurla
davam etdirir. Bu kollektivin bir
hissəsi olmaqdan şərəf duyuram.
- Siz həm də
TÜRKSOY-un Gənclər Kamera
Orkestrinin qonaq dirijoru kimi çıxış
edirsiniz...
-
TÜRKSOY-un Gənclər Kamera
Orkestri ilə əməkdaşlığım 2010-cu ildən başlayıb. İlk olaraq 3 il müddətində
skripkaçı kimi fəaliyyət göstərdim.
2016-cı ildən etibarən orkestrin baş qonaq dirijoruyam.
Sentyabrın 9-da TÜRKSOY-un Gənclər
Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etdi.
Əfsus
ki, Bakı konsertində iştirak edə bilmədim. Çünki Vyanada konsert
proqramım planlaşdırılmışdı.
Amma bildiyim qədər, konsert uğurla keçib. Mən bu kollektivə
uğurlar arzu edir və yenidən
Bakıda görməyi
arzulayıram.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.2.