“Hər uşağın nağıl
payı”
Brayl əlifbası və jest dili ilə nəşr
olunmuş kitabların təqdimatı keçirilib
VI
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında gerçəkləşən təqdimatlardan biri də
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının “Hər uşağın nağıl
payı” adlı layihəsi üzrə Brayl əlifbası ilə
nəşr edilmiş və jest dili ilə mp4 formatda tərcümə
olunaraq çap olunmuş elektron kitablarla bağlı idi.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları salamlayaraq qeyd etdi ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Respublika Uşaq Kitabxanası və “Araxçın” MMC-nin birgə təşkilatçılığı ilə 11 adda uşaq ədəbiyyatı Brayl dilinə, 10 adda uşaq ədəbiyyatı isə jest dilinə tərcümə olunaraq balaca oxucuların ixtiyarına verilib. Direktor layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi, gələcəkdə bu cür layihələrin davam etdiriləcəyini dedi.
“Araxçın” MMC-nin surdo-tərcüməçi və təlimçisi Şamil Sabirzadə bildirdi ki, layihə fiziki qüsurlu (görmə və danışma əngəlli) uşaqların kitaba olan marağını artırmaq üçün böyük əhəmiyyət kəsb edir: “Uşaqlarımızın fiziki qüsurlu olması onların kitab oxumasına heç bir əngəl yaratmamalıdır. Bizim də əsas məqsədimiz budur ki, onlar da bizlər kimi rahat şəkildə kitablardan faydalansınlar”.
Daha sonra çıxış edən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, uşaqların maarifləndirilməsi zəruridir.
Təhsil Nazirliyinin Deinstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva bütün tədbir iştirakçılarına layihəyə göstərdikləri diqqət üçün minnətdarlığını bildirdi.
Tədbirin sonunda layihədə iştirak etmiş məktəblərə nəşr olunmuş kitablar hədiyyə edildi.
NURƏDDİN
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.4.