“İlmə əyləncəli əlifba”

 

 

 

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günündə (28 sentyabr) keçirilən təqdimatlardan biri uşaq yazıçısı Solmaz Amanovanın “İlmə-əyləncəli əlifba”, “İlmə oyunu. İrsimizin ilk əlifbası” kitablarının elektron versiyasına həsr olunmuşdu.

“İRS” Mədəni Təhsil Mərkəzinin nəşri olan kitablar balaca oxucuların sevərək oxuyacaqları nağılları, riyazi hesablamaları, əyləncəni, düşüncəni, adət-ənənəni özündə cəmləşdirib. Kitabların elektron versiyası Təhsil Nazirliyinin razılığı əsasında ərsəyə gəlib. Kitablar təhsildə inkişafinnovasiyalar üzrə üçüncü qrant müsabiqəsinin qalibi olan R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin “İKT-İRS” layihəsi əsasında hazırlanıb.

S.Amanova kitabların elektron versiyalarının balaca oxucuların marağına səbəb olacağını diqqətə çatdırdı. Bildirdi ki, elektron versiyaları pley-market vasitəsilə telefonlara yükləmək olar. Burada uşaqlar həm əylənə, həm müxtəlif yarışlarda yaxından iştirak edə bilərlər. 39 saylı tam orta məktəbin direktoru Tahirə Şükürova da layihənin balacalar üçün əhəmiyyətini qeyd etdi.

Sonra tədbirdə iştirak edən balaca məktəblilər interaktiv lövhə vasitəsilə əyləncəli oyunda bacarıq və biliklərini nümayiş etdirdilər.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.7.