Yeni həyat verilən nəşrlər

 

 

Sentyabrın 29-da VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş uşaq kitablarının təqdimatı keçirildi.

Tədbiri Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov açaraq “Bərpanəşr” layihəsi üzrə işıq üzü görən kitabların əhəmiyyətindən danışdı. Qeyd etdi ki, nümayiş olunan nəşrlər ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə çap olunan və kitabxananın “qızıl fondunda saxlanılan kitablardır. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışlarının daha yaxşı formalaşması üçün xüsusi önəm kəsb edir.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan kitablar haqqında geniş məlumat verdi. O, layihənin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə görülən işlərin davamlı olacağını qeyd etdi.

Bildirildi ki, nazirliyin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi kitabxanalarda bir nüsxəsi qalmış nadir kitabların yenidən oxuculara təqdim olunmasında mühüm rol oynayır. 2016-cı ildən bu günə qədər layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb. Onların bir neçəsi Türkiyədə “Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi-yarmarkada isə layihə üzrə işıq üzü görən 11 adda uşaq kitabı təqdim olunur.

Sonra tədbir iştirakçıları təqdim edilən nəşrlərlə tanış oldular.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.5.