“Qızıl kəlmə” ədəbi mükafatının qalibləri ilə görüş

 

 

Sentyabrın 29-u – VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının üçüncü günü də Bakı İdman Sarayında müxtəlif təqdimat və görüşlərlə yadda qaldı.

Sərgi-yarmarka çərçivəsində “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri ilə görüş keçirildi.

Görüşdə şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli çıxış edərək “Qızıl kəlmə” ədəbi mükafatının Azərbaycanın mədəni və ədəbi həyatında mühüm yeri olduğunu vurğuladı. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-cu ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yenigeniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədi daşıyır.

Vurğulandı ki, bu mükafata layiq görülən əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir.

Daha sonra çıxış edən uşaq yazıçısı Reyhan Yusifqızı, ədəbiyyatşünas Yaqub Babayev bugünkü ədəbi prosesdən, ədəbiyyata olan marağın artırılmasının vacibliyindən bəhs etdilər. Müstəqil ölkə kimi Azərbaycanda ədəbiyyatın inkişafına geniş meydan açıldığı vurğulandı, dövlət tərəfindən ədəbiyyat sahəsinə və bədii yaradıcılığa göstərilən diqqətdən bəhs edildi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl kəlmə” ədəbi mükafatı müsabiqəsini keçirir. Müsabiqədə müxtəlif nominasiyalar (nəsr, poeziya, tərcümə və s.) üzrə mükafatlar təqdim edilir.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.5.